Xarici vətəndaşın məhkəməsi keçiriləcək

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. SİA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə E. Dubakovun son söz deyəcəyi və məhkəmədə hökm oxunması gözlənilir.

Xatırladaq ki, prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə