Hər peşənin çətinliyi var, çünki heç bir iş zəhmətsiz deyil. Texnologiyanın əsrimizdəki üstünlüyü, inkişafı bəzi peşələrdə ağır işləri yüngülləşdirsə də, əvəzində bir çox problemlər yaradır. Məsələn, əvvəllər fabrik və zavodlarda insanların gördüyü işi indi texnika görür, hərəkətsiz qalan insan isə bir neçə xəstəliklə mübarizə aparmalı olur. O cümlədən, çox danışmaq məcburiyyətində olduğu üçün indi müəllimlərdə xroniki faringit, laringit, səs teli problemləri kimi xəstəliklər, daim oturaq işlədiyi üçün çəki problemləri yaranır.
Müəllimlər, həkimlər niyə kökəlir?
İş stresi, yüksək məsuliyyət, hədsiz rəqabət və hədəfə çatmaq kimi bir çox məsuliyyəti olan peşələrdə ürək, qan-damar xəstəliklərinə çox rast gəlinirsə ofis şəraitində, iş masasının arxasında ömrü keçən işçilərdə mədə və bağırsaq xəstəlikləri müşahidə edilir, növbəli işləyən işçilərdə isə hormonal pozğunluqlar yaranır.
Bank işçilərinin, vəkillərin, həkim və tibb bacılarının, müəllimlərin ortaq xəstəliyi stress, qeyri-normal qidalanma və hərəkətsizlikdir. Diqqət etsəniz bir çox müəllimin, həkimin artıq çəkisinin olduğunu görərsiniz. Bu isə, öz növbəsində, qan təzyiqinin yüksək olması, qan-damar xəstəlikləri, mədə problemlərində səbəb olur.
Müəllimlər böyük bir kollektivdə işlədikləri üçün nəfəs yolu ilə yoluxan xəstəliklərdən daha çox əziyyət çəkirlər. Həmişə danışmaq məcburiyyətində olan bu peşə sahiblərində səs telləri və boğaz xəstəliklərinə çox rast gəlinir. Həkim Sabir Əliyev deyir ki, müəllimlərdən başqa müğənnilər də bu problemdən əziyyət çəkir, çünki onlar da daima danışmaq və oxumaq məcburiyyətindədir: "Müəllimlərin istifadə etdiyi ənənəvi tabaşir də allergik reaksiyalar yarada bilir. Allergik qrip, xroniki faringit üçün tabaşir təhlükəlidir. Tabaşir tozu burun və ağız vasitəsi ilə daxilə nüfuz etdiyi üçün allergik reaksiyalar yarada bilir. Məktəblərin açıldığı ay bu problemlə müraciət edən müəllim pasiyentimiz çox olur. Amma müşahidələrimə görə məktəblərdə müasir tipli yazı lövhələrinə keçilməsi, tabaşir yerinə markerlə yazılması bu allergiyanı azaldır".
İş stresi psixi xəstəliklərə səbəb olur
Bank, mühafizə, yüksək səlahiyyətli dövlət işi kimi sahələrə cavabdeh yüksək çinli idarə işçilərinin işdən sonra əlavə işə görə gecə saatlarınadək işləməsi onlara sağlamlıqları bahasına başa gəlir. Əsasən də, dövlət müəssisələrində əlavə işə qalan işçilər özlərini narahat, bədbəxt hiss edir, həmişə təşviş içində olmaları onların xroniki əsəb xəstəsi olmasına səbəb olur. Bununla bərabər diqqətsizlik, həmişə yorğunolma iş əmsalını azaldır.
Üzərində iş məsuliyyəti yüksək olan şəxslərdə daha çox rastlanan psixi problemlər getdikcə artır. Həkim Sülhiyyə Mürsəlova deyir ki, stes orqanizmin xəstəliklərə olan immunitetini qırdığı üçün bu insanlarda xəstəlik çox tez özünü büruzə verir: "Psixi problemlər, allergik xəstəliklər, xərçəng, mədə xorası, bağırsaq problemləri onlarda çox rast gəldiyimiz xəstəliklərdir. Bir pasiyentim vardı, mühasib idi, böyük bir müəssisənin mühasibat işlərinə cavabdeh idi, hər ayın sonu bütün bədəni səpirdi. İşində nöqsan tapılacağından, pulun əksik olacağından qorxurdu".
Həkim deyir ki, oturaq işdə işləyənlərin ən böyük problemləri isə maddələr mübadiləsinin pozulması, əzələ-skelet anormallıqları, mədə yaraları kimi problemlərdir. Onun sözlərinə görə yüksək səlahiyyəti olan idarəçilər, hədsiz stres və məsuliyyət səbəbi ilə infarkt riski ilə üzləşirlər: "Araşdırsaq şahidi olarsınız ki, bütün yüksək vəzifəsi olan insanlar ürək və ya təzyiq həbi atırlar. Hər an stres altında olurlar, narahat həyatları olur, məsuliyyət daşıdıqları sahədə hansısa bir problemin ola biləcəyi ehtimalı belə onlara rahatlıq vermir. Bu cür insanlarda ürək xəstəlikləri, yuxu pozğunluqları, yüksək qan təzyiqi, şəkərli diabet çox rastlanır".
Günəşi görməyənlər çoxalır
İnsan orqanizmi günəş işığına görə qurulub, insan günəşlə oyanıb işə başlamalı, işini gün batanadək bitirib günəş batınca dincəlməlidir. Günəş çıxanda gecə növbəsini bitirib yatmağa hazırlaşan insanlarda ciddi hormonal pozuqluqlar olur. Həkim Sülhiyyə Mürsəlova deyir ki, gecə növbəsi olan peşələrdə menstral pozuqluqlar, piylənmə, yaddaş pozulması, diqqətsizlik müşahidə edilir: "Bir çox vacib hormonlar var ki, biz yuxuda olarkən fəaliyyətdə olur. Bu hormonlar qaranlıqda fəaliyyət göstərirlər, yuxu zamanı gündüz saatlarına düşürsə o zaman o hormonların fəaliyyəti pozulur. Ən sağlam yuxu günəş çıxmazdan 4 saat əvvəl olan yuxudur. Bioloji quruluşumuz buna görə qurulub. Əgər bu saatları yuxuda keçirməsək hormonal problemlər hormonal balansı pozduğu kimi iştahı, psixologiyanı da dağıdır. Normal yuxu saatı 23.00-05.00 arasında olur, bu müddəti yatmayan peşə sahibləri ciddi problemlərlə rastlaşır".
Bank və birja işçiləri daha az günəşi gördükləri, səs-küylü, narahatedici vəziyyətlərdə işlədikləri üçün xəstəlik riskləri də yüksəkdir. Həkim Sabir Əliyevin sözlərinə görə, bank işçiləri daha çox ürək xəstəliklərindən əziyyət çəkir: "Təsəvvür edin, hər gün milyonlarla pul əllərindən gəlib gedir, üstəlik bu pul bəzən elə adamların pulu olur ki, savad, zəka baxımından özü ilə müqayisə edir və ona ağır gəlir, özünün problemlərini düşünür və axırı da ürək xəstəliyi, infarkt olur. Bir çox bank işçisi isə ay sonunda kəsirinin çıxacağından qorxur, bu qorxu yuxusunu pozur, iştahını kəsir".
Jurnalistlərin xəstəliyi – səs-küy, qaçaqaç və stres
Jurnalistlərin əksəriyyəti, daha dəqiq desək, gündəmlə işləyən və cinayət-məhkəmə prosedurlarından yazan jurnalistlər stresdən əziyyət çəkir. Hər an nəyinsə baş verəcəyini gözləyən, gündəmin xəbərini hazırlayan, daim qaçhaqaç, qovhaqovda olan bu insanlar vaxtında qidalanmadıqları üçün ən çox mədə narahatlıqlarından əziyyət çəkirlər. Kompyuter arxasında "fast-food"la qidalanan həmkarlarım gənc yaşda mədə xorası, bağırsaq yaraları ilə üzləşirlər. Bundan əlavə həddindən artıq kofe içən, siqaret çəkən bir çox jurnalist qan-damar problemlərindən və ürək xəstəliklərindən əziyyət çəkir. Kofeinin ifrat qəbulu bir çox xəstəliklərə də təkan verir.
Redaksiyalardakı səs-küy də stres yaradan səbəblərdəndir. Əvvəllər redaksiya işçilərinin hər birinin öz otağı, sakit iş mühiti vardı, amma son illər açıq ofis quruluşu insanları daha çox sıxır, çünki biri digərinin işinə mane olur. Açıq ofis şəraitində işləyən jurnalistlərdən biri telefonla müsahibinin səsini diktafona yazır, bu proses minimum 20-30 dəqiqə çəkir. Bu müddət ərzində redaksiyada olan digər jurnalistlərin diqqəti yayınır, iş qabiliyyəti azalır. Gurultulu, səs-küylü mühitdə işləyənlər arasında xüsusilə qadınlar narahat olur, əsəb problemləri, depressiv vəziyyət ürək döyüntüsünün sürətlənməsinə, təzyiqin qalxmasına səbəb olur.
Özünüzə peşə seçəndə iki dəfə düşünün
Ürək, qan-damar xəstəliklərinin ən çox rast gəlindiyi peşələrdən biri də tibb sahəsidir. Başqalarına şəfa paylayanların özləri, xüsusilə də cərrahlar bu riski daşıyır. Günün bir çox saatını ayaqüstə olduqları üçün varikoz problemi də yaşayırlar. Varikozdan tək cərrahlar yox, ayaqüstə çox qalan poçtalyon, müəllim, diş həkimi, saç ustaları da əziyyət çəkir. Bu xəstəlik onların peşəsinin ayrılmaz hissəsinə çevrilir.
Həkim və tibb bacıları isə, əsasən, yoluxucu xəstəliklərdən əziyyət çəkir, səbəbi də gün ərzində yüzlərlə xəstə ilə təmasda olmalarıdır. Gecə növbəsində işləyən həkim və tibb bacıları isə hormonal pozuqluqlardan əziyyət çəkir.
Təmir-tikinti ilə məşğul olan ustaların əksəriyyəti ağciyər problemləri ilə üzləşir, səbəbi də tikintidə istifadə edilən kimyəvi materiallarla tənəffüs etmələridir. Bu siyahıya laboratoriyada təhlükəli kimyəvi maddələrlə təmasa məruz qalanlar, habelə mədən işçiləri də daxildir. Bundan əlavə, restoranlarda işləyən ofisiantlar və çalğıçılar hər gün yüksək dessibilli səsə məruz qaldıqları üçün eşitmə və əsəb sistemlərində ciddi problemlər olur.
"İş insanın cövhəridir" deyiblər, amma peşə seçərkən onun səhhətinizə, orqanizminizə cövhər, yoxsa zərər olduğu barədə də düşünməkdə fayda var. Yoxsa sevdiyiniz peşə qazandığınız xəstəliklərə görə gözünüzdən düşə bilər.
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB