Özümüzü bayram zamanı necə qoruyaq?”

Mərkəzi Gömrük Hospitalının infeksionist həkimi Mədinə Abdullayeva “Həkim məsləhəti” rubrikasında sualı cavablandırıb.
Özümüzü bayram zamanı necə qoruyaq?”

“Bu il Novruz bayramı günlərində COVİD-19 pandemiyası zamanı bayramın qarşılanmasının xüsusiyyətləri.

Son günlər Azərbaycanda koronavirusa yoluxmaların sayı artıb, sağalmaların sayı azalıb. Digər tərəfdən də, Britaniya ştammının bir çox ölkələrdə yayılması xəbəri insanları təşvişə salıb. Düzdür, bu yeni ştammın Azərbaycanda yayılması xəbəri öz təsdiqini tapmayıb, amma yenə də bu təhlükədən yan keçmək üçün özümüzü qorumalıyıq.

Artıq bir ildən çoxdur ki, “çağırılmamış qonaq” - COVİD-19 pandemiyası həyatımıza möhkəm daxil olub. Ötən ilin əvvəlindən ölkəmizə ayaq açan bu virusa qarşı hökumətimiz bir sıra qabaqlayıcı tədbirlər həyata keçirib. Pandemiya zamanı karantin rejimi təcrübəsindən də göründüyü kimi, karantin rejimi sərtləşdiriləndə yoluxmaların sayı azalır, mülayimləşdiriləndə isə bir müddətdən sonra yoluxmaların sayı artmağa başlayır. Bu da təbiidir, belə ki, karantin rejimi yüngülləşərkən insanlar arxayınlaşır, gigiyenik qaydalara tam riayət etmirlər, təmaslar çoxalır.

Qarşıdan gözəl günlərimiz gəlir – xalqımız Novruz bayramını qeyd etməyə hazırlaşır. Bu özəl bayramın xüsusiyyətlərindən biri də insanların bir-biri ilə bayramlaşması, qonaq getməsidir. Tətil günləri bölgələrdən olan vətəndaşlar öz doğmalarının yanına getməyi planlaşdırır. Əlbəttə, hər kəs bu gözəl bayramı ürəyi istədiyi kimi keçirmək istər, amma unutmayaq ki, COVİD-19 hələ bizimlədir və gözləmədiyimiz bir vaxtda bizi məyus edə bilər.

Bir infeksionist-həkim kimi məsləhət görərdim ki, bacardıqca az ünsiyyətdə olmağa çalışın, bayram gününü ailənizlə qeyd edin. Tətil günləri çalışın çox qonaq getməyin, insanların sıx toplaşdığı yerlərdə olmayın, məsafə saxlayın, əllərinizi tez-tez yuyun və ən başlıcası, maskalardan düzgün istifadə edin. Bir maskadan 6-8 saat istifadə edin, onu ağız və çənə nahiyəsində saxlamaq heç kimi virusdan qorumur. Çox təəssüf ki, aramızda eyni maskadan bir neçə gün istifadə edən insanlar da var.

Etiraf edin, axı bu gigiyenik qaydalara riayət etmək o qədər də çətin deyil... Tövsiyə edirəm bu bayramı ailənizlə gözəl keçirin, sağlamlığınıza diqqət edin, onu bir neçə saatlıq əyləncəyə qurban verməyin. Bayramınız mübarək!

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə