Ali məktəb müəllimlərinin I Forumu keçirilib YENİLƏNİB

Ali məktəb müəllimlərinin I Forumu keçirilib YENİLƏNİB

Bu gün "SABAHın müəllimi" adlı ali məktəb müəllimlərinin I Forumu keçirilib. SİA-nın xəbərinə görə, Forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparması və ali təhsilin müasir trendlərinin müzakirə olunmasıdır. Forum Təhsil Nazirliyinin SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və "Microsoft" şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Forumda təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektor və prorektorları, eləcə də İsrailin Təhsil Nazirliyinin, "Microsoft", "British Council", Alman Akademik Mübadilə Xidməti təşkilatlarının (DAAD) rəsmiləri iştirak edib.

Tədbirdə əvvəlcə SABAH müəllimlərinin fəaliyyəti haqqında film nümayiş olunub. SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tədbiri açaraq forumun işinə uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, müasir dünyanın yeni çağırışlarına və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib. Nazir müavini forumun "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ni rəhbər tutmaqla, müəllimləri qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verməyə təşviq etmək, müəllimlərə dəstək olmaq məqsədi ilə keçirildiyini nəzərə çatdırıb. SABAH qruplarında təhsilin inkişafı üçün görülən tədbirlərin əhəmiyyətindən, müəllimlərin davamlı elmi inkişafının aktuallığından danışan Ceyhun Bayramov bildirib ki, son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, "Microsoft" Korporasiyasının MDB ölkələri üzrə baş direktoru Ronald Binkofski, İsrailin Təhsil Nazirliyinin rəsmisi İris Zur çıxış ediblər. Forum işini "Təhsildə beynəlxalq trendlər və imkanlar" paneli üzrə davam etdirib. Panel sessiyada "Microsoft Azərbaycan" şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, "British Council" təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, "ADA" Universitetinin təhsil fakültəsinin dekanı Vəfa Kazdal, DAAD-nin təhsil üzrə müşaviri Hikmət Kamallı və "Thomson Reuters" agentliyinin Azərbaycanda elmi informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış ediblər. Daha sonra isə "Müasir trend və çağırışlar" adlı növbəti panel sessiya üzrə müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə