Məktəb və bağçalar koronavirusa görə dezinfeksiya edilirmi? AÇIQLAMA-ÖZƏL

“Ümumiyyətlə, dövlət sanitariya-epidemioloji xidmətin tabeliyində olan dezinfeksiya şöbələri tərəfindən bağlanan xidməti müqavilələr əsasında daim dezinfeksiya işləri aparılır”. Bu fikirləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, mövsümlə əlaqədar olaraq dezinfeksiya işlərinə nəzarət daha da gücləndirilir: “Bura əsasən məktəbəqədər müəssisələr, ümümtəhsil məktəbləri, əhalinin daha çox olduğu ərazilər daxildir ki, sözügedən ərazilərdə müntəzəm olaraq dezinfeksiya işləri aparılır”.

Şöbə müdiri söyləyib ki, 2019-cu ilin sonunda səhiyyə naziri tərəfindən koronavirusla bağlı imzalanan əmrə əsasən respublika ərazisində profilaktiki nəzarət daha da gücləndirilib: “Bu nəzarətin gücləndirilməsi ilə əlaqədar hazırda da işlər davam etdirilir. Ölkə ərazisində epidemoloji vəziyyət stabildir. Heç bir yolxucu xəstəlik yoxdur”.

Z. Kazımov qeyd edib ki, virusa yoluxmamaq üçün vətəndaşlarımız ilk növbədə koronavirusla bağlı qaydalara əməl etməlidirlər: “Əhalinin kütləvi toplaşdığı ərazilərdə yuxarı tənəffüs yolları iltihabi xəstəliyinin daşıyıcısı varsa, öskürürsə həmin ərazidən təcrid olunmalıdırlar. Əgər məktəblərdə və ya uşaq baxçalarında hərarətli, öskürəkli uşaqlar varsa onlar mütləq müalicə profilaktika müəssisələrinə göndərilməlidirlər”.

Onun sözlərinə görə, son günlər ərzində bir sıra məktəbəqədər müəssisələr, ümümtəhsil məktəblərində dezinfeksiya işləri həyata keçirilib və hazırda bu işlər davam etməkdədir: “Görülən işlər təkcə hər hansı xəstəlik və ya koronavirusla bağlı deyil. Bu bizim il boyu gördüyümüz işlərdir. Əgər ehtiyac olsa, kütləvi dezinfeksiya işləri aparıla bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə