DİQQƏT: Çox isti su ilə yuyunmaq dərinin təbii yağ qatını zədələyir - AYDINLIQ GƏTİRİLDİ
"Orta hesabla bir insan gün ərzində 1.5–2.5 litr su qəbul etməlidir. Bu miqdar fərdin yaşına, çəkisinə, fiziki aktivliyinə, həmçinin hava şəraitinə görə dəyişə bilər. Dəri nəmliyinin qorunması üçün isə nizamlı şəkildə su qəbul etmək vacibdir. Bu, bir dəfəyə çox miqdarda su içməkdən daha çox, gün ərzində bölünmüş şəkildə qəbul edilməlidir". Bu sözləri SİA-ya terapevt Günay Musayeva deyib.
Onun sözlərinə görə, çay və qəhvə kimi kofeinli içkilər sidikqovucu təsirə malik olduğundan bədəni susuzlaşdıra bilər. Buna görə də onların həddindən artıq qəbulundan çəkinmək lazımdır. Bundan əlavə, axşam saat 5–6-dan sonra qida qəbulunu tamamilə dayandırmaq və o gecə aclığını təmin etmək həm ümumi sağlamlığa, həm də dərinin nəmlənməsinə müsbət təsir göstərir. Belə ki, “beta-oksidləşmə” adlanan yeni yağların yanma prosesi gecə saatlarında daha sürətli olur. Bu prosesin son məhsulu isə sudur. Bu, çöldən qəbul etdiyimiz sudan fərqli olaraq, hüceyrələrdə əmələ gələn daxili sudur və dərinin nəmlənməsində mühüm rol oynayır".
Terapevt həmçinin qeyd edib ki, dərinin nəmlənməsi üçün düzgün qidalanma da böyük əhəmiyyət kəsb edir: "Omeqa-3 yağ turşuları ilə zəngin olan balıq, kətan toxumu, badam, avokado, həmçinin A vitamini ilə zəngin yer kökü və balqabaq kimi məhsullar dərini içdən nəmləndirir.
Çöldən müdafiəyə gəldikdə isə soyuq və küləkli havalarda dəri quruluğuna daha meyilli olur. Bu səbəbdən qoruyucu kremlərdən istifadə vacibdir. Günəşin zərərli ultrabənövşəyi şüaları da dərini qurudur, buna görə SPF tərkibli kremlər tövsiyə olunur. Duş vərdişlərinə diqqət yetirmək də önəmlidir. Çox isti su ilə yuyunmaq dərinin təbii yağ qatını zədələyir, buna görə də ilıq su ilə yuyunmaq məsləhətdir. Duşdan sonra isə nəmləndirici krem istifadə edilməlidir.
Ətraf mühitin təsiri də unudulmamalıdır. Qış aylarında istifadə edilən isitmə sistemləri havanı qurudur və bu da dərinin qurumasına səbəb olur. Bu halda evdə hava nəmləndirici cihazlardan istifadə etmək tövsiyə edilir. Kimyəvi maddələrə məruz qalmaq, tez-tez sabunla əlləri yumaq və yuyucu vasitələrlə işləmək də dərinin qurumasına səbəb ola bilər. Bu hallarda əlcəkdən istifadə etmək və həssas dərilər üçün nəzərdə tutulan məhsullara üstünlük vermək lazımdır. Əgər dəri quruluğu ilə yanaşı qaşınma, qızartı, çatlama kimi hallar müşahidə olunursa və nəmləndiricilər kömək etmirsə, həkimə müraciət edilməlidir. Həmçinin xroniki xəstəliklər, məsələn, şəkərli diabet və hipotiroidizm kimi problemlər də dəri quruluğuna səbəb ola bilər. Bu zaman da mütəxəssisə müraciət etmək vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə