Tədrisin inkişafı üçün müasir tələblərə cavab verən işlər görülüb - BDU-NUN REKTORU DANIŞDI
“Bakı Dövlət Universitetində biz son illərdə tədrisin keyfiyyətinin artırılması, effektiv tədris imkanlarının yaradılması istiqamətində müasir tələblərə cavab verən işlər görmüşük. Məşhur “Blackbord” elektron təhsil sisteminin universitet dərslərində tətbiqi qısa zamanda, xüsusilə də pandemiya dövründə çox yaxşı nəticələr verdi”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BDU-nun rektoru Elçin Babayev bildirib.
Onun sözlərinə görə, “Blackbord” elektron təhsil sistemini həm tələbələrimiz, həm də müəllimlərimiz kifayət qədər dərindən mənimsəyib: “Digər tərəfdən tələbələrin asudə vaxtının təşkili, tədris prosesinə yardımçı olacaq müxtəlif təşkilatların universitetə gətirilməsi də qarşıda duran vəzifələrimizdəndir. Biz bu gün iki açılış mərasimində iştirak etdik. Bunların hər ikisi biri-birindən əhəmiyyətlidir. Birinci mən Kitab evi adını verdiyimiz məkanın açılışını xüsusi qeyd etmək istəyirəm. Bunun məhz Kitab evi adlandırılması isə təsadüfi deyil. Bu, tələbələrimizin kitabla, kitab dünyası, müasir dünya ilə ünsiyyət quracağı bir məkana çevriləcək. Burada tək kitab əldə etməklə işlərini bitirməyəcəklər. Eyni zamanda onlar üçün lazım olan dərs vəsaitləri, bir çox bədii, siyasi ədəbiyyat nümunələrini əldə edə bilərlər. Düşünürük ki, tələbələrin fikrinin öyrənilməsi, fikirlərinin toplanılıb, analiz edilməsi, öz fəaliyyətimizdə istifadə edilməsi bu işin kifayət qədər yüksək səviyyədə nəticə verəcəkdir. Digər tərəfdən bu məkanda tələbələrimiz universitetlə bağlı müxtəlif atributların əks olunduğu əşyaları da əldə edə biləcəklər.
Digər açılış etdiyimiz məkanı isə biz şərti olaraq dil mərkəzi adlandırırıq. Müasir qloballaşan dünyada xüsusilə də rəqəmsallaşan tələbi olan dövlət-özəl tərəfdaşlığı prinsiplərini tətbiq etməkdəyik. Məhz bu məqsədlə biz Azərbaycanda kifayət qədər ad qazanmış, nüfuzlu bir tədris mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzaladıq. Bakı Dövlət Universitetinin əsas binasının bir hissəsində dil mərkəzini açdıq. Müvafiq şərait yaradıldı, çünki tədris belə şəraitin yaradılmasını labüd edir. Həm atmosfer, həm də tədris prosesi üçün lazım olan texnologiyalardan istifadə olunması qısa müddət ərzində öz töhfəsini verəcək və biz bunun nəticələrini görəcəyik. Həm tələbələrimiz, həm də müəllimlərimiz bu imkanlardan istifadə edə bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB