Ukrayna vətəndaşı Azərbaycanda gizli işlər görmək istədi

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində, beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən xüsusi texniki avadanlıqların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi hüquqazidd əməlinin törədilməsinə görə Ukrayna Respublikasının vətəndaşı, faktiki Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşamış Yançitski Oleksandr Oleksandroviç şübhəli şəxs qismində tutululub. Bu barədə Trend-ə nazirliyin İctimai əlaqələr mərkəzindən məlumat verilib.

Məlumata görə, faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmışdır. Yançitski Oleksandr Oleksandroviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Müəyyən edilmişdir ki, Oleksandr Yançitski və qeyriləri gəlir əldə etmək məqsədilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda dəyəri olan və beynəlxalq internet şəbəkəsinə qoşulmanı təmin edən 60 ədəd "Asus" markalı "RT16" tipli router cihazını Gürcüstan Respublikasının Kutaisi şəhərində əldə edərək, sonradan həmin texniki avadanlıqları "Tbilisi-Bakı" marşrutu üzrə işləyən sərnişin avtobusunda qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirib Azərbaycan Respublikasına gətirmişlər.

Oleksandr Yançitski Bakı şəhərində fəaliyyət göstərən 30-dan artıq müxtəlif, o cümlədən iri ticarət və istirahət mərkəzlərinin, kafe, restoran, klub və digər xidmət və iaişə müəssisələrinin rəhbərləri ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən "Asus" markalı "RT16" tipli router cihazlarını həmin obyektlərdə quraşdıraraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq olmadan qanunsuz rabitə və internet xidmətləri göstərməyə başlamışdır. Bu obyektlərə baxış keçirilərkən həmin cihazların işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə olduğu aşkar edilmişdir
.
Qeyd olunmalıdır ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində informasiya-elektron texnologiyaları sahəsi üzrə ixtisaslaşmış və zəruri biliklərə malik şəxslərin Azərbaycan dövlətinin qanunla qorunan iqtisadi mənafelərinə zərər vura biləcək fəaliyyətləri ifşa edilməklə yanaşı, eyni zamanda beynəlxalq internet şəbəkəsinə icazəsiz qoşulmalarla müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün mümkün istifadənin də qarşısı alınmışdır. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əhaliyə xidmət sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin bir daha diqqətinə catdırılır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz rabitə və internet xidmətlərinin göstərilməsi cinayət məsuliyyəti yaradan hüquqazidd əməllərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə