Distant təhsilin yeni forması nələrə səbəb olacaq? - AÇIQLAMA

"Azərbaycanda distant təhsil məsələsi "Təhsil haqqında" qanunda öz əksini tapıb. Amma təəssüflər olsun ki, distant formalı təhsil ölkəmizdə tanınmırdı. Ölkəmizdə əyani və qiyabi şöbə var idi. Amma uzaqdan idarəetmə əsasında, yəni distant formalı təhsil isə mövcud olsa da həmin təhsil tanınmırdı. Daha doğrusu, diplomları tanınmırdı. Amma indi ali qanunvericilik orqanı tərəfindən müvafiq olaraq "Təhsil haqqında" qanunvericilikdə distant formalı təhsilin tanınması bağlı müvafiq müzakirələr aparılır. Yaxın gələcəkdə ola bilsin ki, artıq bu formalı təhsil də tanınacaq". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, insanlarımızın daha da təhsilə marağı artacaq: "Hansı ki, müəyyən şəxslər var idi ki, onlar təhsil almaq istəyirdilər. Amma sadəcə distant olmayan təhsildən faydalana bilmirlər. Yəni əyani və yaxud da qiyabi təhsildən faydalana bilmirdilər. Əsasən kimlər idi? Əhalinin işləyən təbəqəsi, eyni zamada ailəli şəxslər, xüsusilə evdar xanımlar".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Bəzən biz müşahidə edirik ki, IX-X sinifdə oxuyan qız uşaqları ailə həyatı quraraq təhsilini dayandırırdılar. Amma indi distant formalı təhsildən həmin şəxslər faydalana bilərlər. Yəni, müvafiq dövlət sənədini əldə edə bilsinlər. Ümumilikdə, əgər distant formalı təhsil tanınarsa, yəni bu sistem tətbiq olunarsa düşünərəm ki, təhsilimiz üçün fayda vermiş olacaq. Əlbəttə, distant təhsil özü ilə müsbət məqamlarla yanaşı, mənfi məqamlar da gətirə bilər. Yəni, bundan da xüsusi olaraq daha çox müəyyən şəxslər faydalana bilər. Hansı ki, həmin şəxslər distant formalı təhsil almışam deyib də müvafiq dövlət orqanlarında və yaxudda müvafiq strukturlarda çalışmaq imkanı qazana bilərlər. Ona görə də düşünürəm ki, artıq sərt nəzarət mexanizminin tətbiq olunması da vacibdir. Yəni, biz distant təhsili elə tətbiq etməliyik ki, həmin təhsili alan şəxslərdə peşəkar mütəxəsis olaraq formalaşa bilsinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə