Diplomlular kənarda qalıb, kurs bitirənlər müəllim işləyir - EKSPERT TƏNQİD ETDİ

“Diplomlular kənarda qalıb, kurs bitirənlər müəllim işləyir. Bəli, bu fikirlər dəyərli deputat dostumuz professor Anar İsgəndərovun açıqlamasından sonra gündəmə gəldi. Doğrusu, biz hər zaman qeyd edirik ki, bizim ali təhsil müəssisələrinin verdiyi bilik, savad, diplom təəssüf ki, əmək bazarı üçün keçərli olmur. Yəni, adam yüksək balla universitetə qəbul olur, fərqi yoxdur lap elə orta balla qəbul olur və gedib 4 il ali təhsil müəssisəsində təhsil almalıdır. Onun zamanı gedir, pulu gedir, ömrü gedir”. Bu sözləri SİA-ya açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.

O sözlərinə belə davam edib: “Bu adam universiteti bitirir. Yaxşı da nəticələrlə bitirir. Sonra gəlir o adam müəllimlərin işə qəbul imtahanlarından keçə bilmir. Demək, ali təhsil müəssisəsinin verdiyi biliklə əmək bazarının şərtlərini təmin edən MİQ imtahanlarının nəticələri üst-üstə düşmür. Təbii ki, mən düşünürəm müəllimlik elə bir peşədir, elə bir sənətdir, elə bir fəaliyyət növüdür ki, bura ən yaxşıları gəlməlidir. Bir çox yanlışlıqların biz bədəlini ödəyirik. Kənddə-kəsəkdə biri danasını, atını, eşşəyini satırdı gəlib bir saxta diplom alırdı. Yəni, uşağı pulla oxuyurdu və yaxud rayonlarda kolleclər var idi. Tutaq ki, Astara rayonunda bir pedaqoji kollec var idi. Bunların verdiyi diplomlar diplom deyildi, savad da savad deyildi. İndi həmin o adamlar məktəblərə doluşublar və onların verdiyi təhsil nədir?! Zamanında adını yaza bilməyən müəllimlər. Siz təsəvvür edirsiniz bu nədir?! Attestatında xarici dil fənnindən qiyməti yoxdur, adam orta məktəbdə xarici dil fənni keçməyib. Amma gəlib orta məktəbdə xarici dil fənnindən müəllim işləyir. Siz bilirsiniz bu cür hallar nə qədərdir?! Mən konkret olaraq nümunə kimi dedim Astara pedaqoji kollecini. Bu cür pedaqoji kolleclər xeyli bölgələrimizdə var idi onların verdiyi dırnaq içində diplomlu müəllimlər yenə də bugün orta məktəblərdə dərs deyirlər. Bir anlıq təsəvvür edin bir binanın fundamenti, bünövrəsi əgər zəifdirsə o binanı inşa etmək olarmı, olmaz”.

İlqar Orucov sözlərinə belə davam edib: “İbtidai təhsili verən müəllimə mən düşünürəm ki, qoyulan tələblər daha ciddi olmalıdır. Çünki baza təhsili verir. Amma görün bizim ibtidai sinif müəllimlərinin xeyli hissəsi bu kolleclərin yetirmələridir. Xeyli hissəsi vaxtilə pulla pedaqoji universitetdə təhsil almış müəllimlərdir. Mən Azərbaycan Pedaqoji Universitetində təhsil almışam. Biz oxuyan dövrdə bizim qrupda cəmi iki nəfər pul vermirdi, böyük əksəriyyət pul verirdi. Daha dəqiq desək 5 nəfər pul vermirdi, amma böyük əksəriyyət pul verirdi. İndi həmin adamların böyük əksəriyyəti bugün müəllimdirlər. Zamanında Gəncədə kənd təsərrüfatı institutunu pulla bitirmiş adamlar var ki, bunlar ixtisaslarını dəyişiblər, məktəblərdə biologiya müəllimi kimi işləyirlər. Ona görə Anar müəllimin dediyində böyük həqiqət var. Mən ona qoşuluram”.

“Mən Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü olarkən Quba rayonunda bir ucqar kənddə oldum (səhv etmirəmsə rayon mərkəzindən otuz kilometr olar). Biz orada dəhşətə gəldik. Kənd məktəbində fizika, kimya, biologiya müəllimi yoxdur. Deməli, məktəb yoxdur. Üç əsas fənn yoxdursa, deməli məktəb yoxdur. Bunu gizlətmək olmaz. Səbəb nədir? O kəndə tutaq ki, qəbulu imtahanının nəticəsi əsasında Bakıdan bir nəfər düşüb. Siz təsəvvür edin bu gedir bir ay işləyir, on gün işləyir və o artıq çıxıb ordan gedir. Məktəb boş qalır”.

“Təhsil Nazirliyinin son illərdə ən doğru olmayan işlərindən biri əslində bu müəllimlərin işə qəbulu zamanı regional yanaşmanı səhv götürmələri oldu. Mən çox alqışlayıram. MİQ imtahanı çox şəffaf keçirilir. Müəllimlərin işə qəbulu əslində bu cür də olmalıdır. Çox yaxşı nümunələr ortaya qoyulub. Bir nəfər deyə bilməz ki, “mən MİQ imtahanından hansısa neqativ yollarla keçib müəllim işlədim”.Təmizləmə əməliyyatı gedir. Çox saxta diplomlu müəllimlərin məktəblərdən uzaqlaşdırılması prosesi, müəllimlərin attestasiyası və o attestasiyanın nəticələrinə müvafiq olaraq sertifikasiyadan keçməyən müəllimlərin dərs bölgüsünü onlara az yeridilməsi. Gələcəkdə bunlar məktəbdən uzaqlaşdırılacaqlar”.

Birinci növbədə müəllimlərin yerləşməsini təmin etmək lazımdır. Biz bu məsələ ilə bağlı neçə dəfə danışmışıq, nə qədər demişik. Bu nəticə də gətirib buna çıxarır ki, o məktəblərdə boş yerlər qalır, uzaq bir məsafədə biri gedir ora düşür, 300 kilometr məsafədə işləyə bilmir, çıxır gəlir məktəb iflic olur. Təsəvvür edin bir məktəbdə fizika fənni tədris olunmursa o məktəb deyil. Üstəlik kimya da, biologiya da tədris olunmur. Yəni, bu kimi məsələlərə düşünürəm ki, çox ciddi yanaşılmalıdır. Adam gedib Amerikada orda-burda oxuya bilər. Bilirsiniz təhsildə millilik məsələsi çox vacibdir. Yəni, bu məsələlərdə Anar müəllimin düşüncəsi doğrudur. Anar müəllimi mən uzun illərdir tanıyıram. Azərbaycanda nümunəvi ziyalılarımızdan biridir. Çox təmiz, pak və saf bir insandır. O bunu dilə gətirirsə deməli burada həqiqət var. Bunu qəribçiliyə salmaq lazım deyil. Bu tənqiddən nəticə çıxarmaq lazımdır. Bunun üzərində düşünmək lazımdır. Mən açığı bilmirəm indi o diplomsuz müəllimlər deyəndə nəyi nəzərdə tutur. Çox güman ki, müəllim diplomu olmayan, gedib ixtisasını dəyişmiş müəllimlərdən söhbət gedir”.

“Məktəblərdə boş yerlər var. Müəllim çatışmamazlığı var. Bu məktəbin boş qalmağındansa keçid balını yığa bilməyən adamlara güzəşt edilsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə