Məhkəmədə zərərçəkənlər ifadə verib

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Aynur Bayramovanın vəkillərindən biri prosesə gec gəldiyi üçün məhkəmə qısamüddətli fasilə elan edib.

Vəkilin prosesə gec gəlməsi hakim Azad Məcidovu hiddətləndirib.

"Altı nəfər sizə görə rayondan durub gəlib ki, prosesdə iştirak etsin. Amma sizin vəkilləriniz hər dəfə prosesə gec gəlir", - o bildirib.

Hakim deyib ki, vəkillərin vaxtında prosesə gəlməsi üçün Vəkillər Kollegiyasının sədri Anar Bağırova da məktub yazılıb.

Vəkil prosesə qoşulduqdan sonra məhkəmə davam edib.

Zərərçəkən Ramin Dadaşov prosesdə ifadə verib. O bildirib ki, bir övladı talassemiya xəstəliyindən həyatını itirib:

"Daha sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiya xəstəliyi tapıldı. Aysel Məmmədovayla danışıb, vəziyyəti izah etdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsait lazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdim ki, Nuridəyə versin. O, 30 min dollar pulu Nuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdən Nuridəgili tanıyırdı. Daha sonra talassemiya qrupunda Nuridənin ölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda dedi ki, Nuridə həbs olunub. Mənə dəyən zərərdən 15 min manat qaytarılıb. Qalan 36 min manatı Nuridə və Ayseldən tələb edirəm".

Prosesdə ifadə verən zərərçəkmiş Kəmalə Nuriyeva deyib ki, Nuridə Seyidova və Aynur Bayramovanı tanıyır:

"Uşağım xəstə idi. Aynuru da Talassemiya Mərkəzində təsadüfən tanımışam. Aynura yaxınlaşanda elə bildim, sanki, mələkdir. Sonra Türkiyəyə analiz göndərilməsi üçün Aynura 300 dollar pul göndərdim. Bir ay keçməmiş Aynur donorun tapıldığını, əməliyyat üçün isə 98 min dollar pul lazım olduğunu bildirdi".

Zərərçəkənin sözlərinə görə, təqsirləndirilən Aynur Bayramova ona xeyriyyə işi ilə məşğul olan şirkətin olduğunu və pulun müəyyən qismini həmin şirkətin ödəyə biləcəyini deyib.

"O, mənə dedi ki, nə düzəldə bilirsənsə, düzəlt, gəl. Çətinliklə 32 min manat pul tapıb verdim. Aynur mənə demişdi ki, bizdə kompaniya var, əməliyyat pulunun 30 faizini xəstə tərəf, 70 faizini də şirkət verir. O pulu qapı-qapı gəzib yığmışdım. 32 min pulu dollara çevirib, onlara 20 min dollar verdim. Dedilər ki, narahat olma, üç aya əməliyyata göndərəcəklər. Həmin pulu Aynur və Nuridədən tələb edirəm", - Kəmalə Nuriyeva ifadəsində bildirib.

Prosesdə ifadə verən zərərçəkən Solmaz Eyvazova isə deyib ki, nəvəsi talassemiya xəstəsi olub, bu səbəbdən 2019-cu ildə Aysel Məmmədovanı tanıyıb.

"Donor axtarışı üçün Aysel Məmmədovaya 6800 manat pul ödəmişəm. Bir müddət sonra isə Aynur Bayramova ilə tanış olmuşam. "Çinar Plaza"da təqsirləndirilən hər üç şəxsə nəvəmin xəstəliyi barədə danışdım. Aysel Məmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15 min dolların kifayət edəcəyini bildirdi. Mən 25.500 manat Nuridə Seyidovaya verdim. Verdiyim pulun 15 min dollarını Nuridədən, 6 min 800 manatını isə Aysel Məmmədovadan tələb edirəm".

Prosesdə ifadə verən zərərçəkən Ceyran Musayevanın sözlərinə görə, Aynur Bayramovanı və Nuridə Seyidovanı tanıyır. O bildirib ki, nəvəsi talassemiya xəstəsidir:

"Hər dəfə talassemiya mərkəzində nəvəmə qan köçürürdük. Aynuru da orada tanımışam. Bir gün Aynur mənə zəng edib dedi ki, xeyriyyəçi var, uşaqlara kömək edir, əlinizdə nə varsa, götürün gəlin. Beləcə, 20 min manat pulu onlara verdim, daha sonra isə Aynura 300 dollar da donorun tapılması üçün verdim. Bir müddət sonra Aynur dedi ki, donor tapılıb. Donorun tapıldığını desə də, bir müddət yubatdılar".

Ceyran Musayeva deyib ki, pulu verəndən bir müddət sonra əməliyyat üçün Türkiyənin Samsun şəhərinə gediblər:

"Xəstəxanaya yerləşəndən sonra hər dəfə qızımı və kürəkənimi çağırıb pul tələb edirdilər. Aynurdan soruşanda deyirdi ki, xəstəxanada bizim adımızı verməyən. Bir müddət sonra uşağı xəstəxanadan da çıxartdılar. Buna görə uşağın vəziyyəti pisləşdi", - zərərçəkən deyib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə