Əhliman Əmiraslanov: "Onkoloji xəstələrin dərman çatışmazlığı məsələsi tam həll olunub"

Əhliman Əmiraslanov: "Onkoloji xəstələrin dərman çatışmazlığı məsələsi tam həll olunub"

"Onkoloji xəstəliklərin statistikasına baxsaq, kişilər arasında ən çox təsadüf olunan bədxassəli şişin nazoloji forması ağciyər xərçəngi, qadınlarda isə süd vəzisi xərçəngidir". SİA xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib.

Onun sözlərinə görə, kişilər arasında hər 100 min əhaliyə 57-58 faiz ağciyər xərçəngi düşür. Əhliman Əmiraslanov qeyd edib ki, dünyanın elə ölkəsi var ki, orada bu göstərici 60%-dən çoxdur: "Qadınlar arasında süd vəzisi xərçəngi göstəricisi aşağıdır. Qadınlarda bu, 50 faiz üzərində olan bir rəqəmdir. Bəzi bədxassəli şişlər əsasən cavanlarda rast gəlinir. Bunlara sümük, yumşaq toxuma sarkomalar aiddir. Bəzi xəstəliklərə isə 60 yaşdan yuxarı insanlarda rast gəlinir. Bu sahədə yalnız cavanlaşmadan danışmaq düzgün deyil. Bu xəstəliyə praktiki olaraq hər yaşda, hətta, uşaqlarda da rast gəlinir. Faiz nisbətini götürdükdə isə görərik ki, bu, əsasən yaşlı insanların xəstəliyidir".

Əhliman Əmiraslanov onkoloji xəstəliklərdən əziyyət çəkən insanların dərman preparatları ilə təchizatı məsələsinə də aydınlıq gətirib. O bildirib ki, hazırda dərman çatışmazlığı məsələsi tam həll olunub: "Bunların hamısı son dərəcə maliyyə tutumlu xəstəliklərdir. 90-cı ilin əvvəllərində elə olurdu ki, xəstəyə dərman yazdığımız halda onu apteklərdə baha qiymətə almaq məcburiyyətində qalırdı. Hətta, buna görə gedib əmlakını da satırdılar. Lakin son 5 ildir ki, onkoloji şiş əleyhinə preparatların alınması, onkoloji dərmanları təchizatı ilə bağlı dövlət büdcəsindən də müəyyən vəsait ayrılır. Artıq gələn ili üçün dövlət büdcəsi təsdiq edilib və burada da onkoloji xəstələrin dərmanla təchizatı üçün 40 milyondan yuxarı maliyyə vəsaiti ayrılıb. Mərkəzləşdirilmiş qaydada xəstələr tam pulsuz dərmanla təchiz olunurlar. Ola bilər ki, haradasa müəyyən səhvə yol verilir. Yenə də məsələdə insan faktoru rol oynaya bilər. Bəlkə də kimsə məsələdə sui-istifadə hallarına yol verir. Amma bu sahəyə çox ciddi nəzarət var. Dövlət tərəfindən ayrılan 40 milyondan çox vəsait bütün dərmanların alınması üçün bəs edir".

Bütün xəbərlər Facebook səhifəmizdə