İlk planlı şəbəkə şəhər modeli

Türkiyənin cənub-qərbində, Anadolu bölgəsində, Egey sahillərindəki, Aydın rayonunun Balat kəndi yaxınlığında dağıntıları qalmış Miles (Miletos), Avropa və Amerikanın bir çox şəhərində hələ də tətbiq olunan ilk şəhər... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sıxlıq, nəqliyyat, xaos və təlaş. Bu sözləri eşidəndə təəssüf ki, fikrə gələn şəhərlərdir. Şəhərlər genişləndikcə insanlar bir yerdən başqa yerə getmək üçün tələsir. Plan əsasında qurulan şəhərlər müxtəlif səbəblərdən çərçivədən kənara çıxınca yaranır xaos və təlaş.

Bəs qədim zamanlarda şəhərlər necə olub? Antik dövrün məşhur mütəfəkkirləri olan Platon və Aristotel bu mövzuda da yazmış, şəhərin harada və hansı prinsiplərlə qurulması barədə mülahizələr yürütmüşlər. Çünki onların fikrincə, ideal cəmiyyətə çatmağın vacib elementlərindən biri planlı şəhərdir. Şəhərsalmada əsas nəzəriyyələrdən biri kimi “tor şəkilli şəhər planı” ilk dəfə antik zamanlarda irəli sürülüb. Bu planı yaradan və həyata keçirən Miletli Hippodamos idi.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizi 2500 il əvvəllə aparacaq, hal-hazırda Türkiyənin cənub-qərbində, Anadolu bölgəsində, Egey sahillərindəki, Aydın rayonunun Balat kəndi yaxınlığında dağıntıları qalmış Miles (Miletos), Avropa və Amerikanın bir çox şəhərində hələ də tətbiq olunan ilk şəhər planı və yaradıcısı Hippodamosdan danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.

Fəlsəfə, elm və sənətin paytaxtı olaraq tanınan Milet Türkiyənin bugünkü Aydın rayonudur. Qədim zamanların ən mühüm yunan şəhərlərindən biri olub.

Antik dövrün yeddi müdrikindən birincisi olan qədim yunan filosofu, riyaziyyatçı, fizik, astronom Miletli Fales (Thales of Miletus – e.ə. 625 – e.ə. 548) şagirdləri ilə bu şəhərdə pozitiv elmi-fəlsəfənin əsasını qoyub, ilk məlum “Milet fəlsəfə məktəbi”ni yaradıb.

Möhtəşəm və zamansız Milet şəhərini antik dövrü qəsbləri ilə fars istilası yerlə yeksan edib. Farsların vurduğu böyük ziyandan sonra şəhər yeni plan üzrə təzədən qurulmağa başlanıb. Bu, bir-birini düz bucaq altında kəsən və düzbucaqlı ərazilərdə binalar tikməyə imkan verən bir plan idi. Tor və ya dama taxtası planının qurucusu Miletli Hippodamos olub. Bu tip plan sadə və funksional olduğu üçün bir çox şəhərdə tətbiq edilib, yüz illər sonra belə şəhərsalmada üstünlük verilən modellərdən birinə çevrilib. Şəbəkə şəhər planını göz önünə gətirmək üçün Barselona və Manhetteni düşünün. Çünki haqqında bəhs etdiyimiz bu məşhur yaşayış məskənləri Hippodamosun 2500 il əvvəl tərtib etdiyi bu plana əsasən tikilib.

Hippodamos memar, riyaziyyatçı, təbiətşünas və filosof idi, amma tarixə Miletdə həyata keçirdiyi şəhər planına görə düşüb və dünyanın ilk şəhər planı yaradan mühəndisi sayılır.

Kainatı nümunə götürüb Hippodamos. Çünki kainat mükəmməl harmoniya və nizam içindədir. Antik dövrün “ideala çatmaq” ideyası hər bir mövzuda olduğu kimi şəhərlər üçün də keçərli idi. Hər şeyin müəyyən həndəsi ardıcıllıqla və bir-biri ilə uyğunlaşdığı kainat modeli Hippodamos üçün qüsursuz idi və xaosa qalib gəlirdi.

Hippodamosun ideal şəhər planı kvadratlara və düzbucaqlılara bölünüb. O, öz demokratik planında bərabərlik prinsipinə əməl edib. Buna görə də şəhərdəki evlər bir-biri ilə eyni planlıdır və eyni formalı ərazilərdə tikilib. Hakim təbəqəyə mənsub binalar da digərlərindən fərqlənmir. Hippodamos ictimai və dini binalarda əhəmiyyətindən asılı olmayaraq, eyni prinsipə riayət edib. Beləliklə, sistemli şəkildə təkrarlana bilən nizamlı bir şəhər planını ortaya qoyub. Şəbəkə plan modeli ilə şəhərlərin plansız böyüməsinin, xidmətlərin pozulmasının və dövlətin nəzarətinin azalmasının qarşısı alınıb.

Hippodamosun yeni modeli təkcə ərazini deyil, həm də cəmiyyəti formalaşdırmaq məqsədi daşıyıb. Çünki o inanıb ki, harmoniya təkcə binalar və ya küçələrlə olmayacaq, ictimai quruluşu düzəltəməklə formalaşacaq. Bunu nəzərə alaraq sənətkarlar, əkinçilər və döyüşçülər üçün on min nəfərlik tarlalar da yaradıb. Asanlıqla tətbiq olunan şəbəkə şəhər modeli tezliklə Milet şəhərinin yaxınlığındakı yerlərə də təsir edib. Bu plan Anadolunun qədim dövrlərdə Priene, Simirna (Symrna) və Knidos kimi mühüm şəhərlərində də tətbiq olunub.

Qədim zamanlardan mütəfəkkirlər və dövlət xadimləri planlı və nizamlı şəhərlər üzərində çox düşünmüşlər, baş sındırmışlar. Amma buna nail olan ilk şəxs yaratdığı modeli yaşadığı şəhərdə həyata keçirən miletli Hippodamos olub. Bununla da Milet Anadolunun ilk planlı şəhəri olaraq tarixə düşüb. Təkrarlana bilən sistemə uyğun olan bu model ilə mürəkkəblik aradan qaldırılıb və şəhərsalma nizama tabe olub. Hansı binaların harada yerləşəcəyi və bu tikililərə nə qədər yer ayrılacağı qabaqcadan müəyyənləşib. Beləliklə, təsadüfi və nəzarətsiz məskunlaşmaların qarşısı alınıb, rasional və funksional urbanizasiya başlayıb. Bu, həm də dövlətə xüsusi mülkiyyətdə olan torpaqlara nəzarət etmək imkanı verib.

Şəbəkə şəhər modeli planının ən mühüm məqamlarından biri də şəhərin gələcək ehtiyacları və əhalisi nəzərə alınmaqla şəhərin layihələndirilməsi idi.

İndiki adı ilə Aydın olan antik Milet şəhəri filosofları və elm mərkəzi kimi tanınıb. Məhz bu düşüncə təkamülündən Milet öz payını alıb və bu şəhər “ideal mühit və ideal şəhər” ideyası ilə salınıb. Şəhərsalma ilk dəfə elmi olaraq Hippodamos tərəfindən hazırlanmış planla başlayıb və 2 min əvvəl insanları birinci yerə qoyan bərabərlik prinsipi əsasında hazırlanıb.

Təbii ki, bu şərəhsalma planına qarşı çıxanlar da olub. Onlar bu şəkildə şəhərlərin ruhsuz və bir-birinə bənzər məkanlara oxşadığını söyləyirdilər. Nə olursa olsun, bu şəhər planlaşdırması bu gün də standartların əksəriyyətinə cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə