"Hər bir vətəndaş peyvənd olunmağa maraq göstərməlidir" MƏQALƏ

COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Dövlətimiz tərəfindən ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atılmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Buna görə də Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərini uğurla təşkil edən ölkələr sırasındadır.

Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Çünki milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü hər kəsi dərindən narahat edir.

Ölkəmizdə əhalinin vaksinasiyasına davamlı şəkildə yanvar ayından etibarən başlanılıb. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir. Vaksinlərin əldə olunması o qədər də asan və sadə məsələ deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə pandemiya əleyhinə vaksinlərin hazırlayan ölkələrlə, şirkətlərlə ilk günlərdən danışıqlar aparılır. Məhz aparılan uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan peyvəndin tətbiqinə başlayan ilk ölkələr arasındadır.

Vətəndaşlarımızın peyvəndin zəruriliyini düzgün qiymətləndirməsi də vacib məsələlərdən biridir. Belə ki, yoluxucu xəstəliklərlə mübarizənin ən təsirli yolu məhz peyvəndlərin tətbiq olunmasıdır. Buna görə də hər kəs bu prosesə məsuliyyətlə yanaşmalı, peyvənd olunmaqdan çəkinməməlidir. Kollektiv immunitetin yaranması, məhdudlaşdırıcı tədbirlərin tətbiq olunmaması üçün əhalinin peyvənd olunması olduqca vacibdir.

Hesab edirəm ki, vətəndaşlarımız da dövlətin həyata keçirdiyi tədbirin əhəmiyyətini və məqsədini düzgün qiymətləndirərək prosesə fəal dəstək verməlidirlər. Hər bir vətəndaş özünü, ailəsini, yaxınlarını qorumaq üçün peyvənd olunmağa maraq göstərməlidir.

Nəzrin Məmmədova

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə