Rusiyada koronavirus əleyhinə ilk dərman satışa çıxarıldı

Yeni növ koronavirusun müalicəsində istifadə ediləcək dərman preparatı Rusiyada satışa çıxarılıb. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, "Koronavir" adlı dərmanın SARS-CoV-2 fəsadları ilə deyil, birbaşa yeni növ koronavirus infeksiyasının özünə qarşı mübarizə aparacaq ilk dərman olduğu açıqlanıb.

Şirkətdən bildirilib ki, dərman Yaroslav şəhərindəki fabrikdə istehsal ediləcək və etiketlənəcək. Məlumatda, bu günə qədər 7 min 373 dərmanın mülki dövriyyəyə buraxıldığı bildirilib.

"R-Pharm" şirkətinin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, kliniki testlər zamanı "Koronavir" dərmanının virusun yayılmasını blokladığı sübut olunub.

İstehsalçı qeyd edib ki, bu dərman "Data Matrix" rəqəmsal kodu ilə işarələyir və onun etiketlənməsi dərmanın pasport analoqudur. Bu, onun orijinallığına zəmanət verəcək və dərmanı izləməyə imkan yaradacaq: "İstehsaldan tibb müəssisəsinə qədər. Orijinallıq "Chestny Znak" mobil tətbiqi vasitəsilə yoxlanıla bilər" - deyə, mətbuat xidmətindən bildirilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə