150 ballıq təhsil, yoxsa yaxşı bir peşə?.. JURNALİST YANAŞMASI

150 ballıq təhsil, yoxsa yaxşı bir peşə?.. JURNALİST YANAŞMASI

10-15, bəlkə də 20 ilə yaxın zaman kəsiyində həyatımızda dəyişən çox məqamlar var. Onlardan ən başlıcası və təhlükəlisi isə ali təhsil almağın artıq ölkəmizdə dəb xarakteri almasıdır. Və dəhşətli haldır ki, illərdir, bu dəb özünü qoruyub saxlayır, gündəmdən düşmür ki, düşmür. Maraqlıdır, görəsən bu məsələni kim atdı ortaya, necə oldu ki, ali təhsil almaq bir dəbə çevrildi? Nə üçün hər kəs ali təhsil almalıdır? Valideynlər nə üçün dəridən-qabıqdan çıxıb övladlarının təhsil alması üçün əllərindən gələni edirlər? Burada maraq nədir? Onları buna vadar edən səbəblər nədən qaynaqlanır? Bu və ya bu kimi sualların cavabını bu yazıda açmağa çalışacaq, ali təhsilinmi, yoxsa bəzi hallarda yaxşı bir peşənin sahibi olmağın hansının üstün olduğundan söhbət açacağıq.

Qonşu qonşuya baxar...

Bəli, yuxarıda da vurğuladığım kimi, artıq 10-15 ildir ki, valideynlər övladlarını yalnız ali təhsilli görmək istəyirlər. “Qonşudan geri qalma” prinsipi artıq təhsil məsələsinə də sirayət edib. “Nə üçün filankəsin uşağı təhsil alsın, mənimki yox?”, “Nəyi səndən artıqdır, Allah iki göz ona, ikisini də sənə verib, əziyyət çək oxu”, “O filankəsin uşağı, bu da sən”, “Nəyin kimdən əskikdir, oxu da” kimi tənələrlə övladlarımıza qənim kəsilirik. Deyinə-deyinə onları oxumaqdan bezdirir, istəməyərək hazırlıqlara göndərməklə müxtəlif fənlərə qarşı nifrət yaradırıq. Uşaq gəlib deyir ki, ay ata, ay ana mən riyaziyyatı ( tək riyaziyyatdan söhbət getmir, ana dili, xarici dil, tarix, kimya, fizika, coğrafiya və sair fənlərdən hər hansı biri olsun) qavramıram. Biz nə edirik? Dərhal hazırlıq müəllimi tapır, uşağı onun yanına göndəririk ki, hökmən öyrənməlisən. Düzdür, bu, valideynlik borcumuzdur. Etməliyik və edirik də. Lakin müəllim də bu uşağın riyaziyyatı qavramadığını, hazırlığın nəticəsi olmayacağını deyə-deyə biz bunu davam etdiririksə, deməli, uşağımıza hörmət etmirik, eyni zamanda qazandığımız pulun da qədrini bilmirik.

Düşünürük ki, əşi, uşaqdı da, get-gedə qavrayacaq, öyrənəcək. Hələ bir-iki ay da getsin hazırlığa, görək də. Lakin aylar keçir, heç bir irəliləyiş olmur. Biz isə hələ də ümidlə gözləyirik ki, nə vaxtsa övladımız riyaziyyatı öyrənəcək, ali məktəblərə qəbul imtahanında uğur əldə edib ali məktəbə daxil olacaq, tələbə adını qazanacaq, biz də qohum və qonşuların yanında qürrələnəcəyik ki, uşağımız ali məktəbə daxil olub.

Necə ki, illərlə “qonşu qonşuya baxar, canını odlara yaxar” deyimi ilə çiyinlərimizi götürə biləcəyindən artıq yükün altına vermişik, indi də uşaqlarımızı davamçımız etməkdəyik. Qonşu ev tikdirib, demişik niyə geri qalım ki, dərhal kredit götürüb fəaliyyətə başlamışıq. Qonşu maşın alıb, yenə qaçmışıq banklara ki, kredit götürək birini də mən alım, niyə ondan nəyim kəsirdir ki?.. Qonşu yaxşı, bahalı bir paltar geyinib, başlamışıq mağazaları axtarmağa ki, görəsən onu haradan alıb, mən də tapıb alım, görsün ki, mənim də varımdı, heç də ondan kəsir deyiləm. Lakin bir məsələni həmişə unutmuşuq ki, axı qonşu ilə mənim gəlirim, əmək haqqım, qazancım eyni deyil. Mən nə üçün ayağımı yorğanıma görə uzatmamalıyam?..

Nə üçün məhz ali təhsil?..

Qohum, qonşu, iş yoldaşı nə deyər, suallarına cavab axtara-axtara övladlarımızı yönəldirik hazırlıqlara. Ondan uzaq olmağımızla, hansı fənnə marağı, hansı qabiliyyətə malik olmasını öyrənmədən, kəşf etmədən sadəcə bir qrup üzrə hazırlıqlara göndəririk ki, bu gün, sabah məktəbi bitirəcəksən, ali təhsil almalısan. Çox halda övladımızı yaradıcılıq məktəblərindən, kurs və məşğələlər idmandan uzaqlaşdırırıq ki, fikrini dərslərinə versin, vaxtı çatanda yetərli bal toplaya bilsin. Belə olanda isə övladlarımız əziyyət çəkir, qavramır, dərk etmir, sıxılır, lakin evdə yaranacaq söz-söhbətdən qorxub səsini çıxarmır. Biz isə uşağımızın potensialını görmək belə istəmirik. İstəmirik bilək ki, bu uşaq müəllim, mühəndis, psixoloq, həkim, jurnalist ola bilər, ya yox... Bu barədə əsla fikirləşib vaxtımızı sərf etmək istəmirik. Hansı ki, övladımız gözəl jurnalist ola bilər, biz onu həkim olmağa, əla müəllim ola bilər, biz onu mühəndis olmağa yönəldirik. Digər halda isə uşağımız gözəl dərzi, zərgər, dülgər, elektrik mühəndisi, xalçaçı, ailə təsərrüfatçısı, ayaqqabı ustası, bərbər və adlarını saymadığımız onlarla peşə sahibi ola bilər. Uşaqlarımızı ali təhsil almaqda səhv ixtisas seçməyə yönəltdiyimiz kimi, ümumiyyətlə, ali təhsil almağa potensialı olmayan övladlarımızı gözəl peşələrdən birini öyrənməyə də yönəltmirik, onları yalnız ali təhsilli görmək istəyirik.

Nəticə nə olur? Belə olur ki, baxmayaraq valideyn illərdir, hazırlıqlara pul tökür, uşaq bal toplaya bilmir. Valideyn isə düşür uşağın üstünə. Yuxarıda da qeyd etdiyim tənələrlə başlayır onu danlamağa, qonşu, qohum uşaqlarını misal çəkir, nümunə göstərir. “Sən niyə belə oldun”, “bütün ümidlərimizi məhv etdin”, “səndən heç nə çıxmaz, heyf səndən ötrü tökdüyümüz pullara” deyə-deyə uşağın əsəb-sinir sisteminə ağır zərbələr vurur. Bir də eşidirsən ki, filan abituriyent, filan gənc intihar etdi. Yaxud da cəmiyyət üçün faydasız bir fərdə çevrildi. Hansı ki, o, vaxtında yönəldilsəydi, ən yaxşı dərzi, bərbər, zərgər, istənilən bir sahədə sənətkar ola bilərdi. Onların qazancı isə heç də ali təhsillilərin qazancından az deyil. Əksinə, sənətinin sahibi olmağı bacaranlar indi çox təhsilli insandan yaxşı yaşayır.

Valideynin səhv yönəltdiyi uşaq yaxşı bir idmançı da ola bilər. Hansı ki, illərdir həmin uşağı, necə deyərlər, qapadıb evə ki, oxu. Axı bu uşaqda çempion olmaq potensialı var. Nə üçün qoymuruq uşaq bacardığı sənətin, peşənin ardınca getsin. Bu gün hökmən mühəndis etmək istədiyimiz uşaq gözəl rəssam ola bilərdi. Biz isə onu repetitorların yanına göndərmişik ki, ata-anası həkimdir, o da həkim olmalıdır. Lakin bu uşaq özünü həkimlikdə tapa bilmir, gücü çatmır lazımi bal toplamağa. O, yaxşı bir rəssam ola bilər. Lakin biz səhvlərimizlə onu nə həkim kimi görürük, nə də rəssam kimi.

Kamil bir palançı olsa da insan...

Allah sənə rəhmət eləsin, dahi Nizami Gəncəvi. Hələ əsrlər öncə deyirdin ki, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Budur, səsləndirdiyin dəyərli fikirlərin əsl məqamı gəlib yetişib. İndi valideynlər düşünürlər ki, dərzilik, bərbərlik, dülgərlik hara, mənim uşağım hara... Qoy gedib təhsil alıb sayılıb-seçilən insanlardan olsun. Özümüz oxumuşuq, ali təhsilliyik, övladımız da hökmən oxumalıdır. Və yaxud da ki, özümüz oxumamışıq, hökmən uşağımız oxusun ki, bir gün görsün. Vallah hər iki haldakı fikirlər çox dəyərlidir. Hər bir valideynin arzusudur ki, övladı yaxşı təhsil alsın, təhsilin bütün pillələrində iştirak etsin, cəmiyyət üçün layiqli vətəndaş olsun. Lakin gərək dünyaya gətirdiyin uşağın gücünü, potensialını da hesablaya biləsən axı. Əgər o, həkim, müəllim, mühəndis, iqtisadçı, mühasib olmaq gücündə deyilsə, bunu zorla necə etmək olar?

Həqiqətən bir sənəti, peşəni kamil bilmək insana həyatda ən böyük uğurları qazandırar. Məsələn, valideynlərin üstünə düşərək, sən hökmən yüksək bal toplayıb müəllim olmalısan təhdidləri ilə hazırlıqlara gedən, lakin nəticəsi az olan abituriyentin potensialı əvvəlcədən nəzərə alınaraq kamil bir peşə sahibi ola bilərdi. Biz səhv yanaşmamızla, seçimimizlə övladımızı hər iki tərəfdən çarəsiz qoyuruq. Birinci olaraq, o, öz yaşıdlarından geri qalır. İkinci olaraq bacara, uğur qazana biləcəyi təqdirdə kənarda qalır.

Beləliklə, bir sual çıxır meydana: hər kəsin təhsil alması vacibdirmi? Ailə təsərrüfatları tanıyıram, işlərini elə qurublar ki, il ərzində minlərlə manat qazanırlar. Bütün ailə seçdikləri bir təsərrüfat sahəsi ilə məşğul olur, ildən-ilə bu işi daha da mənimsəyir, nəticədə həyatlarını gözəl qura, büdcələrini artıra, süfrələrini bol nemətlərlə təmin edə bilirlər.

Elə dərzi tanıyıram ki, yaşadığı ərazidə müəllim, həkim, tibb bacısı, mühəndis, digər sahələrin sahibləri paltar tikdirmək üçün onun yanına gəlir. Həmin dərzi sənətinin o qədər gözəl sahibidir ki, yanına gələnlərin hamısından yaxşı qazanır, yaxşı da dolanır.

Bərbər tanıyıram ki, saçını formaya saldırmaq üçün həftələr öncədən növbəyə yazılmalısan. İşini o qədər gözəl mənimsəyib, insanların zövqünü o qədər gözəl oxşayır ki, insanlar həftə ilə gözləyirlər ki, boşluq yaransın, yalnız o bərbərin yanına getsinlər. Həmin bərbər məhz bərbər peşəsi ilə bütün şəraitini qura bilib. Evi, maşını, insanın gözəl, təminatlı yaşaması üçün nə lazımdırsa, onu özü üçün edib.

Onlarla belə peşə sahibindən söhbət açmaq, onları nümunə göstərmək olar ki, heç də ali təhsil alanlardan pis yaşamır, çox halda onlardan yaxşı yaşayırlar. Buradan belə bir qənaətə gəlmək olur ki, hansı sənətin, hansı peşənin sahibi olursan ol, sənətini, peşəni gözəl bil. Şair demişkən, yarımçıq papaqçılıqdansa, kamil bir palançı ol. Bu halda hər kəs səni harada olursan ol, axtarıb tapacaq. Gözəl peşə sahibi olmaq o deməkdir ki, sən insanlara hər zaman lazımsan, onlar səni ən uzaqlarda yaşasan belə, axtarıb tapacaq, ehtiyacı üçün sənə müraciət edəcəklər.

150 balla ali təhsilin faydası varmı?

Bu günlərdə sosial şəbəkələrdən birində belə bir məlumata rast gəldim: bu il II qrup üzrə 11141 nəfər 0-150 arası bal toplayıb. Vəziyyət o yerdədir ki, bu qrupda müsabiqə şərtini ödəyən hər kəs düzgün seçim etsə, tələbə adını qazanacaq.

Hələ tək II qrupdan misal gətirdik. O biri qruplarda da kifayət qədər bu cür bal toplayan abituriyentlər var. Yəni qrup balına görə ən aşağı nəticə. Bütün bunlar isə biz valideynlərin, eyni zamanda məktəb kollektivlərinin, ümumilikdə təhsilə cavabdeh olan şəxslərin işini düzgün qura bilməməsinin nəticəsidir. Maraqlıdır, görəsən 150 balla hansısa bir ixtisas üzrə təhsil alan tələbə sabah cəmiyyətdə özünə necə mövqe qazana biləcək? Harada işləyəcək, işlədiyi sahəyə töhfəsi nə olacaq?

Nə üçün bu qədər aşağı balla tələbə adına layiq görürük gəncləri? Vallah bu, onları aldatmaqdır. Nə üçün ali məktəblərə qəbil üçün ən aşağı bal bir sanballı rəqəm götürülmür? Ödənişli əsaslarla təhsil alıb, hansı quruma isə xeyir edən bu gənclər sabah Vətənimiz üçün xeyir verə biləcəkmi? Bizə isə lazım olan əsas budur ki, cəmiyyətimiz üçün savadlı, intellektli gənclər yetişsin.

150 balı zorla toplayıb təhsil dövründə də sürünə-sürümə kursdan-kursa keçən, birtəhər universiteti bitirən gənclərin sabahkı taleyi çox düşündürücüdür: onlar iş tapa biləcəkmi? Yaxşı bir yolla tapdılar, özlərini doğrulda biləcəklərmi?

Biz bilə-bilə, görə-görə cəmiyyətimizi hara aparırıq? Olmazmı ki, məktəblərdə valideyn-müəllim-şagird üçbucağını yarada bilmək sayəsində bu gülünc təhsilə son qoyulsun? Yəni onların hər üçünün iştirakı ilə məktəb illərində şagirdin tam potensialı üzə çıxarılsın, müxtəlif peşələrə yönəldilsin. Ya da ən yaxşısı bu ola bilər ki, qəbul üçün elə bir aşağı bal həddi tətbiq olunsun ki, valideynlər də, məzunlar da artıq hansısa bir peşə haqqında fikirləşsinlər. Valideynlər təhsil dəbindən əl götürüb övladlarının yaxşı gələcəyini düşünsünlər. Belə olarsa, cəmiyyət də qazanar, cəmiyyətimizin gələcəyi olan gənclər də. Həm ölkəmizdə yüksək balla təhsil alan gözəl mütəxəssislər olar, həm də yaxşı peşə, sənət sahibləri.

Bu gün müəllim, həkimlərimiz və digər qurumların əməkdaşları sertifikasiya imtahanlarından keçirilirlər. Hansı ki, onların əksəriyyəti vaxtilə 500-600, 600-700 arası bal intervalında universitetlərə qəbul olunub, hazırda çalışırlar. Əgər bu savada malik insanlar yenidən imtahan olunurlarsa, bu gün 150 balla təhsil alacaq gənclər sabah həmin sertifikasiya imtahanlarının öhdəsindən gələ biləcəklərmi? Bu sualın cavabını dinləmək də maraqlı olardı..

Kim olursan ol, sənətinin sahibi ol...

Çox gözəl deyimdir ki, kim olursan ol, sənətinin sahibi ol. İnsan sənətinin sahibi olmayanda cəmiyyətdə gülünc hədəfinə çevrilir. Həyatda rastlaşdığımız hadisələr bunu hər dəfə təsdiq edib. Məsələn, elə müəllimlər bizə dərs deyiblər ki, sinifdə sakitlik yarada bilməyiblər. Verdiyimiz sualları cavablandıra bilməyiblər. Elə həkimlə qarşılaşmışıq ki, xəstəliyimizin yaranma səbəblərini aydınlaşdıra bilməyib. Səhv müalicə ilə bizi daha çarəsiz vəziyyətə salıb. Elə tibb bacısı görmüşük ki, vurduğu iynənin xəsarətini aylarla çəkmişik.

Elə televizor, soyuducu, kondisioner ustaları görmüşük ki, evlərimizdən ayrılıb öz evinə çatanadək təmir etdiyi əşya yenidən xarab olub. Elə avtomobil təmirçisi ilə rastlaşmışıq ki, əl işini başqa təmirçiyə göstərəndə indiyədək həyatda qalmağımıza tərəddüdlə baxıb. Elə bərbərə rast gəlmişik ki, kəsdiyi saçı aylarla toplamışıq, qüsurunu heç kim görməsin deyə. Elə dərzi ilə qarşılaşmışıq ki, xərc çəkib tikdirdiyimiz paltarı bircə dəfə əynimizə almamışıq.

Elə zərgər görmüşük ki, ümumiyyətlə, zərgərlikdən, zərif işi necə görək lazım olduğundan əsla xəbəri yoxdur. Bunun kimi onlarla misal çəkib həm ali təhsilli, həm də müxtəlif peşə sahibi olub, lakin sənətini dərindən bilməməsi səbəbindən həmişə tənqidlərə məruz qalanlardan danışmaq olar.

Deməli, hər kəsin ali təhsil ardınca qaçması heç də bugünkü cəmiyyətimizə lazım deyil. 150 balla təhsil alıb sonra verilən sualların qarşısında məəttəl qalmaqdansa, tapşırılan işin öhdəsindən gəlməkdə çətinlik çəkməkdənsə, elə bir sənət, peşə seçib onunla məşğul olmaq lazımdır ki, necə deyərlər, sənətinin sahibi ola biləsən.

Ulu Yaradan insanların hər birini yaradarkən onlara öhdəsindən gələcəyi bacarıq da bəxş edib. Lakin bəzi müəllim, valideyn, aid şəxslərin səriştəsizliyi sayəsində o bacarıqlar üzə çıxa bilmir. İtib batır, əksər halda isə heç aşkarlanmır. Düşünürəm ki, kimdəsə olan bacarığı aşkar etmək heç də asan məsələ deyil. Buna illər və əmək lazımdır. Görünür adı çəkilən aid şəxslər buna görə ondan boyun qaçırırlar. Belə olan halda isə güc düşür şagirdin və təhsilin üzərinə. O şagirdin ki, bizim övladımızdır, cəmiyyətin sabahıdır. O təhsilin ki, övladımızın sabahıdır. Biz əksər hallarda bu sabahların açılmasına icazə vermirik. Hansı ki, o sabahlar bir-birindən günəşli, aydın, işıqlı açıla bilər...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə