“Azərbaycan-Ermənistan razılaşmalarında uğur əldə olunub və icrası vacibdir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən əldə olunan son razılaşmalar ölkə üçün mühüm siyasi uğur hesab olunur. Mövcud mürəkkəb geosiyasi şəraitdə imzalanmış sənədlər Azərbaycanın milli maraqlarına və mövqeyinə tam uyğun xarakter daşıyır. Bu nəticələrin əldə olunmasında Prezidentin şəxsi rolu xüsusi vurğulanmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Akif Nağı sözlərinə belə davam edib: “Razılaşmaların icrası mərhələsində əsas məsələ tərəflərin imzaladıqları sənədlərə sadiq qalmasıdır. Tarixi təcrübə göstərir ki, Ermənistan tərəfi bir çox hallarda beynəlxalq öhdəliklərini yerinə yetirməmiş, imzalanmış sənədlərə hörmət etməmişdir. Son onilliklər ərzində baş verən hadisələr, xüsusilə də Azərbaycan ərazilərinə qarşı törədilmiş cinayətlər bunun təsdiqidir.

Hazırda Ermənistan Konstitusiyasındakı bəzi müddəalar sülh sazişinin yekun imzalanması üçün hüquqi maneə kimi qiymətləndirilir. Bu müddəalar, o cümlədən keçmişdə fəaliyyət göstərmiş ATƏT-in Minsk Qrupuna istinadlar, Azərbaycan tərəfindən aradan qaldırılması zəruri hesab olunur.

Ermənistan hökuməti, xüsusilə Baş nazirin son açıqlamalarına əsasən, Konstitusiyaya dəyişiklik edilmədən sülh müqaviləsinin imzalanmasını, daha sonra isə sənədin parlamentdə ratifikasiya edilməsini təklif edir. Bu yanaşma Azərbaycan tərəfi üçün qəbuledilməzdir, çünki Konstitusiyada mövcud olan bəzi müddəalar Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi şərh edilə bilər.

Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdir ki, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı hər hansı iddia mövcud deyil. Bununla belə, mövcud bəyanatların mahiyyətinin təhrif olunmasına və beynəlxalq ictimaiyyətin yanlış məlumatlandırılmasına cəhdlər müşahidə edilir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə