Avqustun 13-də Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə ikigünlük səfər edəcək. SİA xəbər verir ki, əvvəlcə “Cahan Şirkətlər Qrupu” MMC-nin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşlarının və şəhid övladlarıının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında yerləşən abidəsi ziyarət ediləcək.
Sonra Bakı şəhərində səfər iştirakçılarını şirkətin əməkdaşları və əməkdar artist Bəhram Bağırzadə qarşılayacaq. Onlara Qarabağın tarixi haqqında kitablar hədiyyə olunacaq.
Səfər zamanı “Xarıbülbül” otelində istirahəti təşkil olunacaq qəhraman şəhid övladları Şuşa, Xankəndi və Ağdama səyahət edəcək, tarixi, gəzməli və görməli yerlərlə tanış olacaqlar.
Səfər çərçivəsində uşaqların iştirakı ilə “Şuşanı təsvir edirəm” adlı rəsm sərgisi keçiriləcək.
Qeyd edək ki, “Şəhid övladlarının Şuşaya qürur səfəri”nin təşkilində əsas məqsəd, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin Vətənə əmanət qoyduğu övladlarına işğaldan azad edilmiş müqəddəs yurdları, vətənimizin dilbər guşələrinin ecazkar təbiətini, tarixi-mədəni irsini və xalqımızın qəhrəmanlıq salnaməsini yerindəcə göstərərək onlarda vətənə bağlılıq və qürur hisslərini daha da gücləndirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə