“Arzum gələcəkdə həsrətində olduğum Şuşada transplantasiya institutu açmaqdır"

Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə 2018-ci ilin oktyabr ayında imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar. Məlum olduğu kimi, 2020-ci il iyunun 11-dən Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı COVİD-19 xəstəliyi ilə mübarizəyə qoşularaq, pandemiya xəstəxanasına çevrilmiş və yalnız kovidli xəstələrə tibbi xidmət göstərir.

Mərkəzi Gömrük Hospitalında təhsillərini davam etdirən rezidentlər də Hospitalın tibb heyətinə fəal şəkildə qatılaraq, koronavirus xəstələrinin müalicəsi ilə məşğuldurlar.Onların arasında Azərbaycan Tibb Universitetini 2018-ci ildə bitirmiş və həmin ilin oktyabr ayından Hospitalın Transplantasiya şöbəsində rezident fəaliyyətinə başlamış 3-cü kurs rezidenti Səidə Şindiyeva da var. Qeyd edək ki, Səidə Şindiyeva 1995-ci il oktyabrın 7-də Balakən rayonunun Hənifə kəndində anadan olub.

Doğma kəndində orta məktəbi bitirən Səidənin bir arzusu olub: həkim-cərrah olmaq. Ailədə 3 uşaq olublar: 2 bacı və 1 qardaş. Təkcə Səidə həkimlik peşəsini seçib və 2012-ci ildə Azərbaycanın nüfuzlu universitetlərindən birinə - Azərbaycan Tibb Universitetinə 527 balla daxil olaraq, arzusunu gerçəkləşdirib. 2018-ci ildə universitetin Müalicə profilaktika-1 fakültəsini müvəffəqiyyətlə bitirən Səidə həmin il Mərkəzi Gömrük Hospitalında ümumi cərrah ixtisası üzrə rezidentura təhsilinə başlayıb.

Transplantasiya şöbəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınmış cərrah-transplantoloqlar Dr.Mircəlal Kazımi və Dr.Kamran Beydullayevin rəhbərliyi ilə o, transplantologiya və ümumi cərrahiyyə proqramları çərçivəsində bu ixtisasın sirlərinə yiyələnib. 2020-ci ildən isə təhsilini Hospitalın Stasionar şöbələrində koronavirus xəstələrinə tibbi xidmət göstərməklə davam etdirib. Burada o, pandemiya dövründə Mərkəzi Gömrük Hospitalında koronavirus xəstələrinin müalicəsinə qatılan həkim-infeksionist Dr.Afət Əkbərovadan COVİD zamanı virus pnevmoniyasının müalicə prinsiplərinə dərindən yiyələnib.

Rezident Səidə Şindiyeva deyir: “Mən digər klinikalarda dəfələrlə rotasiyalarda olmuşam. Mərkəzi Gömrük Hospitalının həm rəhbərliyindən, həm də tibb personalından çox razıyam. Burada təhsilin səviyyəsi, həkimlərə qayğı və diqqət, xəstələrə xidmət, operativlik, həmçinin, texniki şəraitin mükəmməlliyi rezident təhsili verən heç bir klinikada yoxdur. Mən bu 3 ildə Hospitala çox bağlanmışam, bura mənə doğma evim qədər rahatdır. Deyirlər, arzular bitməz, tükənməz. Arzularıma çatdıqca, yeni arzular doğur mənim üçün... Arzum gələcəkdə illərlə həsrətində olduğum Şuşada Transplantasiya institutu açmaqdır”.

Həkim-rezident Səidə Şindiyevaya gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq. Ümid edirik ki, Səidə öz arzularının dalınca Şuşaya da gedəcək və bir cərrah kimi böyük uğurlaq qazanacaq!

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə