Dövlət başçısının Sərəncamı ilə yüksək elmi-pedaqoji kadrların yetişdirilməsində xidmətləri olan ADPU-nun 100 illik yubileyi qeyd olunacaq

Azərbaycanda milli mədəniyyətinin, elm və təhsilin inkişafında və müəllim kadrları yetişdirməklə, millətin mənəvi potensialının formalaşmasında önəmli rolu olan Azərbaycan Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bir əsrlik tarixi yol keçmişdi. 26 avqust 1921-ci ildə hökumətin qəbul etdiyi 66 saylı qərarla alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilən Azərbaycan Dövlət Pedaqoji Universiteti keçən bir əsrlik dövr ərzində daha da inkişaf edərək ölkəmizin ən görkəmli ali məktəblərindən birinə çevrilib. Bu təhsil müəssiəsinin ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdır. Bununla yanaşı, institut tədris və elmi-pedaqoji fəaliyyəti dövründə müxtəlif çətinliklərə məruz qalmışdır. İki dəfə - 1927-1929-cu illər və 1941-1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Lakin zamanın bütün çətinliklərindən şərəflə çıxmışdı.

Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Ölkədə yüksək ixtisaslı pedaqoji və elmi-pedaqoji kadr yetişdirilməsi sahəsində mühüm xidmətləri nəzərə alınaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcəkdir.

Qeyd edək ki, ADPU ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağıdır. Belə ki, 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmiş və ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən universitet respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir. 100 illik tarixində ölkəmizin ictimai, elm və mədəniyyətində rol oynamış kifayət qədər mütəxəssislər hazırlamışdır. 100 il əvvəl yaranmış institutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.

ADPU bu günə kimi saysız-hesabsız professorlar, dosentlər, elmlər namizədləri, akademiyanın müxbir üzvləri və s. elm xadimləri hazırlayıb. Hazırda ADPU-da filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə təhsil alır. Universitetdə 70-ə yaxın elmlər doktoru, 60-dan çox professor, 300-ə yaxın dosent, 350-dən çox fəlsəfə doktoru çalışır. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas, magistratura səviyyəsində isə 20 ixtisas üzrə pedaqoji kadr hazırlanır.

ADPU-nun 100 illik tarixinin bütöv bir mərhələsin qazanılan uğurlar bilavasitə Ümummilli Lider Heydər Əliyevin unudulmaz adı və çoxşaxəli fəaliyyəti ilə bağlıdır. ADPU-nun 50 illik yubileyi ilə bağlı təntənəli yığıncaqda ölkənin ali mükafatı olan "QırmızıƏmək Bayrağı Ordeni"ni Ulu Öndər Heydər Əliyev universitet kollektivinə təqdim etmişdir.

"Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır", deyə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bildirmişdir.

Bu ali təhsil ocağında Ulu Öndərin zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə "Heydər Əliyev məktəbinin lektoriyası" təşkil edilib və möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb. Heydər Əliyevin irsini dərindən öyrənmək məqsədilə universitetin professor-müəllim heyəti, magistr və doktorantları üçün xüsusi kurslar təşkil edilib.

Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına dəyərli töhfələr verən tanınmış alimlər yetişdirib. Mikayıl Müşfiq, Budaq Budaqov, İsmayıl Şıxlı, Həsən Mirzə, Yusif Məmmədəliyev, Zahid Xəlilov, İsa Həbibbəyli və onlarla belə ziyalılar universitetin məzunlarıdır.Universitet bu gün dünya ölkələrinin ali təhsil ocaqları ilə ilə əlaqələrini möhkəmləndirib. Belə ki, ADPU 30-dan artıq xarici universitet ilə əməkdaşlıq edir, tələbə mübadiləsi həyata keçirir. Türkiyənin 11 universitetində "Mövlanə" mübadilə proqramı çərçivəsində tələbələr üçün təhsil şəraiti yaradır. Partnyor universitetlərdən olan tələbə və müəllimlər qarşılıqlı olaraq bu proqramdan yararlana bilir. Ümumilikdə Türkiyə, Rusiya, Ukrayna), Rumıniya, ABŞ, Qazaxıstan, Litva, İndoneziya, İsveçrə və digər ölkələrin universitetləri ilə əməkdaşlıq edir.

Şərəfli inkişaf yolu keçən ADPU-nun son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər diqqətəlayiqdir. Universitet müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə