“Böyük səs fərqilə qalib gələcəyəm” - Sadiq Qurbanov

Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa rəsmi namizədi Sadiq Qurbanovun müsahibəsi

- Sadiq müəllim, gəlin elə ondan başlayaq ki, niyə məhz 54 saylı dairə - Siyazən və Şabran rayonları?

- Əlbəttə, bu sualı mən gözləyirdim, həm də artıq eşidirəm ki, bəzi rəqiblərim də məhz bu faktor üzərindən mənə qarşı əks-təbliğat aparırlar ki, YAP-ın namizədi “yerli adam deyil”. Ona görə də sizin bu sualınız lap yerinə düşdü. Artıq təşviqat mərhələsi başlayıb, güman edirəm ki, mən bu sualla yenə qarşılaşa bilərəm, ona görə ən başdan “niyə məhz 54 saylı dairə” sualına aydınlıq gətirsək, əlavə söz-söhbətlərə də yer qalmaz.

Əvvəla, nəzərə alın ki, mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Yəni partiyamız belə məsləhət görüb və bu da təbiidir. Azərbaycan Milli Məclisi hakimiyyətin bir qoludur və seçkilər nəticəsində formalaşdırılır. Hər bir siyasi təşkilat istəyir ki, Milli Məclisdə daha çox yer götürsün. Bunun üçün isə, təbii ki, ən şanslı namizədlərin siyahısı formalaşdırılır və həmin namizədlər seçki dairələri üzrə paylaşdırılır. Bu siyahı tərtib olunarkən isə, kimin hansı rayonda anadan olması, harda oxuması, yaşaması kimi amillər yox, namizədin siyasi hazırlığı, təhsili, partiya və dövlət qarşısındakı xidmətləri, xalq arasındakı nüfuzu və digər şəxsi keyfiyyətləri əsas götürülür.

Şübhəsiz ki, mənim ən böyük üstünlüyüm ümummilli liderimizin qurucusu olduğu, hakimiyyətdə olduğu 27 ilə yaxın müddət ərzində Azərbaycan xalqına ləyaqətlə xidmət edən, ölkəni bu qısa zaman kəsiyində yenidən quran, inkişaf etdirən, ona sabitlik qazandıran, bütün dünyada tanıtdıran Yeni Azərbaycan Partiyasının rəsmi namizədi olmağımdır. Düşünürəm ki, Azərbaycan seçicisi, o cümlədən Şabran və Siyəzən rayonlarının sakinləri ötən seçkilərdə olduğu kimi, bu dəfə də ilk növbədə bu faktoru nəzərə aldıqdan sonra namizədlərin şəxsi keyfiyyətlərinə nəzər yetirəcəklər.

Vətənə, xalqa xidmətin yeri və vaxtı olmur. Məsələn, biz deyə bilərikmi ki, Bakıda doğulan zabit niyə Qubadakı hərbi hissədə xidmət edir? Yaxud, sual etmək nə qədər məntiqli olar ki, Lənkəranda doğulan polis zabiti niyə Yevlax rayonunda rəis olur, orda cinayətkarlığa qarşı mübarizə aparır?

Fikrimcə, çox uzatmağa ehtiyac yoxdur, deputatın “yerli adam” olmasını tələb etmək ciddi arqument sayıla bilməz. Namizədin harda doğulmasına yox, hansı partiyanı təmsil etməsinə, həmin partiyanın xalq qarşısında xidmətlərinə, gələcəklə bağlı planlarına və bu planları həyata keçirə bilmək potensialına, liderinin xalq və dünya miqyasındakı nüfuzuna, qısası, keçmişdə etdiklərinə və gələcəkdə edə biləcəklərinə, daha sonra isə namizədin şəxsi keyfiyyətlərinə baxmaq lazımdır.

Azərbaycan xalqı qədirbilən, müdrik xalqdır. O görür ki, Prezident İlham Əliyevin, onun ən yaxşın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardıqları siyasətin alternativi yoxdur. Bu siyasət Azərbaycana sabitlik və inkişaf gətirib, illər keçdikcə sabitlik daha da möhkəmlənir, inkişaf isə dönməz xarakter alır. Düşünürəm ki, xalqımız bu dəfə də müdrik davranacaq və 9 fevral parlament seçkilərində əksər dairələrdə partiyamızın namizədləri qalib gələcəklər. O cümlədən, 54 saylı Şabran-Siyəzən dairəsində. Mən bütün rəqiblərimə hörmətlə yanaşıram, amma şübhə etmirəm ki, 9 fevralda böyük səs fərqi ilə qalib gələcəyəm.

- Dediniz ki, ən böyük üstünlüyünüz YAP-ın namizədi olmağınızdır. Amma seçicilər, şübhəsiz ki, YAP-ın namizədinin kimliyinə də diqqət yetirəcəklər. Sizcə, bioqrafiyanızdakı hansı məqamlar seçicilərin qərarına müsbət təsir etməlidir?...

- Özüm haqda çox danışmağım yaxşı çıxmaz, amma qısaca olaraq onu deyə bilərəm ki, mən Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən - qurucu üzvlərindən biriyəm. 1999-2006-cı illərdə YAP-ın mərkəzi aparatında ideoloji şöbədə işləmişəm. 2000-ci ilin parlament seçkilərində, 28 yaşındaykən, ehtiyat üzv kimi YAP-ın proporsional siyahısına düşmüşəm. 2005-ci il seçkilərində Xətai rayon 34 saylı Seçki Dairəsindən partiyamızın rəsmi namizədi olmuşam. Yəni təsadüfi adam deyiləm, YAP-ın qurulduğu ilk günlərdən başlayaraq, sıralarında uzun bir mübarizə yolu keçmişəm.

Eyni zamanda uzun illərdir pedaqoji fəaliyyətlə məşğulam, 2006-cı ildən texniki elmləri namizədiyəm. Hal-hazırda İqtisad Universitetinin İqtisadiyyatın hüqiqi tənzimlənməsi kafedrasında dosent vəzifəsində çalışıram.

Yəni həyatımın bütün məqamları şəffafdır, tərcümeyi-halımda partiyamızın nüfuzuna xələl gətirə və özümün başımı aşağı edə biləcək bircə məqam belə yoxdur. Əksinə, indi qürurla xatırlayıram ki, Azərbaycanın ən çətin günlərində, hələ çox gənc olmağıma baxmayaraq, Azərbaycanın xilaskarının Heydər Əliyev olduğunu dərk edə və bu yolda müəyyən fəaliyyətlər göstərə bilmişəm. Universitetdə oxuduğum illərdə “Əliyevçi” olmağımın yaratdığı təhlükələr də məni yolumdan döndərə bilməyib. Bu fəaliyyətimə görə hətta bir günlük universitetdən xaric olunmuşdum, tələbə yoldaşlarım yaxşı xatırlayır.

Çox şükürlər olsun ki, bu uzun illər ərzində mən hər zaman öz əqidəmə sadiq qala, düz bildiyim yolda inamla irəliləyə bilmişəm. Partiyamızın rəhbərliyi də hər zaman bunu yüksək qiymətləndirib və mənə etimad göstərib.

- Sadiq müəllim, düzdür, Siz YAP-ın siyahısı üzrə namizədsiniz, amma seçki mojaritar sistem üzrə keçirilir. Yəni siz konkret dairənin, rayonun deputatı olmaq iddiasındasınız. Bu baxımdan hər halda maraqlıdır, Şabran və Siyəzən rayonunun seçicilərinə nə vəd edirsiniz? Bu rayonların hansı spesifik problemləri var və Siz onların həlli üçün nə etmək niyyətindəsiniz?

- Şözsüz ki, bizim deputat kimi fəaliyyətimizin ən əsas məqsədi ümumilikdə Azərbaycan xalqının firavan, xoşbəxt və təhlükəsizlik şəraitində yaşamasına nail olmaq, bu siyasətə xidmət edən qanunlar qəbul etmək olmalıdır. Yəni hər bir deputat, hansı dairəni, rayonu təmsil etməsindən asılı olmayaraq, ilk növbədə bütün Azərbaycan vətəndaşlarının maraq və mənafelərini qorumalı, onların daha yaxşı, firavan yaşayışına xidmət edən qanunvericilik bazasının yaradılmasına çalışmalıdır. Elə bir qanunvericilik sistemi olmalıdır ki, bütün xalqın, o cümlədən də 54 saylı dairənin seçicilərinin problemləri həll edilsin. Bu baxımdan, biz, hakim partiya olaraq Azərbaycan xalqı üçün hansı vədləri veririksə, onlar elə Şabran və Siyəzən rayonlarının sakinlərinə də aiddir. Bir deputat təkbaşına bir rayonun, dairənin hər hansı ciddi problemini həll etmək iqtidarında deyil. Ona görə də, seçicilərə “məni seçin, sizin problemlərinizi həll edim” tipli vədlər vermək bir qədər məsuliyyətsizlik kimi qəbul oluna bilər. Amma sözsüz ki, deputatın yerli səviyyəli hansısa problemləri hökumətin qarşısında qaldırmaq, hökumətin diqqətini o problemə yönəltmək və beləliklə hansısa səviyyədə həllinə nail olmaq imkanları var. Şübhəsiz ki, mən Şabran və Siyəzən rayonlarının həlli mümkün problemlərini davamlı olaraq hökumətimizin qarşısında qaldıracam. Qeyd edim ki, namizədliyim elan olunduqdan sonra dəfələrlə bu rayonlarda olmuşam. Yanvarın 17-dən etibarən isə seçicilərlə təşviqat görüşlərinə başlamışıq. Bu təmaslar mənə rayonların yerli səviyyəli problemini dərindən öyrənmək imkanı verir. Məsələn, hər iki rayonda qazlaşma ilə bağlı müəyyən problemlər var, bəzi yaşayış məntəqələrinə qaz verilməyib. Bu problemin tezliklə aradan qalxmasına çalışacağıq.


Bildiyiniz kimi, Şabran və Siyəzən rayonlarının yaxşı turizm potensialı var. Amma indiyədək bu potensialdan tam istifadə olunmayıb. Bu məsələni dərindən araşdırmaq və hökumətimiz qarşısında təkliflərlə çıxış etmək niyyətimiz var. Turizm potensialından maksimum istifadə eyni zamanda bir başqa problemin – işsizliyin aradan qaldırılmasına da ciddi təkan verə bilər.

Qısası, Şabran və Siyəzən rayonlarının yerli səviyyəli bütün problemləri diqqət mərkəzimizdə olacaq.

Hər iki rayonda əhalinin problemlərini operativ öyrənmək, onlarla birbaşa ünsiyyətdə olmaq üçün daimi nümayəndəliyimiz fəaliyyət göstərəcək. Şabranda, Siyəzəndə və Bakıda, ayda bir dəfədən az olmayaraq, görüş vaxtı təyin ediləcək. Seçicilərin mənimlə sosial şəbəkələr vasitəsilə də birbaşa əlaqə yaratmaq imkanı olacaq. Yəni indidən əminliklə deyirəm ki, seçicilərim üçün əlçatan bir deputat olacam, onlar çox asanlıqla mənimlə ünsiyyət qura və problemlərini çatdıra biləcəklər.

Namizədin tərcümeyi-halı

Qurbanov Sadiq Haqverdi oğlu 1972-ci il iyul ayının 12-də Naxçıvan MR Şərur rayonunun Ələkli kəndində anadan olub. Təhsili:

1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbini;

1989-1994-cü illərdə BDU-nun mexanika–riyaziyyat fakültəsini;

1997-2001-ci illərdə ikinci ixtisas üzrə BDU-nun hüquq fakültəsini;

2001-2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

2006-ci ildən texniki elmlər namizədidir.

2 kitabın - Əmək Məcəlləsinin Kommentariyası (2007) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Paktik Kommentariyası (2019) həmmüəllifi, 15-dən çox elmi məqalələrin müəllifidir.

Əmək fəaliyyəti:

1994-2000-ci illərdə BDU-nun «Nəzəri-mexanika və bütöv mühit mexanikası» kafedrasında mühəndis kimi, 2000-ci ildən hal-hazıradək ADİU-nun (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir.

2000-2006-ci illərdə YAP-ın Mərkəzi Aparatında İdeoloji şöbənin partiyalararası əlaqələr üzrə baş referent vəzifəsində, 2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin sektor müdiri vəzifəsində, 2010-cu idən hal-hazıradək Az.NQSI HI RK–nın sədr müavini (Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi) vəzifəsində işləyir.

Evlidir, 3 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə