Türkiyə Ukrayna ilə bağlı sammitə ev sahibliyi edə bilər...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vladimir Zelenski ilə telefon danışığında ölkəsinin Ukrayna ilə bağlı sammitə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Ərdoğan Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda əldə olunan irəliləyişləri qeyd edib, bunun üç raundu İstanbulda keçirilib.

...Türkiyə liderlərin zirvə toplantısına ev sahibliyi etməyə hazırdır, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılması sammit görüşünə zəmin yaradacaq.

SİA-nın məlumatına görə, bunu Ərdoğan bildirib.

...Prezident Ərdoğan Ukrayna tərəfinin xahişi ilə Vladimir Zelenski ilə telefon danışığı aparıb. O, Ukrayna və Rusiya arasında İstanbulda birbaşa danışıqlar zamanı əldə olunan irəliləyişin böyük əhəmiyyət daşıdığını qeyd edib və davamlı sülh yolunda atəşkəs məsələsi üzrə danışıqların növbəti raundlarında mühüm nəticələrin əldə olunacağına ümid etdiyini bildirib, - məlumatda deyilir.

Türkiyə prezidenti həmçinin bəyan edib ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edir.

İyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib.

Tam tərkibdə keçirilən görüşdən əvvəl nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət ediblər.

Danışıqlar tam tərkibdə təxminən 40 dəqiqə davam edib, bu müddət ərzində tərəflər memorandumlar layihəsində nəzərdə tutulan mövqeləri müzakirə ediblər.

Görüşün yekununda tərəflər təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılığa gəliblər. Rusiya Ukraynaya siyasi, hərbi və humanitar məsələləri həll etmək üçün üç onlayn işçi qrupu yaratmağı təklif edib.

Bundan əlavə, Moskva Kiyevə Ukrayna Silahlı Qüvvələrinin daha 3000 hərbçisinin cəsədini təhvil verməyi, həmçinin yaralıların və ölənlərin cəsədlərinin toplanması üçün cəbhə xəttində qısa humanitar fasilələrə qayıtmağı təklif edib. Medinski bildirib ki, danışıqların dördüncü raundu ilə bağlı qərar yeni razılaşmalar həyata keçirildikdən sonra qəbul ediləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə