Bakı Dövlət Universitetində Kitab Evi açılıb - YENİLƏNİB- FOTOLAR
Bakı Dövlət Universitetində Kitab Evi açılıb. SİA xəbər verir ki, açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev çıxış edərək qeyd edib ki, Kitab Evi tələbə və əməkdaşların üz tutduqları əsas məkanlardan biri olacaq.
Burada tələbələrin elmin müxtəlif sahələrinə aid kitablar əldə etmək imkanı olacağı barədə məlumat verilib: “Kitab Evində dərs kitabları ilə yanaşı, bədii, elmi, siyasi ədəbiyyat, böyük Zəfərimizlə bağlı kitablar, eləcə də dəftərxana ləvazimatları əldə etmək mümkündür. Tələbələr tədris prosesində lazım olan bütün dərslik və vəsaitləri burada sifariş verə bilərlər. Gələcəkdə həmin vəsaitlərə tələbələrin planşetlərdə istifadə edə bilməsi üçün onların elektron versiyaları da əlavə olunacaq. Kitabların məzmunu və keyfiyyəti ilə bağlı tələbələrin rəyləri nəzərə alınacaq”.
Elçin Babayev BDU-nun Elmi Kitabxanasının bu ilin sonuna qədər tam elektronlaşacağını vurğulayıb: “Gələcəkdə Kitab Evinin qarşısında günəş batareyaları və digər texnoloji qurğular da yerləşdiriləcək. Tədricən ən təkmil texnologiyaları BDU-ya gətirəcəyik”.
Rektor bildirib ki, Universitetdə son illər bir sıra mühüm islahatlar həyata keçirilir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-nun Elmi Kitabxanası, insan resurslarının idarə edilməsi və sənəd dövriyyəsi elektronlaşdırılır, texniki təchizatı gücləndirilir, yeni mərkəz və laboratoriyalar yaradılır.
E.Babayev BDU-nun müəllim və tələbə heyətinin fərdi inkişafının önəmli məsələlərdən olduğunu qeyd edib, yeni açılan Dil Mərkəzinin bu amala xidmət etdiyini bildirib: “Rəqəmsallaşan dünyada müxtəlif xarici dillərin öyrənilməsi günün tələbidir. İngilis dilinin öyrənilməsi həm tədris, həm də elmi tədqiqat prosesində zərurətə çevrilib. BDU artıq tədqiqat universiteti statusunu almağa hazırlaşır. Bu baxımdan tələbə və əməkdaşların xarici dil səviyyəsinin yüksək olması tədrisin və elmi tədqiqatların keyfiyyətinə, beynəlxalq əlaqələrin gücləndirilməsinə öz töhfəsini verəcək. Dil Mərkəzi dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaradılıb”.
Qeyd edək ki, “You will speak“ Dil Mərkəzinin yaradılmasında əsas məqsəd BDU-nun tələbə və əməkdaşlarının ingilis dili üzrə danışıq və bacarıqlarının inkişaf etdirilməsidir. Mərkəzdə ümumi ingilis dili, IELTS və doktorantura imtahanlarına hazırlıq üzrə təlimlər keçiriləcək. Həmçinin burada tələbə və əməkdaşlar asudə vaxtlarını ödənişsiz “Conversation Club”, seminar və müxtəlif intellektual oyunlarla faydalı keçirə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB