Modul tipli məktəblər təhsilin inkişafına hansı töhfəni verəcək? - DEPUTAT DANIŞDI

“Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məlumdur ki, təhsildə uğur qazanmağın əsas şərtlərindən biri infrastrukturla bağlıdır. Müasir tələblərə cavab verən, maddi-texniki təchizatı yüksək olan məktəblərdə daha yaxşı nəticələr qazanılır. Respublikamızda son 19 ildə milli təhsil sistemində keyfiyyət göstəricilərinin yüksəldilməsini hədəfləyən islahatlar çərçivəsində üç mindən çox məktəb tikilərək istifadəyə verilib. Yeni inşa olunan məktəblər respublikanın bütün bölgələrini əhatə edir. Ölkə üzrə təhsil infrastrukturunun yenilənməsi həm dövlət əsaslı vəsait qoyuluşu, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu günlərdə imzaladığı Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında növbəti Sərəncam da təhsil infrasturukturunun yaxşılaşdırılmasına xidmət edir. Sərəncama əsasən növbəti mərhələdə modul tipli məktəblərin inşası respublikanın 11 rayonu üzrə həyata keçiriləcək. Bu məqsədlə dövlət büdcəsindən Təhsil Nazirliyinə 5 milyon manat vəsait ayrılıb. Sənədə əsasən, qeyd olunan bütün məktəblərin inşası 2022-ci ildə həyata keçiriləcək”.

Millət vəkilinin sözlərinə görə, respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində 2016-cı ildən yeni layihənin icrasına başlanıb. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir:
“Modul tipli məktəblərin quraşdırılması bir çox cəhətdən əlverişlidir. Belə ki, quraşdırılması istənilən relyef şəraitində mümkün olan belə məktəblərin inşası tez və ucuz başa gəlir. Artıq modul tipli məktəblərin hissələri respublikamızda istehsal olunur. 2017-ci ilin sentyabrında Prezident İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində istifadəyə verilən Neftçala Sənaye Məhəlləsində modul tipli məktəblərin quraşdırılması üçün müvafiq istehsalat yaradılıb. Həmin istehsalatda modul tipli məktəblərin hissələrinin hazırlanması sənaye üsulu ilə həyata keçirilir. Burada sifarişlərə uyğun olaraq ayrı-ayrı hissələrin ölçülərini dəyişmək mümkündür. Yerli istehsalatın yaradılması modul tipli məktəblərin tikinti xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Bütövlükdə, ölkə üzrə modul tipli məktəblərin inşası proqramının əhatə dairəsi ilbəil genişləndirilir. İndiyədək bu məqsədlə dövlət büdcəsindən böyük həcmlərdə maliyyə vəsaiti ayrılıb”,-deyə komitə üzvü vurğulayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə