Azərbaycanda orqan transplantasiyası əməliyyatlarında əsasən canlıdan canlıya qaraciyər, böyrək köçürülür. Təəssüflər olsun ki, ağciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu, bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin ki, buna da nail olacağıq. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov Bakıda "Orqan transplantasiyası" mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
Rektor bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda bir insanın orqanının başqa bir şəxsə köçürülməsinin tarixi akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.
Müstəqil Azərbaycanın tarixində isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilib.
Azərbaycanda böyrəkköçürmə və qaraciyər köçürmə əməliyyatları ilə yanaşı, Respublika Talassemiya Mərkəzində sümük iliyi transplantasiyası da uğurla aparılır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək köçürülməsi əməliyyatı da uğurla həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB