1990-cı illərdə Birinci Vətən Müharibəsində itirdiyimiz torpaqlarımızı 30 il sonra-2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında bitən 44 günlük İkinci Vətən Müharibəsində düşməndən geri alıb Zəfər qazandıq. Müharibə bitdi. Bu dəfə isə xislətsiz ermənilərin azərbaycanlılara qarşı yeni miharibəsi başlandı: mina müharibəsi. Məğlubiyyətlərindən iki ildən artıq müddət keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin ya olmadığını iddia etdilər, ya da görəndə ki, bu xəritələri üzə çıxarmaqdan başqa çarələri qalmayıb saxta xəritələr təqdim etdilər. Lakin hələ də işğaldan azad edilən ərazilərimiz var ki, onların xəritələri barədə ermənilər söhbət belə etmək istəmir.
Nəticə isə budur ki, müharibə bitib, lakin onun bəlaları bitməyib. Qarabağda hazırda mina müharibəsi davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb həyatını itirənlər yüzlərlədir.
Vətən Müharibəsindən sonra ümumilikdə 267 nəfərin minaya düşməsi ermənilərin azərbaycanlılara qarşı yeni müharibəyə başlamalarını sübut edən ciddi faktdır. Onlardan 119 nəfər mülki şəxs, 148 nəfər isə hərbi qulluqçudur. Mina partlaması nəticəsində 44 nəfər həlak olub və bu hadisə sülh dövründə baş verib. Yəni, faktiki işğal bitsə də, mina qurbanlarının sayı artır. Üstəlik, tapılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Azərbaycanın işğaldan azad edilmiş rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır. “Qafqazın Xirosiması” adlandırılan Ağdamda 97 min mina aşkar edilib.
Minalanmış ərazilər: Azərbaycana qarşı terror siyasəti
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) proqnozlarına görə, ölkəmiz tərəfindən aparılan işlərin intensivliyinə baxmayaraq, bəzi rayonların təmizlənməsi on ilə qədər vaxt apara bilər. Minatəmizləmə işləri böyük vaxt və vəsait tələb edir və Azərbaycan işğaldan azad edilmiş əraziləri tez bir zamanda təmizləməyə çalışır.
Birinci Vətən Müharibəsindən İkinci Vətən müharibəsinədək olan 30 illik zaman kəsiyində dünyanın bütün beynəlxalq təşkilatları susdu. Bizin dünya ilə bir olan səsimizi eşitmədilər. Haqq səsimizə səs vermədilər. Torpaqlarımızın işğalı, minlərlə soydaşımızın ev-eşiyindən didərgin düşməsi, insan hüquqlarının vəhşicəsinə pozulması ilə barışdılar. Susdular. Sanki erməni adlı nankor torpaqlarımızı işğal etməkdə, minlərlə azərbaycanlını qətlə yetirməkdə, insanları evlərindən zorla çıxarmaqda, onların mal-mülkünü talan etməkdə, şəhadətə yetən soydaşlarımızın meyitlərinə işgəncə verməkdə haqlı imiş. Əzəli dədə-baba torpaqlarımızda daşı daş üstə qoymamaqda, mədəni-tarixi abidələrimizi dağıtmaqda, məscidlərimizi təhqir etməkdə, sərvətlərimizi talayıb dünya bazarlarına çıxarmaqda sanki haqlı imiş.
Bu məsələdə beynəlxalq ictimaiyyətin köməyi lazımdır. Bəzi ölkələr yardım ediblər. Lakin hələ də susmağa davam edənlər var. 44 günlük Vətən müharibəsində ermənilərin dinc əhalinin yaşadığı əraziləri nəhəng artilleriyalardan atəşə tutmasına, evləri-həyətləri dağıtmasına, insanların ömrünü sonlandırmasına, Gəncəyə atdıqları raketlə neçə-neçə uşağın ölməsinə, valideynlərini itirməsinə, dağıntılara səbəb olmasına susduqları kimi, artıq iki ildən artıqdır, düşmənin minalanmış ərazilərin xəritəsini verməli olduğu halda verməməsinə də susanlar var.
Bu isə müharibədən ötən dövr ərzində dəfələrlə insanların minaya düşərək həyatını itirməsinə səbəb olub. Yuxarıda açıqladığımız statistika müharibənin bitməsinə baxmayaraq hələ də vətəndaşlarımızı itirdiyimizin göstəricisidir. Onların minaya düşərək vəfat etməsi və müxtəlif bədən xəsarəti alması ermənilərin Azərbaycana qarşı terror siyasətinin davamıdır. Bütün bunlar isə Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir. Lakin onlar bunu etmir, dünya da bu qədər insan ölümünə susur, susur...
