Bakıda “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakıda “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bu gün Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA xəbər verir ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu Elmar Qasımov konfransda çıxışında deyib ki, gənc alim Zərifə xanım Əliyeva traxomanın müalicəsi üzrə dissertasiya müdafiə etdikdən sonra elmi işçi kimi Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda çalışmağa başlayıb.

Onun sözlərinə görə, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun göz xəstəlikləri kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışıb: "Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun tarixi görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adı ilə sıx bağlı olub. Zərifə xanımın çox zəngin və şaxəli elmi, kliniki fəaliyyəti olub. Onun hər biri elmi istiqamət, elmi əsərlərlə tamamlanır. O, 200-dən artıq elmi əsərlərin müəllifidir ki, onlardan da 15-i monoqrafiyadır. Zərifə xanım Əliyevanın bütün fəaliyyəti Azərbaycan oftalmologiyanı inkişaf etdirmək üçün olub, bu sahənin əsl fədaisi olaraq bu elmi yüksəklərə qaldırıb".

Elmar Qasımov bildirib ki, 2013-cü il ərzində Milli Oftalmologiya Mərkəzinə 108 025 xəstə daxil olub, 8573 nəfər stasionardan keçib: "Masallı filialında da 6 minə yaxın xəstə qəbul edilib. Onlardan 2 minə yaxını əməliyyat olunub. Səyyar klinika vasitəsilə 2500 xəstəyə baxış keçirilib və 200 nəfər əməliyyat olunub".

Konfransın davamında akademik Zərifə xanım Əliyevanın tələbəsi Rauf Hacıyev, rusiyalı ali İqor Karnelovskiy onunla bağlı xatirələrini bölüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə