Aİ-də Lənkəranda abituriyentlərlə görüş keçirib - FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitut heyətinin növbəti səfəri Lənkəran şəhərinə olub. Aİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov açıb. O, İnstitut heyətinin bölgələrdə maarifləndirici görüşlərinin yüksək əhəmiyyətindən danışıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. İnstitutun yeni binasında tələbələr üçün lazımi şərait yaradıldığını vurğulayan prorektor ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, mövcud ixtisaslar, həmçinin ali təhsil müəssisəsinin tədris prosesi haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. M.Mürsəlov tələbələrin pulsuz yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarının təşkili və digər üstünlüklərə sahib olacaqlarını bildirib.

İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil müəssisəsində yaradılan şəraitdən söhbət açıb, həmçinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edilib ki, İnstitut kollektivi gənclərin zəngindünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində səylə çalışır.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, müəssisənin fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə