Azərbaycan vətəndaşları hərtərəfli tibbi xidmətlə təmin edilib

Azərbaycan vətəndaşları hərtərəfli tibbi xidmətlə təmin edilib

İlham Əliyev: "Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın"

Bu gün ölkəmizin hər bir guşəsi gündən-günə gözəlləşir və sürətlə inkişaf edir. İnsanların əhval-ruhiyyəsində yüksəliş və canlanma hiss olunur. Bəli, bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan öz uğurları, iqtisadi inkişafı ilə dünya dövlətləri arasında seçilən bir ölkəyə çevrilib. Səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı istiqamətində son illərdə həyata keçirilən dövlət proqramları, eləcə də, islahatlar bu sahəyə də dəyərli töhfələr verir. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən, xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Azərbaycanda səhiyyənin inkişafı istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq büruzu verir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri dövlətimizin başçısı daim nəzarətdə saxlayır. Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın, məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. "İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir" deyən Azərbaycan Prezidenti İlham Əliyev bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayandığını dəfələrlə bildirib: "Hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək".

Son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi tikilib, eləcə də, əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir bölgəsində vətəndaşlara yüksək səviyyəli tibbi xidmət göstərilir. "Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın" deyən dövlət başçısı insanların sağlamlığının ən vacib məsələ olduğunu bildirib: "Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda, görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir".

Bu il ölkəmizdə dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud tikintisi davam etdiriləcək. Cənab Prezident "Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik" deyərək, bunun böyük hadisə olduğunu bildirib: "Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik".

Bu gün ölkə vətəndaşlarının hər biri ölkə dövlət başçısının diqqət və qayğısını öz üzərində hiss edir. Vətəndaşların ildə bir dəfə pulsuz tibbi müayinələrdən keçirilməsi buna bariz nümunədir. Prezidentin tapşırığına əsasən, hər il 5 milyondan çox insanın dövlət xətti ilə tibbi müayinədən keçməsi, insanların sağlamlığınıa ayrılan diqqətdir. "Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir" deyən ölkə Prezidenti

bu təşəbbüsün bir məqsədi olduğunu qeyd edib: Vətəndaşların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar." Artıq bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır.

Elə bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı Sərəncamı səhiyyəyə ayrılan diqqətin daha bir təzahürüdür. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, ilkin olaraq, 2,0 (iki) milyon manat ayrılıb. Eyni zamanda, dövlət başçısının daha bir Sərəncamı ilə səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi məqsədilə Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisinin başa çatdırılması məqsədilə dövlət büdcəsindən 6 807 400 (altı milyon səkkiz yüz yeddi min dörd yüz) manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

"İnsan sağlamlığını şərtləndirən bir çox amillər var" deyən ölkə Prezidenti onların arasında, ilk növbədə, sağlam həyat tərzi olduğunu bildirib: "…Sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır".

Görülən işlər Azərbaycan vətəndaşlarının daha da yaxşı - sağlam və rahat yaşamasına yönəlib. "Buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq" deyən Azərbaycan Prezidenti ölkəmizin öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həm sosial, həm iqtisadi, həm də infrastrukturla bağlı və digər məsələləri həll etdiyini vurğulayıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə