“Əfv dövlətin öz vətəndaşlarına yenidən şans verməsidir” - MÜSAHİBƏ
Əfv Komisssiyasının üzvü, millət vəkili Azay Quliyevin SİA-ya müsahibəsi
- Azay müəllim, bildiyimiz kimi bu günlərdə Əfv Komissiyasının iclası keçirilib. İclasda hansı məsələlər müzakirə olunub?
- İclasda müzakirələr Əfv Komissiyasına daxil olan ərizələr əsasında həyata keçirilib. Müzakirələr zamanı həmin ərizələrə baxılır və onlarla bağlı qərar qəbul olunacaq. Artıq bu məsələlərlə bağlı sıradan müzakirələrimiz başlanılıb, qərarlar müzakirə olunur.
- Prezident seçkiləri ərəfəsində Əfv Fərmanının verilməsi gözlənilirmi?
- Əfv Fərmanının verilməsi ilə bağlı qərar yalnız ölkə başçısı tərəfindən verilir. Yalnız onun sərəncamı əsasında Əfv Fərmanı verilə bilər. Hər hansı bir Əfv Komissiyasının üzvünün bu haqda nəsə söyləməsi nə mümkün, nə də doğru deyildir.
- Əfv Komissiyasına daxil olan ərizələrin araşdırılmasında məhbusların hansı keyfiyyətlərinə üstünlük verilir?
- Əfv Komissiyasına müxtəlif məzmunlu ərizələr daxil olur. Məhdud vətəndaşlar var ki, onlar Əfv Komissiyası Əsasnaməsinin müvafiq bəndlərinə əsasən bizə müraciət edə bilirlər. Əfv Komissiyası daim fəaliyyətdədir. Bizə daxil olan müraciətlər araşıdırılır. Məhbuslarla bağlı məlumatlara həssaslıqla yanaşılır və demək olar ki, heç bir müraciət kənarda qalmır.
Əfv Komissiyası heç bir şəxsin əfvlə bağlı müraciətinə laqeyd qalmır. Ona görə də biz çalışırıq ki, komissiyanın işini elə təşkil edək ki, həqiqətən də humanizm prinsipi tam şəkildə təmin olunsun. Əgər məhbus və ya vətəndaş törətdiyi cinayət əməlindən peşman olubsa, cəza çəkdiyi müddətdə öz nümunəvi davranışı ilə fərqlənibsə, qayda-qanunlara əməl edibsə, əgər onun törətdiyi cinayət təhlükə yaratmırsa o zaman həmin şəxsin işinə mütləq baxılır və cənab prezidentə tövsiyyə edilir.
Əgər cinayətkar ağır cinayət törədibsə, cinayət nəticəsində dəyilən ziyan ödənilməyibsə, o zaman onunla bağlı müraciət dəstəklənilmir və nəticəsiz qalır.
- Azay müəllim, Əfv Fərmanının mahiyyəti nədən ibarətdir?
- Əfv Fərmanı ölkə prezidenti tərəfindən öz vətəndaşlarının törətdiyi cinayətə görə aldıqları cəza müddətlərinin yerdə qalan hissəsinin bağışlanması deməkdir. Əfv bütövlükdə bir anlayış olaraq humanizm siyasətidir və dövlətin öz vətəndaşlarına yenidən şans verməsidir.
Bu fərman məhbusları normal həyata qovuşdurmaq və etdikləri səhvləri bir daha təkrarlamamaq şərtilə azadlığa çıxmalarını təmin etmək siyasətin bir hissəsidir. Əfv fərmanının verilməsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və hazırda ölkə başçısı tərəfindən davam etdirilərək ənənəyə çevrilib. Bu həm də ondan xəbər verirki, ölkə başçısı istənilən halda öz vətəndaşını yenidən normal həyata qayıtması üçün imkanları səfərbər etməyə hazırdır. Əfv fərmanın verilməsi ölkə başçısının müstəsna hüququdur və bu hüquqdan istifadə edə və etməyə bilər. Amma gördüyünüz kimi ildə bir neçə dəfə ölkə başçısı tərəfindən bu fərman verilir və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Hər bir vətəndaş bilməlidir ki, bu humanizm siyasətidir və bundan sui-istifadə etmək olmaz. Qeyd etmək istəyirəm ki, ildə yüzlərlə insan öz ailəsinə qovuşur, yerdə qalan cəzalarından azad olunurlar. Bu da ondan ibarətdir ki, ölkə başçısı siyasətinin əsas hədəfində vətəndaş durur.
- Əfv kimlərə şamil olunur?
- Əfv o şəxslərə şamil olunur ki, həmin şəxsin törətdiyi cinayət nəticəsində zərərçəkən olmur, törətdiyi cinayət nəticəsində dəymiş zərər ödənilmiş olur və ya onun törətdiyi cinayət nəticəsində zərərçəkən vətəndaşlarla cinayəti törədən arasında barışıq olur. Bundan əlavə əfv fərmanı törətdiyi cinayətə görə təhlükə yaratmayan məhbuslara da şamil oluna bilər. Əgər məhkum ağır cinayətlərdə mühakimə olunmayıbsa, həmin şəxs cəzaçəkmə müəssisəsində özunü düzgün aparıbsa, ilk dəfə məhkum olunursa o zaman həmin məhkumun əfv məsələsinə baxılması nəzərə alınır.
Əgər cinayətkar bir neçə dəfə məhkum olunubsa onun əfv olma şansı demək olar ki, çox aşağıdır. Butun bu hallar Əfv Komissiyasının Əsasnaməsində öz əksini tapıb. Komissiyanın qəbul etdiyi qərarlar əsasnaməyə uyğun olaraq həyata keçirilir. Biz də çalışırıq ki, cənab prezidentə tövsiyyə etdiyimiz şəxslərin hamısı yuxarıda qeyd etdiyimiz keyfiyyətlərə malik olsun. Bundan əlavə əfvin mahiyyəti həm də ondan ibarətdir ki, vətəndaşların hüquqları dövlət tərəfindən qorunur. Elə bu səbəbdən komissiyaya müraciət edən hər bir şəxs araşdırılır. Əgər bir insanın həqiqətəndə müsbət tərəfləri varsa o komissiya tərəfindən nəzərə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB