Hər kəsin həyatında elə bir məqam olur ki, böyük bir maliyyə vəsaiti əldə etsə, ilk nə edəcəyini düşünür. Bəziləri xəyallarındakı evi almağı, bəziləri öz biznesini qurmağı, digərləri isə dünyanı gəzib görməyi arzulayır. Bir milyon dollar kimi böyük bir məbləğ isə bu arzuları gerçəkləşdirmək üçün kifayət qədər imkan yaradır. Maraqlıdır, insanlarımız bu cür sərvətə sahib olsalar, ilk olaraq hansı addımı atarlar? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu edib.
Şəhər sakini İsfahan Əhmədov: "Əlimə belə böyük məbləğ keçsə, ilk olaraq özüm və ailəm üçün lazım olan bütün ehtiyacları qarşılayaram. Bundan sonra isə düşünmədən başqalarına kömək edərdim. Xüsusən də kimsəsizlərə əl tutar, onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün lazım olan hər şeyi alardım. Düşünürəm ki, imkanlı insanın vəzifəsi təkcə öz rifahını təmin etmək deyil, eyni zamanda yardıma ehtiyacı olanlara dəstək olmaqdır."
Şəhər sakini Nizami Tağısoy: "Əgər bu qədər pulum olsaydı, ilk işim dünyada ən dəyərli kitabları toplamaq olardı. Onları Azərbaycana gətirər, ana dilimizə tərcümə etdirərdim. Bu kitabları gənclərə təqdim edərdim ki, oxusunlar, maariflənib dünyagörüşlərini genişləndirsinlər. Çünki bilirəm ki, bir xalqın inkişafı təhsildən və elmdən keçir."
Şəhər sakini Mələk Yusifova: "Bir milyon dollarım olsaydı, təbii ki, ilk növbədə hər kəs kimi mən də öz şəxsi ehtiyaclarımı qarşılayardım. Qalan vəsaiti isə ehtiyacı olan insanlara, xüsusən də uşaqlar evinə bağışlayardım. Onların qida, geyim kimi əsas tələbatlarını ödəmək üçün əlimdən gələni edərdim. Hazırda yay aylarıdır, yəqin ki, əlavə olaraq küçə heyvanlarına da su və yemək təmin edərdim. Əgər imkan olsa, dünya turuna çıxmaq da istərdim."
Şəhər sakini Sima Səmədova: "Əgər əlimə belə bir məbləğ düşsəydi, düşünmədən ehtiyacı olan insanlara yardım edərdim. Özüm üçün isə heç nə etməzdim, çünki artıq müəyyən yaşa çatmışam və bu pulu gələcəyi qarşıda olan gənclərə, kimsəsiz uşaqlara, eləcə də yeni ailə qurmuş, lakin maddi imkanı olmayan ailələrə sərf edərdim. Bundan başqa, qocalar evinə də dəstək verib onların rahatlığı üçün lazım olan hər şeyi təmin edərdim."
Şəhər sakini Sərxan Cəlalov: "Bir milyon dollarım olsa, ilk növbədə şəxsi borclarımı ödəyərdim. Daha sonra isə ölkədə iş yerləri yaratmaq üçün sərmayə qoyardım. Beləliklə, işsiz insanlara iş imkanı yaradıb onların öz əməkhaqqı ilə dolanmalarına şərait qurardım. Məncə, insanın ən böyük yardımı başqasına öz çörəyini qazanmaq üçün şərait yaratmaqdır."
Şəhər sakini Fuad Məmmədov: "Düzünü desəm, belə bir hadisənin baş verəcəyinə inanmıram. Amma təsadüfən belə bir məbləğ mənim əlimə keçsəydi, ilk olaraq öz yaşayış şəraitimi yaxşılaşdırardım. Sonra isə imkanı daxilində müxtəlif yardım layihələrinə qoşular, xüsusən də uşaq evləri və qocalar evlərinə kömək edərdim. Mənim üçün ən vacib məsələ yardıma ehtiyacı olanların gündəlik tələbatını təmin etməkdir."
Şəhər sakini Mirzəağa Məmmədli: "Bir milyon dollarım olsa, ilk olaraq ölkəm üçün faydalı işlər görərdim. Hazırda informasiya müharibəsi gedir və mən çalışardım ki, bacarıqlı ziyalılarımıza, jurnalistlərimizə, sənət adamlarımıza maddi dəstək verim. Onlar Azərbaycanı xaricdə tanıtsınlar, dünya ictimaiyyətinə ölkəmizin mədəniyyətini, tarixini, dəyərlərini göstərsinlər. Bu iş təkcə dövlətin deyil, həm də xalqın üzərinə düşür. Mən inanıram ki, yaradıcı gənclərə şərait yaradılsa, Azərbaycan dünyada daha çox tanınar."
Tələbə Nəsimi Tağızadə: "Bir milyon dollarım olsa, onun böyük hissəsini xeyriyyə cəmiyyətlərinə və təhsillə bağlı layihələrə sərf edərdim. Qalan hissəsini isə investisiyalara yönəldərdim ki, həm özüm, həm də ailəm üçün davamlı bir gəlir mənbəyi yaransın. Məncə, həm xeyriyyəçilik, həm də düzgün maliyyə idarəçiliyi gələcək üçün ən doğru yoldur."
Bütün xəbərlər Facebook səhifəmizdə