Gəncə sakininin evindən civə və silah-sursat tapılıb - FOTO

Gəncə polisi 70 yaşlı şəhər sakininin evindən 9 kiloqrama yaxın civə, xeyli saydı silah-sursat aşkar edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Nizami rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər zamanı Vəli Xuluflu küçəsi bina 1, mənzil 1-də yaşayan Hüseyn Ələkbərovun evindən 2 ədəd əl qumbarası, 66 ədəd patron 1 süngü bıçağı və 9 kiloqrama yaxın civə tapılıb.

Adı çəkilən şəxs həbs olunaraq Polis İdarəsinə gətirilib. İfadəsində Hüseyn Ələkbərov civəni yaxınlıqdakı ərazidən tapdığını bildirib. Hətta o civədən televiziya antenalarının təmirində və digər bu kimi məqsədlərdə istifadə edib. Saxlanılan şəxs iddia edir ki, sözügedən maddənin heç bir təhlükəsi yoxdur. O ki qaldı tapılan silah sursata, təqsirləndirilən şəxs partlayıcı maddələrin şəhid olan oğlu tərəfindən uzun illər bundan öncə gətirildiyini deyib. Buna baxmayaraq polis silah-sursatın və partlayıcı maddələrin haradan əldə olunduğu versiyası üzərində istintaqın daha gücləndirilməsini vacib sayır.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə