"Çox təəssüf ki, koronavirusa yoluxma halları kəskin şəkildə artıb. Gün ərzində yoluxanların sayı artıq 2000 nəfərə çatıb və buna uyğun olaraq da hər gün bu xəstəlikdən həyatını itirənlərin sayı artır. Hazırki vəziyyət artıq Operativ Qərargahı ya qapanmalara getmək və ya karantin rejimin sərtləşdirilməsi tədbirlərini görmək məcburiyyətində qoyur. Bəs, bütün bunlar nədən irəli gəlir?". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.
Deputatın sözlərinə görə, əlbəttə, ilkin səbəb insanların məsuliyyətsizliyidir: "Bu gün dövlət qabaqlayıcı tədbirlərdən tutmuş, peyvəndlənməyə qədər lazımı önləyici bütün tədbirləri görür. Bildiyiniz kimi Cənubi Qafqaz regionunda peydvənlənməyə başlayan ilk ölkə Azərbaycan oldu. Peyvəndlənmə ilə əlaqədar bütün dünyada ikili standartlar hökm sürür və kasıb ölkələrin vaksin əldə edə bilməməsi problemi yaranıb. Yaşanan böhran pandemiya olduğuna görə bu problemdən bir neçə ölkənin peyvəndlənməsi ilə qurtulmaq mümkün deyil. Əgər, dünya bu bəladan qurtulmaq istəyirsə, bütün dünya ölkələri eyni qaydada vaksinasiya olunmalıdır".
K.Əliyeva vurğulayıb ki, bu gün Azərbaycanda əhali böyük ruh yüksəkliyi ilə peyvəndlənmə prosesinə başlayıb: "İnsanlar şəxsən özləri tibb ocaqlarına müraciət edərək peyvənd olunurlar. Çünki bu böhrandan yeganə çıxış yolumuz vaksinasiyadan keçir. Lakin buna baxmayaraq insanlar arxayınlaşmamalı, ehtiyat tədbirlərini əldən buraxmamalıdırlar. Peyvəndlənən şəxslər düşünməməlidirlər ki, onlar virusdan tam olaraq sığortalanıblar. Vaksinin müsbət tərəfi isə budur ki, peyvəndlənən şəxs virusa yoluxarsa, daha yüngül keçirəcək. Artıq burada ağır yataq rejimindən və ölüm hallarından söhbət gedə bilməz. Bütün bunlarla yanaşı isə ən əsas məsələ insanların məsuliyyətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB