"İş seçimi insanın taleyini formalaşdırır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bizə həmişə böyüklərimiz deyərdilər ki, iş insanın cövhəridir. Bu ifadə ailəmizdə tez-tez istifadə olunardı. Kimsə azca tənbəllik edəndə, xüsusilə uşaqlar arasında, bacı və qardaşlarımızdan kimsə çalışmaq istəməyəndə bu sözləri eşidərdik. Uşaq yaşlarımızdan bu cür ifadələr bizə öyrədilmiş, bizə böyük nəsihətlər verilmişdi. Buna görə də hər zaman düşünmüşük ki, insan işləməlidir".Bu sözləri SİA-ya açıqlamasında "YENİ HƏYAT" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, iş yalnız maddi təminat üçün deyil, həm də insanın dünyagörüşünün formalaşmasında mühüm rol oynayır: "İnsan işlədikcə həyatını təmin edir, özünü dəyərli hiss edir və cəmiyyətlə əlaqəsini gücləndirir. Əgər bir insan işləməzsə, onun həyatda qalmaq imkanları məhdudlaşır. Maddi ehtiyaclar ödənilməzsə, insanın yaşaması çətinləşir. İşlə bağlı seçimlər də önəmlidir; bəzən insanlar öz istəklərinə və bacarıqlarına uyğun iş tapmaya bilirlər. Bu zaman onlar başqa işlərə yönəlirlər və ya işsiz qalırlar.

İş seçmək, peşə seçmək hər kəsin şəxsi haqqıdır. Lakin bəzən insanlar öz qabiliyyətlərinə uyğun olmayan sahələrə yönəlirlər, ya da düzgün ixtisas seçmirlər. Bu da gələcəkdə iş tapmaqda çətinliklərə səbəb olur. Ümumiyyətlə, işsizlik insan üçün həm sosial, həm psixoloji problem yaradır. İşsiz qalan insan passivləşir, özünə inamı azalır, yararsızlıq hissi yaranır. Bu isə onun dünyaya baxışını mənfi yöndə təsir edir. İnsanların işlə təmin olunması onların həyat enerjisinin və motivasiyasının artmasına səbəb olur".

Sosioloq qeyd edir ki, iş həm ailəni dolandırmaq, həm xərcləri qarşılamaq, həm də cəmiyyətdə hörmət qazanmaq üçün vacibdir. Əgər kimsə işləmək istəmir və ya iş tapa bilmir, bu zaman onun vəziyyəti çətin olur.

Əlbəttə, iş istəyib tapa bilməyənlər də var və onlara qarşı münasibət bəzən sərt ola bilər. Lakin mən arzu edirəm ki, hər kəs bacarığına, biliklərinə uyğun iş tapsın və işləsin. Bizim gənclərimiz həm ölkə daxilində, həm də xaricdə çalışır, öz ailələrinin maddi ehtiyaclarını təmin edirlər. İşləyən insan özünə inamlı olur, həyatdan zövq alır.

İşsiz qalanlar isə bəzən cəmiyyət tərəfindən düzgün qiymətləndirilməyə bilər. Bəzən onlar seçim qarşısında qalırlar və ya diqqətdən kənarda qalırlar. Bu səbəbdən işə cəlb olunmaq, özünə inamı bərpa etmək vacibdir.

Ümumiyyətlə, işləyən insanlarda özgüvən daha yüksək olur, həyat eşqi daha güclüdür. İnam insanı irəli aparır, motivasiya edir. İşə olan müsbət münasibət, onu dəstəkləyən fikirlər insanın enerjisini artırır və daha yaxşı nəticələr əldə etməsinə səbəb olur.

Biz uşaqlarımıza da bunu öyrətməliyik: iş insanın cövhəridir. Onlara deməliyik ki, həyatlarını elə qursunlar, getdikləri yolda bilik və bacarıqlarını düzgün istiqamətləndirsinlər ki, sabah iş tapmaq asan olsun və qazandıqları bilikləri işlədikləri sahədə uğurla tətbiq edə bilsinlər. Bu, onlara həm maddi, həm mənəvi olaraq başucalığı gətirəcək. İş insanın həyatında həm maddi təminat, həm də şəxsiyyətin formalaşması baxımından ən vacib amildir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə