Radikal müxalifətin isterik bəyanatına cavab, yaxud məhkəmədə görüşmək əsl fürsət ola bilər

Bir məqalənin əks-sədası


"Yeni Azərbaycan" qəzetinin 20 aprel 2012-ci il tarixli nömrəsində dərc olunmuş "Diplomatik sifariş: müxalifət, "Eurovision"a hazır ol" sərlövhəli məqalə ictimaiyyətdə, daxili mətbuatda, ölkəmizdə fəaliyyət göstərən müxtəlif ictimai-siyasi təşkilatlar səviyyəsində və bəzi xarici ölkələrin mediasında geniş əks-səda doğurdu. Şübhəsiz, məqalədə əks olunmuş analitik mövqeyə münasibət birmənalı olmadı. Bəhs olunan məqalənin dərc olunmasından sonra cəmiyyətin müxtəlif təbəqələrindən və ayrı-ayrı ictimai institutlardan (QHT-lər, oxucular, Yeni Azərbaycan Partiyasının üzvləri, insan hüquqları təşkilatları və s.) redaksiyamıza çoxsaylı zənglər daxil oldu və məqalədə əks olunan mövqeyin milli maraqlarımızın müdafiəsinə xidmət etməsinə görə qəzetimizə xüsusi təşəkkürlər edildi. Əlbəttə ki, bu, sevindirici və təqdiredici hal olmaq etibarilə bizi olduqca məmnun etdi. Amma təəssüflər olsun ki, xalqımızın əksər nümayəndələri və geniş oxucu kütləsindən fərqli olaraq bəzi siyasi dairələr bizi təqdir deyil, tənqid etdilər.


Söz azadlığının və fikir plüralizminin təntənəsi


Heç şübhəsiz, biz bütün bunları ölkəmizdə Ulu öndər Heydər Əliyev tərəfindən bərqərar olunmuş söz, fikir, özünüifadə və siyasi fəaliyyət azadlığının təntənəsi kimi dəyərləndirir, bu fikir plüralizmini demokratik dəyərlərin sistemli və ardıcıl surətdə təzahürü olaraq qiymətləndiririk. Amma məsələ ondadır ki, bəzi siyasi dairələr bir sıra hallarda demokratik cəmiyyətə xas olmayan dözümsüzlük nümayiş etdirirlər. İlk növbədə hesab edirik ki, bəhs olunan yazı reallığı əks etdirməklə və konkret hədəfə yönəlməklə öz məqsədinə çatmışdır. Hesab edirik ki, sözügedən yazıya peşəkarcasına, rasional yanaşmaqda, ondan məntiqi nəticələr çıxarmaqda, bunu mətbuat məhsulu kimi qiymətləndirməkdə fayda vardır. Şübhəsiz ki, yazılı mətbuatda məqalələrin təsirini artırmaq və informasiyanın oxucü kütləsinə daha aydın olmasını təmin etmək üçün müxtəlif vasitə və metodlardan istifadə edilir.

Kollaj düzəltmək adi jurnalistika ənənəsidir

Belə vasitələrdən biri də yazının mətninə müvafiq olan kollajların yaradılması və ya yazıda adı çəkilən şəxslərin, fikir sahiblərinin, siyasi xadimlərin təsvirlərinin əlavə olunmasıdır. Bu, medianın əzəli və ənənəvi metodlarından biridir. "Yeni Azərbaycan" qəzeti də bu ənənəyə sadiq qalaraq bəhs olunan yazıda adı çəkilən şəxslərin şəkillərindən kollaj düzəltmişdir. Düşünürük ki, bu, əsla KİV haqqında Azərbaycan Respublikasının Qanununa və modern dünyada formalaşmış media ənənələrinə zidd deyil. Diqqət etsəniz, görərsiniz ki, yazıda və kollajda ayrı-ayrı şəxslərin adı çəkilsə də, fəaliyyəti əsasında ittiham irəli sürülməmiş, sadəcə, vaxtilə dünya siyasətində müəyyən rol oynamış ayrı-ayrı şəxslərin fikirləri müqayisəyə cəlb edilməklə analitik təhlil metodu vasitəsilə doğru olanın ortaya çıxarılması məqsədi güdülmüşdür.

Ancaq çox təəssüflər olsun ki, bir çox hallarda insan və vətəndaş hüquq və azadlıqlarından, demokratiya və demokratik dəyərlərdən danışan, hətta özlərini "demokratiya etalonu" hesab edən şəxslər "Yeni Azərbaycan" qəzetində dərc olunan məqaləyə dözümsüzlük nümayiş etdirərək affekt halına düşüblər. İlk növbədə, bu, radikal müxalifət daxilində baş verən bir sıra neqativ proseslərlə bağlıdır. Artıq uzun müddətdir ki, Azərbaycan siyasi palitrasında "qarınaltı yük"ə çevrilmiş və ictimai-siyasi münasibətlərdə real güc, funksional faktor kimi qəbul edilməyən radikal müxalifət son dövrlərdə həyata keçirdiyi anti-Azərbaycançı kampaniyadan sonra xalqımızın etimadını tamamilə itirdi. Son zamanlar Azərbaycanı xaosa sürükləmək məqsədi daşıyan müxtəlif inqilabı çağırışlar edən və müəyyən hakimiyyət rıçaqlarını ələ keçirmək üçün bəzi anti-Azərbaycançı qərəzli xarici dairələrlə, yaxud mxtəlif təzyiq qrupları ilə əməkdaşlıq münasibətlərində olan radikal müxalifət, nəhayət ki, dumanlı şəkildə olsa belə, anlamağa başlayıb, onlar bu vasitələrlə əsla hakimiyyətə gələ bilməyəcəklər.


İnqilablar Azərbaycanın gələcəyi deyil, keçmişidir


Milli maraqlara cavab verən və verməyən, siyasi-əxlaqi dəyərlər nöqteyi-nəzərindən etik normalara əsaslanan və ya əsaslanmayan bütün fürsət və vasitələrdən istifadə edərək hakimiyyətə gəlmək istəyən radikal müxalifət nədənsə Azərbaycanı Liviya, Suriya və Misir kimi ölkələrlə müqayisə edən zaman xalqımızın hüquq və azadlıqlarını pozduqlarını, onun milli qürurunu və heysiyyatını düşünmürlər. Çünki cəmiyyət üzvlərini, xalqın nümayəndələrini öz dövlətçiliyinə qarşı yönəltmək, əsla hüquqi-siyasi hadisə deyil və milli maraqları əks etdirmir. Amma Azərbaycan hakimiyyəti buna dözümlülük nümayiş etdirir ki, bu da hakimiyyətin qəti demokratik mövqeyi və seçimidir. Əks təqdirdə, hakimiyyət də müxalifətin irəli sürdüyü müxtəlif hədyanlarla bağlı məhkəmələrə üz tutardı. Radikal müxalifət isə onların haqqında yazılmış obyektiv yazılara münasibətdə isterika və dözümsüzlük nümayiş etdirir. Bu isə siyasi, dini və ideoloji platformada qəbul edilməyən haldır. Demokratiya birgəyaşayış və birgə fəaliyyət prosesində qarşılıqlı dözümlülük deməkdir.

Bəli, hazırki radikal müxalifət Azərbaycanda bir dəfə inqilab etdi. Onlar ölkəmizi bir dəfə Liviyaya çevirməyi, xaos və anarxiya meydanına döndərməyi, vətəndaş müharibəsi yaratmağı bacardılar. Amma Azərbaycan xalqı o qədər kamil və yetkindir ki, bir səhvi ikinci dəfə etmir. Əgər hansısa kasad siyasi idraka sahib olan, irrasional təfəkkürlü radikal siyasətçi hesab edirsə ki, Azərbaycanı yenidən bu bəlaya sürükləyə biləcəkdir, xalqı bir daha istismar edəcəkdir, o, bilməlidir ki, bu, əsla mümkün olmayacaqdır. Düşünürük ki, radikal müxalifət bunu özünün zəif siyasi idrakı, irrasional təfəkkürü ilə dərk etdiyi andan etibarən yenidən böyük bir səhvə yol vermiş olduğunu anladı. Və "Yeni Azərbaycan" qəzeti, milli maraqların müdafiəsi naminə çalışan digər mətbuat orqanları onların bu cür fəaliyyətini ifşa etdikdən sonra xarici havadarlarının onlara yardım edə bilməcəyini anlayan İctimai Palatada təmsil olunan radikal qüvvələr xalqa üz tutmağın zəruri olduğunu başa düşdülər. Çünki heç bir səfir, fond, xaricdən maliyyələşən anti-Azərbaycançı mərkəz xalqımızın iradəsinin əleyhinə olaraq onları hakimiyyətə gətirə bilməyəcəkdir. Normal demokratik sistemlərdə və Azərbaycanda iqtidar xalqın iradəsi əsasında formalaşır və fəaliyyət göstərir. Bunu başa düşdükdən sonra radikal müxalifət öz imicinin qeydinə qalmağın zəruriliyini anlamağa başladı, xarici sponsorlarla əlaqələrini isə pərdə arxasında aparmağın vacib olduğunu xatırladı.

Məğlubiyyətdən doğan isterik davranış

Hesab edirik ki, "Yeni Azərbaycan" qəzetində dərc olunmuş məqaləyə bu cür aqressiv münasibət radikal müxalifətin isterika içərisində verdiyi bəyanatdır və son zamanlar cərəyan edən ictimai-siyasi proseslərin fonunda öz məğlubiyyətini gizlətməyə yönəlmiş bir addmdır.

Düşünürük ki, 1993-cü ildən bu günə qədər davam edən marginal siyasi fəaliyyətinin fonunda radikal müxalif, nəhayət ki, xalq faktoru haqqında düşünməyə başlayıbdır. Bu, 19 illik fəaliyyətində radikal müxalifətin ilk rasional addımıdır. Doğrudan da, bunu proqress kimi qiymətləndiririk. Əminik ki, bu addımlar bundan sonra da davam edəcək və müxalifət hakimiyyətə gəlmək üçün xaricə yox, xalqımıza üz tutacaq. Bununla da müəyyən mənada əsl müxalifət simasına doğru irəliləyəcəkdir. Əlbəttə ki, bu, ağır və uzun yoldur, kifayət qədər zaman tələb edir. Düşünürük ki, radikal müxalifət yeni anladığı bu istiqamətdə irəliləməyə çalışsa, gələcəkdə Azərbaycan xalqının müəyyən qisminin rəğbətini qazana biləcəkdir. Ancaq bu, o halda mümkün olacaq ki, hazırki siyasi liderlər siyasi səhnədən getməklə öz yerlərini yeni yetişən konstruktiv düşünən, siyasi iradənin xalqa məxsus olduğunu dərk edən gənclərə versin.


Radikal müxalifət ənənəvi ampluasında


İctimai Palatanın "Yeni Azərbaycan" qəzetinə qarşı irəli sürdüyü ittihamlardan biri də qəzet səhifələrində əks olunmuş kollajın Azərbaycan-Almaniya münasibətlərinə zərər verəcəyi ilə bağlı səsləndirilən fikirlərdir. Qeyd etmək lazımdır ki, Azərbaycan-Almaniya münasibətləri hər hansısa bir fondun, radikal müxalifətin, hətta diplomatik nümayəndənin fəaliyyəti ilə məhdudlaşmır. Xalqlarımız arasında tarixi əlaqələrə söykənən dostluq münasibətləri mövcuddur. Milli dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar münasibətlər dinamik inkişaf mərhələsindədir. 2010-cu ilin fevral ayının 5-də Almaniyanın federal kansleri Angela Merkel qeyd edib: "Bizim iqtisadi münasibətlərimiz çox gözəl səviyyədədir, əməkdaşlığımız sıxdır. Biz əməkdaşlığımızı "qələbə-qələbə" formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki tərəf bu əməkdaşlıqdan faydalana bilər. Azərbaycan bizim üçün çox vacib tərəfdaşlardan biridir".

Düşünürük ki, bu ifadə Azərbaycan-Almaniya münasibətlərini mükəmməl surətdə xarakterizə etmişdir. Yaxşı olar ki, radikal müxalifət özünün anti-Azərbaycançı fəaliyyətinin fonunda Almaniya hökumətini şantaj etmək yolunu seçməsin. Bu, nə müxalifətə, nə də onları dəstəkləyən anti-Azərbaycançı fondlara və maliyyə mərkəzlərinə fayda gətirməyəcəkdir.

Siyasi romantizm 1993-cü ildə qaldı

Hər bir xalq bəşəriyyətin mübarizə tarixində öz mövcudluğu, milli maraqları naminə dövlətinin milli mənafeyini müdafiə etməlidir. Hələ təqribən bir il öncə "Yeni Azərbaycan" qəzetində dərc olunmuş bir məqaləylə bağlı Almaniyanın Azərbaycandakı səfiri cənab Herbert Kvelle ilə görüşümüzdə bəyan etmişdi ki, o, Almaniyanın milli maraqlarını müdafiə etmək üçün Azərbaycandadır. Mən isə öz növbəmdə qeyd etdim ki, mən sizin fikir və mövqeyinizə hörmətlə yanaşıram, eyni zamanda bildirmək istəyirəm ki, mən də öz milli maraqlarımızı qorumaq üçün onun dəvətini qəbul edərək görüşə gəlmişəm.

Bəlkə də, bu gün Azərbaycanda xaos yaratmaq, ölkəmizi inqilablara sürükləyən çağırışlar etmək, Azərbaycana təzyiq etməklə müəyyən siyasi və iqtisadi dividendlər əldə etmək, NABUCCO kəmərinin çəkilməsi məsələsi ilə bağlı ölkəmizi sıxışdırmağa çalışmaq və bunu insan hüquqları, demokratiya məfhumları ilə pərdələmək kiminsə marağındadır. Ancaq bu, xalqımızın və milli dövlətimizin ali mənafeyinə əsla uyğun deyil. Azərbaycan xalqı və dövləti öz mənafeyini və mövqelərini qətiyyətlə qorumağı yaxşı bacarır. Düşünürük ki, müxalifət də milli maraqlar əsasında çıxış etməlidir. Bu, xalqımızın hər bir nümayəndəsinin milli vəzifəsi və vətəndaşlıq borcudur. Xalqımız yaxşı anlayır ki, radikal müxalifət hazırki çağırışları ilə hansı məqsədə xidmət edir.

Herbert Kvelle qeyd edir ki, Almaniyanı sevən və Almaniya haqqında heç bir mənfi fikri olmayan ölkədə işləmək və yaşamaq necə də xoşdur. Biz isə deyirik ki, Azərbaycanı sevən və Azərbaycan haqqında heç bir mənfi fikri olmayan ölkələr nə qədər gözəldir. Bu gün Azərbaycan xalqı o qədər kamilləşib ki, onu sevməyəni o da sevmir. "Səni sevəcəyəm, sən sevməsən də" fəlsəfəsi və siyasi romantizmi artıq radikal müxalifətin digər ideoloji tezisləri kimi 1993-cü ildə qalıb. Bu gün xalqımız və dövlətimiz dünya siyasəti və beynəlxalq münasibətlər sistemində öz milli mənafeyi üçün prinsipial mübarizə aparır. Xalqımız və iqtidarımız bu mübarizədən bir addım olsa belə, geri çəkilməyəcəkdir.

Məhkəmə bizim üçün əsl fürsət olardı

İctimai Palatanın "Yeni Azərbaycan" qəzetini məhkəməyə verəcəyi ilə bağlı fikirlərini isə biz əsl fürsət kimi dəyərləndiririk. Çünki açıq və ədalətli məhkəmə prosesində radikal müxalifətin antimilli əməllərini ifşa etmək üçün əlimizdə ən müxtəlif mənbələrə əsaslanan çoxsaylı materiallar var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...