Xəritələrin təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir
Azərbaycanın israrlı çağırışlarından sonra ATƏT-in, ABŞ, Rusiya, Avropa İttifaqı və Gürcüstanın vasitəçiliyi ilə erməni əsirlərinin qaytarılması müqabilində minalanmış ərazilərin xəritələri təqdim olunub. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, təqdim olunan xəritələrin dəqiqliyi 25 faiz uyğun gəlir. Təbii ki, bu xəritələrə Laçın və Kəlbəcərdən geri çəkilən Ermənistan silahlı bölmələrinin həyata keçirdiyi kütləvi minalama daxil deyil.
2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza demişdi: “Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq”.
Həmin çağırışdan bir ildən artıq vaxt keçsə də, lakin hələ də Minsk qrupu, Avropa İttifaqı bu insan itkilərinə reaksiyasız şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Elə bu səbəbdən də artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq, deyən dövlətimizin başçısı fikrini belə tamamlamışdır: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
Ermənistanın mövqeyi hərbi və mülki şəxslərin həyatı üçün təhlükədir
Cenevrə Konvensiyasına və beynəlxalq protokollara görə tərəflər minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidirlər. Ermənistan isə beynəlxalq sənədlərə, dövlətinin rəsmisinin imzaladığı kapitulyasiya aktına zidd olaraq xəritələri hələ də Azərbaycana təqdim etmək fikrində deyil. Hələ üstəlik həyasızcasına bu xəritələrin, ümumiyyətlə, olmadığını da iddia edirlər. Lakin bu, onların növbəti yalanı, məğlubiyyətlərinin acısından gizlətdikləri, əslində isə var olan xəritələrdir.
Birinci Vətən Müharibəsindən sonra 2000 nəfərdən çox soydaşımız mina qurbanı olmuşdur. Bu gün azad etdiyiniz torpaqlarımızın isə təqribən 13 kvadratkilometri minalarla əhatə olunmuşdur. Bu ərazilərdə dəfələrlə bədbəxt hadisələrin baş verməsi minalanmış ərazilərin xəritəsinin olmaması səbəbindəndir. Odur ki, mina qurbanı olan soydaşlarımızın sayı 3000-ə yaxınlaşır.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin iki il öncə Kəlbəcərdə baş verən hadisə ilə bağlı verdikləri birgə məlumatda bildirilirdi ki, bu ərazidəki minalar Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.
Məlumatda qeyd olunurdu ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.
Onu da qeyd edək ki, müharibədən sonra imzalanan bəyanata əsasən düşmənə Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmaq üçün vaxt veriləndə onlar bu vaxtdan da istifadə edib həmin ərazilərə minalar basdırıblar. İnsanların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Deməli, ermənilər hüquq qarşısında cavab verməli, yüzlərlə insanın həyatını itirməsinin səbəbkarı kimi cinayətə cəlb olunmalıdırlar. Həmçinin də beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq öhdəlikləri pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamalıdır. Çünki onların bu hərəkəti tək azərbaycanlılara deyil, dünya ictimaiyyətinə, insan amilinə qarşı törədilən cinayətdir. Bu vəhşilik qarşısında dünyanın hələ də susması isə maraq doğurur. Belə nəticə hasil olur ki, bəzi dairələr regionda sülhün bərqərar olmamasında maraqlıdırlar.
Müharibə bitib, mina müharibəsi isə davam edir
Müharibə elə dəhşətli bir hadisədir ki, başlayır, bitir, lakin onun bəlaları bitmir ki, bitmir. Bu, tək bizdə deyil, dünya ölkələrinin bir-biriləri arasında apardıqları müharibələrdə də eynidir. İnsanlar uzun illər bu bəlaların acısını yaşamaq məcburiyyətində qalırlar. Uzun illər itirdikləri övladlarının, gözü önündə bir ömürlük şikəst qalan balalarının acısını çəkirlər. Daha sonra dağılıb viranə olanlar bərpa edilir. Həmin ərazilərə həyat gəlincə insan övladı bir neçə nəsil dəyişir. Ömürlər bitir, lakin müharibənin vurduğu zərərlər çox gec aradan qaldırılır.
Hər dəfə şəhidlərimizi xatırlayanda, qazilərimizi görəndə, onlarla söhbət edəndə, soydaşlarımızın öz doğma torpaqlarımızda minaların qurbanı olduğunu eşidəndə müharibənin nə qədər böyük fəlakətlər gətirdiyi, bitəndən sonra da bəlalarının bitmədiyi fikirləri düşüncələrimizdə yenilənir. Budur, artıq iki ildən artıqdır ki, ölkəmizdə müharibə başa çatıb. Bu gün azad olunmuş torpaqlarımızda qızğın bərpa işləri həyata keçirilir. Ona görə ki, 30 il köçkün, qaçqın, didərgin kimi yaşayan insanlar öz doğma ev-eşiklərinə qayıda bilsinlər. Azad torpaqlarımız işıqlandırılır. Elektrik enerjisi stansiyaları qurulur, yollar çəkilir, körpülər salınır, su anbarları tikilir. Ən maraqlısı isə budur ki, bu torpaqlarda üç hava limanı tikilir. Elə düşməni də narahat edən görülən bu işlərdir. Onlar xəritələri verməməklə bizim üçün çətinliklər yaratmaq, insanların köçməsini ləngitmək xülyasındadırlar. Lakin azad torpaqlarda müharibə bitəndən dərhal sonra başlanan işlər elə o torpaqların sakinlərinin evlərinə tez qayıtmasına xidmət edir. Düşmən nə edir etsin, bu qayıdışı ləngidə bilməyəcək.
Bu terrorçu dövlətin xislətinə biz qonşu olaraq illərdir ki, bələdik. Yalançı, ikiüzlü, verdiyi sözün arxasında dayana bilməyən bu varlıqlar zamanın bütün dönəmlərində bu xalqı narahat etməyə, isti aşına su çiləməyə çalışıblar. Lakin biz də onları zaman-zaman tanımışıq. Hansı xislətdə olduqlarına bələd olmuşuq. Bütün bunlara görə də onlarla özlərinə layiq şəkildə davranmaqdan başqa çarə yoxdur.
Bu gün torpaqlarımızın azad olunması ilə region dövlətlərin hər biri üçün yeni qapılar aşılır. Düşmən hər vəchlə o qapıları bağlamaq, birgə əməkdaşlığa, dostluq münasibətlərinə kölgə salmaq istəyir. Hansı ki, bu çirkin hərəkətləri ilə özü də onun üçün açılan geniş imkanlardan kənarda qalır. Lakin onun istəklərindən asılı olmayaraq Azərbaycan istədiyinə nail olur və olacaq. Çünki bu torpaqlar bizim əzəli torpaqlarımızdır, onlardan necə istifadə etmək isə öz məsləhətimizdir. Gizlədib ortaya çıxarmadıqları xəritələrsiz də bu torpaqlar minadan təmizlənəcək, Qarabağda yeni həyat başlayacaq.
ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayır. Son açıqlama fevralın 13-dən 18-dək olan məlumatdır. Məlumata əsasən, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 34 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 681 hektar ərazinin mina və PHS-lərdən təmizləndiyi bildirilib.
30 ildə düşmən dayanmadaqn-durmadan torpaqlarımıza minalar basdırıb. Qarabağda minatəmizləmə işləri davam edir. Əzəli və əbədi yurd yerlərimizdə bu işlər uzun illər həyata keçirilməli olsa da, lakin əsas məsələ odur ki, biz torpaqlarımızı düşməndən azad etmişik. Ərazi bütövlüyümüzü bərpa etmişik. Deməli, minatəmizləmə işləri də bir gün başa çatacaq. Qarabağa onsuz da yeni həyat gəlib. Bütün işğaldan azad edilmiş torpaqlarda abadlıq-quruculuq işləri həyata keçirilir. Torpaqlarımız minalardan təmizləndikcə, quruculuq işlərinin də miqyası genişlənəcək. Soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar. O gün uzaqda deyil.
Dövlətimizin başçısının Münxendə toxunduğu məsələlər, bütün bunlar qarşısında Ermənistanın Baş nazirinin susması haqlı tərəfin kim olduğunu Almaniya kimi böyük bir ölkədən dünyaya yenidən sərgilədi. Cənab Prezidentimizin ötən 20 ildə ölkəmizə rəhbərliyi dövründə bütün siyasi addımları kimi, Münxen danışıqlarındakı siyasi taktikası da xalqda qürur hissi yaratdı. Həmişə olduğu kimi, dövlətimizin başçısı ilə bir daha qürur duyduq. Bütün bu görüşlərin və danışıqların əsasında isə Qarabağ, onun bu günü və sabahı dayanır.
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB