Narkomanların tibbi reabilitasiyası gücləndirilib RƏSMİ

Hər il dünyada narkotik istifadəçilərinin sayı artır və onların ya həyatına son qoyur yaxud da onun və yaxınlarının həyat keyfiyyətini aşağı salır. Dünya statistikasına nəzər salsaq görərik ki, narkotiklərdən istifadə hələ 2012-ci ildə 183 000 ölüm faktına səbəb olmuşdur. 2011-ci illə müqayisədə bu aşağı göstərici olsa da bu 15-64 yaş arasında olan gənc və orta nəsil üçün kiçik rəqəm sayıla bilməz.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yeniyetmələrin narkomaniya xəstəliyinə düçar olması hazırkı dövrün ən aktual məsələlərindəndir. Belə ki, birincisi, narkotiklərdən ilk istifadənin əksər halları məhz bu yaş dövründə baş verir (narkomaniya xəstəliyinin 70% yaxın halları), ikincisi isə, narkotik vasitələrin təsiri (uzun müddətə narkotiklərlə zəhərlənmə) inkişafda olan orqanizmə məhvedici təsir göstərir. Rəsmi statistikaya əsasən 2013-cü il üçün –narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 376 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 4 nəfər, 18-24 yaş arasında 1324 nəfər, onlardan 20 nəfəri qadındır. 25-29 yaş arasında olan şəxslər 3850 nəfər, onlardan 43 nəfəri isə qadın təşkil etdiyi halda, 2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin ümumi sayı 28 656 nəfər, onlardan 15-17 yaş arasında olan şəxslər 5 nəfər, 18-24 yaş arasında 1403 nəfər, 25-29 yaş arasında olan şəxslər 3999 nəfər təşkil edir.

2014-cü ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfərdir.

Ölkəmizdə narkomaniyaya düçar olmuş insanların normal həyata və cəmiyyətə qaytarması məsələnin vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 3 Dövlət Proqramı təsdiq edilmişdir. 2 Proqram tam icra olunub.

2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair növbəti 5 illik 2013-2018-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 4.2.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 2014-cü il 13.09 tarixli 276 nömrəli qərarı ilə Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram təsdiq edilib. Proqramın məqsədi narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin kompleks müalicə-reabilitasiya və resosializasiya tədbirlərinə cəlb edilməklə, narkotik vasitələrə və psixotrop maddələrə olan tələbatın azaldılması; proqram çərçivəsində narkotik istifadəçilərinin aşkar edilməsi və proqramlara cəlb edilməsi sisteminin yaradılması; narkotik istifadəçilərinin kompleks reabilitasiya və resosializasiya proseslərini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi; narkomanlığın müalicəsi ilə məşğul olan tibbi kadrların potensialının gücləndirilməsi; narkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi; əhali arasında narkomanlığın zərəri barədə maarifləndirmə işinin gücləndirilməsi; kompleks reabilitasiya kursunu müvəffəqiyyətlə başa çatdırmış narkotik istifadəçilərinin resosializasiya və postreabilitasiya sosial patronajlıq sisteminin təşkilidir.

Narkomaniyanın ilkin profilaktikası və antinarkotik təbliğatın həyata keçirilməsi məqsədi ilə bu problemin müxtəlif aspektlərini işıqlandıran "Narkotiklər barəsində həqiqəti bilin" adlı yaddaş jurnalı və "Alkoqolizm" və "Psixoaktiv maddələrdən asılılıq" adlı bukletlər hazırlanıb Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bütün şəhər və rayonlar üzrə şöbələrinə, Bakı şəhəri rayon polis idarələrinə göndərilib.

Narkomanlıq meyillərinin ilkin profilaktikası üçün təhsil müəssisələrdə seçmə yolla ardıcıl profilaktik baxış keçirməsi vacibdir. Profilaktik baxışın məqsədi narkotik maddələrdən asılılığa düçar olan gənclərin mümkün qədər erkən müəyyən olunması və davranışlarının tənzimlənməsi üzrə konkret tədbirlərin işlənib hazırlanmasıdır. Antinarkotik təbliğat üzrə tədbirlər ilk növbədə "risk qrupu"na daxil olan yeniyetmələr, xüsusilə narkotik maddələrin qeyri-tibbi istifadəsi haqqında ən azı bir dəfə məlumatı olan və ya davranışında asosial meyllər müşahidə edilənlər arasında aparılmalıdır. Narkotik vasitələrin insan orqanizminə məhvedici təsirini, narkotik vasitələrdən istifadənin sosial nəticələri, erkən müalicənin labüdlüyü və mümkünlüyü, həmçinin narkomaniya probleminin hüquqi aspektləri ilə bağlı məsələləri xüsusi qeyd etmək lazımdır.

Bu məqsədlə Respublika Narkoloji Mərkəzinin bazasında 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində orta ümumtəhsil məktəblərdə çalışan həkimlər və orta tibb bacıları üçün gənclər, yeniyetmələr və uşaqlar arasında narkomaniyanın qarşısını alınması, bu istiqamətdə profilaktik tədbirlərin görülməsi məqsədilə təlim kursları keçirildi. 2 həftə davam edən kurslarda Narkoloji Mərkəzin rəhbərliyi və tibbi personalı ilə yanaşı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin nümayəndələri də iştirak ediblər. Təlim kurslarında narkomaniya problemlərinə aid prezentasiyalar təqdim olunub və mövzuları ətrafında müzakirələr aparılıb. Kursun sonunda iştirakçı olan bütün orta məktəb həkimlərinə və tibb bacılarına sertifikat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...