"Sağlam şəxsiyyət üçün sevgi və anlayış önəmlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bir çox valideynlər, bəzən özlərinin həyata keçirə bilmədiyi arzuları övladları üzərindən reallaşdırmaq istəyirlər".Bu fikirləri psixoloq Aynur İsmayılova SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, onlar mükəmməllikçi və avtoritar yanaşmalarla övladlarının hər şeyinin daha düzgün, daha yerində olmasını arzulayırlar. Lakin unudurlar ki, uşaqların xarakteri valideynlərin xarakterindən fərqlidir, onların gücü və bacarıqları da eyni olmaya bilər: "Hər bir uşaq — zamanın, şəraitin və dünyagörüşünün tələblərinə uyğun olaraq özünəməxsus arzulara sahib müstəqil bir insandır.

Bu səbəbdən valideynlərin övladlarına qarşı göstərdiyi təzyiqlər bəzən uşaqların özgüvəninin zəifləməsinə səbəb olur. Çox vaxt ailədəki bu təzyiqlər nəticəsində yeni yetmələrdə narsist və ya asosial şəxsiyyət tipləri formalaşmağa başlayır. Təzyiq altında böyüyən uşaqlar özlərini cəmiyyətdə düzgün ifadə etməkdə çətinlik çəkir, mənəvi boşluq hissi ilə qarşılaşırlar. Onlar zamanla dərin travmalar yaşayır və bu da davranış pozğunluqlarına, bəzən isə özlərinə zərər verən hərəkətlərə yol açır.

Valideynlərə daim xatırlatmaq lazımdır ki, övladları onların bir parçası ola bilər, amma xaraktercə fərqli və müstəqil şəxsiyyətlərdir. Onların dövrü, həyat şəraiti və dünyagörüşü valideynlərin yaşadığı dövrdən fərqlidir. Bu fərqlilikləri qəbul etmək, uşaqların öz arzularına və seçdikləri yola hörmətlə yanaşmaq vacibdir.

Biz valideynlər olaraq övladlarımızı bir az daha sərbəst buraxmalı, onların istəklərini dəstəkləməli və onlara anlayışla yanaşmalıyıq. Təzyiq yerinə sevgi və dəstək göstərilən uşaqlar daha sağlam, özünə güvənən və cəmiyyətə faydalı fərdlər kimi yetişirlər. Uşaqların inkişafında ən vacib amil onlara yaradılan mühitdir; mühitdə hörmət, azadlıq və sevgi varsa, onların şəxsiyyətləri də güclü və balanslı formalaşacaqdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə