Oqtay Şirəliyev həkimləri təbrik etdi

Oqtay Şirəliyev həkimləri təbrik etdi

Səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə müəssisələrindəki vakant yerlərə mərkəzləşdirilmiş qaydada işə qəbul olmuş ilk həkim heyəti ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, nazir müxtəlif tibb müəssisələrinə mərhələli şəkildə keçirilmiş imtahan yolu ilə işə qəbul olunmuş ilk 34 həkimi təbrik edib. Görüş iştirakçıları qarşısında çıxış edən Oqtay Şirəliyev prosesin tətbiqində ən əsas səbəbin Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını və şəffaflığı təmin etmək olduğunu deyib.

Daha sonra nazir qeyd edib ki, ölkə başçısının səhiyyə və tibb elmi sahəsinə, insanların sağlamlığına verdiyi diqqət və önəm yüksək səviyyədədir: "Bu gün göstəricilərə nəzər saldıqda tam əminliklə demək olar ki, səhiyyə xərclərinə ayrılan vəsaitin artma tempinə görə Azərbaycan dünyanın əksər ölkələrindən yüksəkdədir və bu da ölkədə yeni-yeni tibb müəssisəsinin tikilib və yaxud da əsaslı təmir edilməsinə, dünya standartlarına uyğun avadanlıqlarla təmin edilməsinə zəmin yaratmışdır. Lakin bütün bu yaradılan şəraitin təməlini isə yüksək ixtisaslı, bilikli və savadlı kadrlar təşkil edir. Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu kadr məsələsinin həllində önəmli və vacib yerlərdən birini tutacaq".

Nazir ölkəyə savadlı və yüksək ixtisaslı həkim kadrlarının hazırlanması üçün sertifikasiya prosesinin, rezidentura mərhələsinin və ən nəhayət mərkəzləşdirmiş qaydada qəbul prosesinə başlanmasını səbəb kimi vurğulayıb. O. Şirəliyev əhaliyə yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün bütün şəraitin mövcud olduğunu bildirib.

Sonda Gəncə poliklinikasına yeni həkim təyin olunmuş həkim-terapevt Əlizadə Mina ölkə əhalisinin sağlamlığına yetirilən xüsusi qayğıya və diqqətə görə ölkə başçısına gənc həkimlər adından minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə