"Müasir qidaların tərkibində, xüsusilə də undan hazırlanan şirniyyatlarda, tortlarda, eyni zamanda bir çox rəf ömrü uzun olan paketlənmiş peçenyelər, vaflilər, şirniyyatlar var ki, onların tərkibində istifadə olunan yağlar insan orqanizmində müəyyən fəsadlar törədir". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, burada birinci növbədə ən tez zərər görən və ona qarşı reaksiya verən azyaşlılar, yaşlı insanlar, xroniki xəstəliyi olan şəxslər və ümumi immun sistemi zəif olan insanlardır: "Amma bu heç də demək deyil ki, sağlam insanlara təsiri olmur. Əksinə, bu qatqılar sağlam insanda da maddələr mübadiləsinə təsir edir, onu pozur və nəticədə hormonal balansın pozulmasına gətirib çıxarır. Bu hal insulin müqavimətinin pisləşməsi, şəkərli diabet, artıq çəki, piylənmə, qaraciyər funksiyasının pozulması ilə nəticələnə bilər. Süni kimyəvi qatqılar yəni rəngləndiricilər, dadlandırıcılar, aromatizatorlar, konservantlar allergik reaksiyalar yarada bilər, dəridə səpkilər, rəng dəyişiklikləri, elastikliyin azalması, erkən qocalma kimi nəticələrə gətirib çıxarır. Ağ unun glisemik indeksi yüksək olduğu üçün qan şəkərini sürətlə artırır. Bu da sonradan qan şəkərinin sürətlə düşməsinə, tez-tez aclıq hissinə səbəb olur, nəticədə insan daha çox yeyir və bu da yenidən çəki artımına gətirib çıxarır. Keyfiyyətsiz yağların istifadəsi isə ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Yarımfabrikatlarda, donmuş xəmirlərdə, qızardılmış məhsullarda, şirniyyatlarda daha çox doymuş yağlar və trans yağlardan istifadə olunur.
Şəkər ən böyük asılılıq yaradan maddələrdən biridir. Bu qidaların tərkibində şəkər yüksək miqdarda olur, bu isə sürətlə qana keçir və qısa müddətlik enerji versə də, sonra sürətlə enerji düşür, əhval-ruhiyyə dəyişir, halsızlıq yaranır, diş çürüməsinə gətirib çıxarır. Amma alternativ olaraq immun sistemimizə faydalı olan qidaları seçmək mümkündür. Burada məsələn, tam buğda unundan hazırlanmış, təbii balla, şirin meyvələrlə dadlandırılmış şirniyyatlar, zeytun yağı, kərə yağı kimi keyfiyyətli yağlar istifadə oluna bilər. Dadlandırıcı və rəngləndirici kimi süni maddələr əvəzinə ədviyyatlar və təbii meyvə-tərəvəzlərdən istifadə edilə bilər. Vitamin və mineral dəyərini artırmaq üçün qoz, fındıq, müxtəlif toxumlar əlavə oluna bilər. Süd yerinə qatıq, kefir, yoqurt, kəsmik kimi süd məhsullarından istifadə edərək daha faydalı şirniyyat hazırlamaq olar. Amma bunlar keyfiyyətli şəkildə hazırlanacaqsa belə, miqdara diqqət yetirilməlidir. Yüksək kalorili, enerjili məhsullar günün birinci yarısında səhər və ya günorta saatlarında qəbul olunmalıdır ki, gün ərzində enerji kimi istifadə olunsun və piylənməyə səbəb olmasın. Bu məqamlara diqqət etmək vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB