Goranboy baytarları gücləndirilmiş iş rejimində çalışırlar

Son vaxtlar iribuynuzlu heyvanlar arasında yayılmış xəstəliklərə qarşı profilaktik tədbirləri gücləndirmək məqsədilə Goranboy Rayon Baytarlıq İdarəsinin kollektivi gücləndirilmiş iş rejiminə keçib.
İdarənin baytar həkimləri heyvanların peyvənd edilməsi məqsədilə kənd və qəsəbələrdə olur, epizoodik tədbirlərlə yanaşı, fermerlər arasında maarifləndirmə işləri də aparırlar.
İdarənin rəisi Elsevər Hüseynov deyib ki, mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılması və damazlığın inkişafı üçün rayonda 13 süni mayalandırma texniki çalışır. Son 6 ayda 1000-dən artıq inək süni yolla mayalandırılıb və onlardan 755 sağlam bala alınıb. İstər ana heyvanların, istər alınmış balaların və istərsə də ətlik üçün bəslənən mal-qaranın yoluxucu xəstəliklərdən qorunması məqsədilə profilaktik tədbirlər vaxtında həyata keçirilir.
Qısa vaxt ərzində artıq 20 min baş iribuynuzlu, 50 baş isə xırdabuynuzlu heyvandan qan nümunəsi götürülərək analiz edilib. Sevindirici haldır ki, heyvanlar arasında heç bir xəstəlik daşıyıcısı aşkar olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə