“Dişlərimizin sağlamlığına biganə qalmamalıyıq”

“Dişlərimizin sağlamlığına biganə qalmamalıyıq”

Naxçıvan Stomatologiya Mərkəzi bu gün ölkəmizdə sayılıb-seçilən tibb ocaqlarından biridir. Qeyd edək ki, Naxçıvan Stomatologiya Mərkəzinin yerləşdiyi Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası bu ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Naxçıvan Stomatologiya Mərkəzinin baş həkimi Səkinə Məmmədova söhbət əsnasında bildirib ki, müasir avadanlıqlarla təchiz olunmuş bu tibb ocağında dişlə əlaqədar bütün xəstəliklərin müalicəsi mümkündür.

"Muxtar respublikanın kəskin kontinental iqlimə malik olması, yəni havaların çox soyuq və isti keçməsi, həmçinin ani hava dəyişiklikləri günlük həyatımıza, qidalanma alışqanlığına, bu da, öz növbəsində, birbaşa dişlərimizə təsir göstərir. Nəticədə əlavə diş problemləri yaradır", - deyən Səkinə həkimin sözlərinə görə, mərkəzin həkim kollektivi hər il orta məktəblərdə olur: "Bu aksiya artıq ənənəyə çevrilib. Hər il sentyabr ayında həkimlərimiz məktəbləri bir-bir gəzərək şagirdləri müayinə edirlər. Dişlərində problem olan uşaqlar müəyyənləşən kimi onların valideynlərinə bu barədə məlumat verilir və onların müalicəsi təşkil edilir".

Daha sonra o, söhbətini bu sözlərlə davam etdirib: "Ümumiyyətlə, hər bir insan vaxtlı-vaxtında, yəni ildə 2 dəfə həkimə müraciət edib, dişlərini müayinə etdirməlidir. Müşahidələrimə əsasən onu da qeyd edim ki, xəstələrin əksəriyyəti dişlərində kəskin ağrılar olduqda bizə müraciət edir. Bu da xəstənin maddi-mənəvi baxımdan daha çox əziyyət çəkməsinə gətirib çıxarır. Dişlərimizin sağlamlığına biganə qalmamalıyıq. Ən əsası isə diş çürüklərinin bir çox başqa xəstəliklərə səbəb olduğu tibdə öz təsdiqini tapıb. Dişlərin çürüməsinə səbəb olan qidalar əsasən karbohidratlı və yaxud da şəkərli yeməklərdir. Digər səbəblərdən biri də suda fluorun çatışmazlığıdır. Bir sözlə, qəbul etdiyimiz qidalarda müvafiq minerallar kifayət qədər olmalıdır. Həmçinin hər zaman yumşaq qidalarla qidalanmamalıyıq. Məsələn, alma, kök kimi meyvələri dişləyərək yemək dişlərimizin möhkəmlənməsi, sağlığı üçün daha yaxşıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə