Valideynlərin rus bölməsinə üstünlük verməsi hansı problemlərə səbəb olur? - EKSPERT DANIŞDI

Valideynlərin rus bölməsinə üstünlük verməsi hansı problemlərə səbəb olur? - EKSPERT DANIŞDI

“Təəssüf ki, son illərdə övladının rus bölməsi üzrə təhsil almasını istəyənlər çoxalıb. Burada bəzi səbəblər əsas götürülür”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov bildirib.

Onun sözlərinə görə, təəssüf edirəm ki, rus bölməsinə müraciət edən ailələrdə heç kim rus dilini bilmir, ailədə ümumiyyətlə bu dildə danışanlar yoxdur: “Eyni zamanda uşağın özünün rus dili biliyi olduqca azdır. Əlbəttə ki, onlar məktəblərə müraciət etdikdə müəyyən problemlərlə də üzləşirlər. Son illərdə Təhsil Nazirliyi əslində düzgün yanaşmanı ortaya qoyub. Rus dili bölməsinə qəbul zamanı müsahibə aparılır. Burada şagirdin rus dili bilikləri araşdırılır. Bundan sonra isə artıq qərar qəbul edilir ki, şagird rus bölməsinə qəbul olunur ya yox. Bir çox hallarda valideynlər belə bir sınağın keçirilməsindən xəbərdar olurlar. Buna görə də uşaqlarını bir neçə aylıq repititor yanına qoyurlar. Burada uşaq rus bölməsinə qəbul üçün hazırlanır. Daha sonra isə uşaq rus bölməsinə qəbul olur. Lakin ailədə rus dilini bilən heç kim olmadığı üçün bir müddət üzrə uşaqların ev tapşırıqlarını yerinə yetirməkdə müəyyən problemlər yaranır. Xüsusilə də ibtidai siniflərdə bu problemlər daha ciddi xarakter daşıyır. Uşaq çətinlik çəkdikdə, valideyninin köməyindən də avtomatik olaraq yararlana bilmir. Eyni zamanda biz istəsək də, istəməsək də uşağın ilk sığındığı onun ailəsdir. Uşaq öz ailəsindən kömək ala bilmir, o dəstəyi görmür. Əslində burada hardasa bir çat da yaranır. Buna görə də valideynlər bölmə ilə əlaqədar qərar verdikdə olduqca diqqətli olmalıdırlar.

Valideyn məktəbdə bölmə ilə bağlı qərar verir. Təbii ki, bu seçimdə sərbəstdirlər. Amma seçimi elə etməlidirlər ki, gələcəkdə uşağın inkişafında problemlər yaranmasın. Çünki düşünün, uşağın ailəsində heç kim rus dilini bilmirsə, bu zaman tək tapşırıqların həll edilməsində deyil, uşağın valideynlərinə güvəni ilə də bağlı ciddi problemlər ortaya çıxır. Uşaq bu zaman öz məktəb yoldaşlarından da geri qalır. Bu zaman isə utanır, çəkinir. Özünü bir müddət sonra isə hər kəsdən təcrid etməyə başlayır. Bu baxımdan dil məsələsinə prestij kimi baxmamalıyıq. Uşağın gələcəyini, onun inkişafını düşünmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə