Yeraltı qəzetlər faşizmi məğlub etməyə necə kömək etdi..?

...Deməli, 1943-cü ilin payızında faşist Almaniyası İtaliyanı işğal etdikdən sonra antifaşist Müqavimət hərəkatının üzvü olan 22 yaşlı Bianka Qvidetti Serra Turində ilk gizli qəzeti olan “İl Proletario”nu nəşr etdirdi.

Təbii ki, bu, ölümcül təhlükəli bir məşğuliyyət idi: anti-Almaniya məlumatları yaymaq ölümlə cəzalandırılırdı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Foreign Policy” yazır ki, riskə baxmayaraq, işğal olunmuş ölkədə onlarla oxşar təşəbbüslər fəaliyyət göstərməyə başlayıb.

Zirzəmilərdə, mağazalarda və faşistlərin ağıllarına belə gəlməyən yerlərdə qəzetlər çap olunurdu.

Bəzi nömrələr yalnız bir dəfə, bəziləri isə müntəzəm olaraq nəşr edilmişdir.

Rəsmi məlumatlara görə, işğal olunmuş İtaliyada 580-dən çox qeyri-qanuni qəzet nəşr olub. Onların əksəriyyətini qadınlar təşkil edib paylayıblar. İşğal hakimiyyətinin daha az nəzarəti ilə onlar sərbəst hərəkət edə və məlumat ötürə biliblər.

...Bu qəzetlər müqavimətin ən mühüm alətinə çevrildi. Cəbhədən real reportajlar, işğalçıların vəhşilikləri haqqında hekayələr, fabriklərdə təxribat barədə göstərişlər, tətil çağırışları - Mussolininin dövlət nəzarətində olan mətbuatda olmayan şeylər dərc edirdilər.

Fransa və ya Belçikadakı Müqavimət hərəkatlarından fərqli olaraq, İtalyan yeraltı işçiləri köhnə nizama qayıtmaq üçün deyil, tamamilə yeni gələcək üçün mübarizə aparırdı.

Qəzetlər müharibədən sonrakı İtaliyanın məqsədlərini formalaşdırmağa kömək etdi: demokratiya, bərabərlik, qadınların siyasətdə iştirakı və işçilərin hüquqlarının müdafiəsi...

Bu ideyalar faşizmin süqutundan sonra yaranmış yeni respublikanın əsasını təşkil edirdi.

İtaliyalı qadın naşirlərin tarixi təkcə keçmişdən bir dərs deyil. Müstəqil mətbuatın diktaturaya qarşı müqavimətin əsası ola biləcəyini xatırladır.

Senzura və repressiya şəraitində reallığın sənədləşdirilməsi həqiqət və azadlıq uğrunda mübarizənin bir formasıdır.

Bu gün, rəqəmsal texnologiya və informasiya manipulyasiyası əsrində keçmişdən nümunələr göstərir ki, bir kağız üzərində sadə bir nəşr belə tarixin gedişatını dəyişə bilər, əgər arxasında kollektiv azadlıq iradəsi dayanır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə