Moskva Dövlət Linqvistika Universiteti jurnalistlər üçün növbəti müsabiqə elan edib

Moskva Dövlət Linqvistika Universiteti jurnalistlər üçün növbəti müsabiqə elan edib
Moskva Dövlət Linqvistika Universitetində "Müasir jurnalistika. Ustalığın əsasları" 2 illik proqramına dinləyici qəbulu üçün müsabiqə elan edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqədə rus dilində sərbəst danışmağı və yazmağı bacaran humanitar profilli ali təhsilli və ya kütləvi informasiya vasitələrində iş təcrübəsi olan ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 7-dən 21-dək hər gün saat 10.00-dan 17.00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) TQDK-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün namizədlər lazımi sənədləri təqdim etməlidirlər. Bunlara ali təhsil haqqında sənədin əsli və surəti, şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti, KİV-də iş təcrübəsi olması haqqında arayış (olduğu halda), KİV-də dərc edilmiş materialları (olduğu halda), hərbi billet daxildir.

Müsabiqə sentyabrın 22-də keçiriləcək. Müsabiqə 2 mərhələdən ibarətdir. I mərhələdə namizədin rus dilində danışıq qabiliyyəti yoxlanılacaq. Bu mərhələni müvəffəqiyyətlə verən namizədlər II mərhələyə buraxılacaqlar. Bu mərhələdə namizədlər verilmiş mövzuda rus dilində esse (inşa) yazacaqlar. Müsabiqəni uğurla verən 5 nəfər Azərbaycan Respublikasının vətəndaşı Moskva Dövlət Linqvistika Universitetində dinləyici kimi iştirak etmək hüququ qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə