Yeniliyi sevən məktəb direktoru FOTOLAR

Xanım Əhmədova: “Cəmiyyətdə toxunulmaz bir ad var - müəllim, ustad, onun haqqında pis demək olmaz”
Yeniliyi sevən məktəb direktoru FOTOLAR

Axır vaxtlar düşmən dəyirmanına su tökən və kimlərinsə əli ilə məktəblərə qarşı bir səlib yürüşünə başlanılıb. Dərslərini bilməyən şagirdlərə qarşı müəllimlər bir qədər sərt davrandıqlarından, onları tənbeh etdiklərindən həmin müəllimlər amansızlıqla cəzalandırılır, internet səhifələrində, qəzetlərdə təhqir olunur və hətta məktəblərdən xaric olunurlar. Hətta elə olur ki, öz peşələrini bilməyən müəllimlərə qarşı da məktəb direktorları bir qədər sərt hərəkət edəndə və onları töhmət verəndə, yenə də bu müəllimlərin havadarları tapılır. Məktəb rəhbərlərini cəzalandırırlar ki, sən niyə həmin müəllimə töhmət verirsən və ya onunla sərt davranırsan?

Açığı bu gün təhsil sahəsində və hətta yuxarı dairələrdə gedən belə işləri görəndə bir ziyalı kimi bu mənim heysiyyatıma toxunur. Düşünürəm ki, bunlar bu hərəkəti fikirləşib edirlər və ya kimlərinsə təlimini, diktəsini yerinə yetirirlər? Onlar doğrudanmı Azərbaycan xalqının korazehin, nadan olmasını istəyirlər? Axı biz dünya xalqlarına yalnız özümüzün elmimiz, yüksək savadımızla nələrisə sübut edə bilərik. Düşmənlərimizə yalnız yüksək ağlımızla qələbə çala bilərik. Çünki bu gün elm, texnika əsridir. Bu sahələrdə yüksək olan millətlər də dünya millətlərinə rəhbərlik edirlər. Fikirləşirəm ki, axı vaxtı ilə müəllimlərimiz dərsimizi bilməyəndə və ya sinifdə nadinclik edəndə bizimlə sərt rəftarlar etməsəydilər, bizi cəzalandırmasaydılar, indi biz belə savadlı olmazdıq. Şəxsən mən məhz müəllimlərimin sayəsində gedib Moskvada beynəlxalq səviyyəli A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutundan rejissorluq fakültəsində təhsil almışam. Sovetlər Birliyi dövründə isə həmin yüksək nüfuzlu ali məktəbi Azərbaycandan cəmi 10 nəfər bitirib, onlardan biri də mənəm. 1986-cı ildən sonra isə Azərbaycandan daha heç kim həmin ali məktəbə qəbul ola bilməyib. Çünki həmin ali məktəbə nə pulla, nə də tanışlıqla qəbul olmaq mümkün deyil. Orada yalnız savad və yüksək istedad tələb olunur.

Gəlin bunu danmayaq ki, artıq 1988-ci ildən sonra Azərbaycanda başqa sahələrdə olduğu kimi təhsil sahəsində də çoxlu problemlər yaranıb və bu gün də həmin problemlər davam edir. Əgər şagird ali məktəbə qəbul olanda cəmi 100-200 bal toplamaqla pedaqoji təhsil sahələrinin tələbəsi ola bilirsə, o, necə müəllim işləyə bilər? O, hansı biliklə şagirdə dərs deyə bilər?..

Dahilərin isə belə bir deyimi var: "Bir milləti məhv etmək üçün onun müəllimini və həkimini korazehin, savadsız etmək kifayətdir". Gəlin bunu da danmayaq ki, bu gün artıq bizim müəllimlər və həkimlər arasında savadsız olanlar az deyil. Buna görə artıq həyacan təbili çalmağın vaxtıdır. Ona görə biz yazarların da borcudur ki, qabaqcıl məktəblərimizi, müəllimlərimizi təbliğ edək və onların uğurlu işlərini, maraqlı təcrübələrini çoxminli oxuculara çatdıraq. Qoy başqa məktəblər də onların iş təcrübələrini öyrənib, öz işlərində tətbiq etsinlər.

Azərbaycanda belə məktəblərdən biri də akademik Yusif Məmmədəliyev adına Sumqayıt şəhərindəki 31 nömrəli tam orta məktəbdir. Dünaya səviyyəli məşhur akademik yaradıcı, yenilikçi insan olduğuna görə bu məktəb də yenilikçidir. Mən, ilk öncə məktəbin sinif otaqlarını gəzdim. Hamısı yaraşıqlı, səliqəli idi. Və respublikada keçirilən təhsillə bağlı layihələr bu sinif otaqlarını bəzəyirdi. Artıq bu layihələrdəki maraqlı fikirlər və texniki vəsaitlər şagirdlərə böyük ruh yüksəkliyi verir ki, onlar təhsilə daha böyük maraq göstərsinlər. Hətta ibtidai sinif müəlliməsi Rəfiqə Həsənovanın sinfində olanda çox maraqlı bir dərs prosesinin şahidi oldum. Onlar valideynlərin köməkliyi ilə məktəb üzrə böyük həvəslə qarşılanan "Rəqəmlərin bayramı" adlı maraqlı bir müsabiqə keçirirlər. Məktəbin ibtidai siniflərində məşq üçün, uşaqların onurğa sütunlarının düz qalması ilə bağlı məşq trinajorları da var. Eləcə də gözlə bağlı siniflərdə maraqlı məşğələlər keçirilir. Uşaqlar bu məşğələlərdə iştirak etdiklərinə görə həm fiziki, həm də gözlə bağlı heç bir problemlə üzləşmirlər. Çox çevik olurlar. Dərs prosesində yorulmurlar. Həm də uşaqların elə maraqlı əl işləri var ki, artıq həmin işləri respublika müsabiqələrinə göndərməklə yüksək yerlərə layiq görülüblər. Sumqayıt şəhərində ibtidai siniflər üzrə müsabiqənin qalibi Faidə Məmmədovanın sinfində isə daha maraqlı işlərlə rastlaşdım. Məndə belə təəssürat yarandı ki, bu uşaqların hamısı yuxarı siniflərdə yüksək nəticələr əldə edəcəklər. Çünki tədrisin əsası ibtidai siniflərdə qoyulur. 31 nömrəli məktəbdə də buna daha çox fikir verilir. Bu məktəbin gördüyü uğurlu işlər, artıq respublika səviyyəsində qeyd olunur. Bu da ilk öncə məktəbə rəhbərlik edən, pedaqoji sahədə böyük təcrübəsi olan Xanım Əhmədovanın təşkilatçılığının, yüksək savadının, novatorluğunun, sözün əsl mənasında dəyərli ziyalı olmasının nəticəsindədir.

Məktəb haqqında yazmamışdan əvvəl, Xanım müəlliməni çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm.

Xanım Xanbaba qızı Əhmədova Bakı şəhərində anadan olub. 1965-ci ildən ailələri Sumqayıta köçdüyünə görə elə orta məktəbi də Sumqayıtda bitirib. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra da Sumqayıta qayıdıb və bu şəhərdə pedaqoji fəaliyyətə başlayıb. Sumqayıtın minlərlə sakini kimi Xanım müəllimənin də tale şəhəridir. Artıq 51 ildir ki, o, bu şəhərdə yaşayır və bu şəhərin ən kiçik uğurlarına sevinir və ən kiçik neqativ halları ilə də barışmır. O, müəllim olmaq istəmirdi. Universitetin tarix fakültəsini də məhz ona görə bitirmişdi ki, partiya sahəsində rəhbər vəzifələrdə işləsin. Amma alın yazısına müəllim olmaq yazıldığından təyinatını təhsil sahəsinə verdilər. Artıq qırx ildən çox pedaqoji təcrübəsi olan Xanım Əhmədova müəllim olmasından peşman deyil. O, belə deyir: "Müəllimlik elə gözəl bir peşədir ki, bu peşəni seçən insan hökmən müəllim doğulmalıdır. Bu Allah tərəfindən insana verilən bir fitri istedaddır. Diplom heç vaxt insanı müəllim etmir". Xanım Əhmədova adi müəllimlikdən işə başlayıb. Sonra 19 il Sumqayıt Təhsil Şöbəsində metodist işləyib. 2007-ci ildən isə bu məktəbə direktor təyin olunub.

- Xanım müəllimə, mənim yadımdadır ki, bu məktəb bir vaxtlar şəhərin orta səviyyəli məktəblərindən sayılırdı. Bəs necə oldu ki, siz məktəbə rəhbərlik edəndən sonra 31 nömrəli tam orta məktbə təkcə Sumqayıtda yox, respublikada tanındı?

- Bizim məktəbin ilk direktoru rəhmətlik Oktay Camalov olub. O da məktəbə yaxşı rəhbərlik edib. Çox gözəl bir kollektiv yetişdirmişdi. Sadəcə axır vaxtlar xəstə olduğundan işlər bir qədər ləngimişdi. Amma kollektiv peşəsinin vurğunu olduğundan yenə də öz işini görürdü. Lakin zaman, dövr dəyişir. İndi təhsil sahəsində çoxlu islahatlar gedir. Bu da zamanın tələbi olduğuna görə, biz bu islahatları gərək yüksək səviyyədə yerinə yetirək. Oktay müəllimin vaxtında başqa cür idi. İndi başqa cürdür. Bilirsiniz ki, təhsil cəmiyyətimizin güzgüsü olmaqla ən ağır və qarışıq bir sahəsidir. Cəmiyyətdə toxunulmaz bir ad var. Müəllim, ustad. Onun haqqında pis demək olmaz. Əlbəttə, demokratiya, humanizm lazımdır. Amma böyük-kiçik məsələsi də var. Baxmayaraq ki, həmin vaxtlar mən məktəbə rəhbərlik etdiyim 2007-ci ildə müəllimlər öz işlərinin öhdəsindən gəlirdilər, amma məktəbin özünün böyük təmirə ehtiyacı vardı. Çox sağ olsunlar Təhsil Nazirliyi və Sumqayıt Təhsil Şöbəsinin rəhbərləri mənim bu istəyimi yerinə yetirib, qısa vaxtda, cəmi 4 aya burada böyük təmir işləri gördülər. Bu da təkcə müəllimlərə, şagirdlərə yox, həm də valideynlərdə böyük həvəs yaratdı. Artıq məktəbdə hər sahədə böyük canlanma başladı. Mənim isə müəllim kimi ən çox maraq göstərdiyim sahə innovasiya sahəsidir. Ona görə də məktəbə rəhbərlik etdiyim ilk günlərdən Təhsil Nazirliyinin bütün innovasiyalarına qoşulduq. Təhsil sahəsində nə yenilik tətbiq olunurdusa biz də böyük həvəslə həmin işlərdə iştirak edirdik. O vaxt biz Təhsil Nazirliyinin elektron məktəbləri layihə sisteminə qoşulduq. Doğrusu həmin vaxtlar bu çox çətin idi. Amma məktəb kollektivi arasında bu iş böyük rezonans verdi. Elə kompüterlərin məktəbə gətirilməsi, quraşdırılması, elektron jurnalın, EKATE-nin məktəbdə tədrisi həmin vaxt böyük innovasiya idi. Həmin vaxt pedaqoji kollektivdə orta yaş həddi 57-dən çox idi. Bu yaşda insanlar da yeniliyi, yeni sistemləri, novatorluğu qəbul edə bilmirdilər. Amma məktəbdə apardığımız təbliğat nəticəsində qısa vaxtda onlar bu baryerləri keçdilər və özlərində böyük həvəs yarandı. Qısa vaxtda da özləri bütün bu novator işlərə, müsabiqələrə qoşuldular. Biz, təkcə İNEPO beynəlxalq müsabiqəsində 6 dəfə finala çıxmışıq. Bir dəfə şagirdlərimiz bu müsabiqələrdən qızıl və bir dəfə gümüş medallar alıblar. Sonra keçirilən bütün başqa müsabiqələrdə də şagirdlərimiz, müəllimlərimiz həmişə yaxşı mükafatlar alıblar. Bu da öyrənmə mühitinə çox müsbət təsir göstərir. Bax, elə buna görə də 2013-cü ildə respublikada keçrilən "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibi olmuşuq. 2015-ci ildə isə Təhsil Nazirliyinin keçirdiyi başqa müsabiqənin də qaliblərindən biri biz olmuşuq. Baxmayaraq ki, biz lisey, gimnaziya deyilik, minlərlə məktəblərdən biriyik. Amma buna baxmayaraq, dövlətimizin təhsil sahəsində qarşıya qoyduğu bütün islahatları biz də bacardığımız kimi həyata keçirməyə çalışırıq. Təhsil Nazirliyinin çox maraqlı bir layihəsi var, "Sağlam millət, sağlam təhsil layihəsi". Bu da elə innovasiyadır. Sumqayıtdan da bu layihədə iştirak etmək üçün yeganə olaraq, bizim məktəbi seçiblər. Bizə belə etimad göstərdiklərinə görə təşəkkürümüzü bildiririk. Artıq ikinci ildir ki, biz bu layihədəyik. Bu da sağlam gələcəyə doğru atılmış ilk addımdır. Bu iki ildə də biz bu sahədə böyük uğurlar əldə etmişik. Bu metod da şagirdin elmi qavramasına çox müsbət təsir göstərir. Həmin metodikaya uyğun olaraq otaqlarımız yaxşı təmir olunub və bütün avadanlıqlarla da təchiz olunub. Artıq valideynlər də rəqabətə giriblər ki, mənim şagirdim niyə həmin sinifdə oxumasın. Bu böyük sevindirici haldır. Deməli, onlar daha övladlarını ali məktəbə hazırlaşdırmaq üçün pul verib, müəllim yanına göndərməyəcəklər. Onların övladları məktəbdə ibtidai siniflərdə aldığı biliklə, yuxarı siniflərdə də yaxşı oxumaqla ali məktəblərə asanlıqla qəbul oluna biləcəklər. Keçən ilki respublika üzrə keçirilən "Sabahın alimləri" müsabiqəsində də məktəbimizin iki şagirdi: Fidan Məhərrəmova və Rəhilə Hüseynova gümüş medala layiq görülüblər. Respublika üzrə Sumqayıt məktəbləri arasında da yeganə bizim şagirdlərimiz gümüş medala layiq görülüblər. Başqa məktəblərin şagirdlərı bürünc medal aldılar.

- Keçən tədris ilində məktəbinizi bitirən şagirdlərdən neçəsi ali məktəblərə qəbul olunub?

- Keçən tədris ilində 83 nəfər şagirdimiz orta məktəbi bitirdi. Amma mənim aləmimdə ali məktəbə qəbul olunmaq, heç də birinci gösətrici deyil. Bu gün məktəbin qarşısında duran ali məqsəd odur ki, savadlı, yüksək dünyagörüşlü vətəndaş yetişdirsin. Biz də həmin istiqamətdə işlərimizi aparmalıyıq. Amma bununla birlikdə fikirləşirik ki, niyə şagirdlərimiz təhsilini ali məktəblərdə davam etdirməməlidir? Bizim məktəbi bitirən şagirdlərin də 82 nəfəri ali məktəblərə sənəd vermişdi. Onlardan da 42 nəfəri ali məktəblərə qəbul olundu. Çoxu da yüksək balla. 4 nəfər şagirdimiz isə 650 baldan çox topladılar. Onlardan ikisi Azərbaycan Diplomat Akademiyasına qəbul olub. Zərif Cahid qızı Mirələmli 686 balla və Gülnar Ceyhun qızı Mehdiyeva 685 balla artıq həmin ali məktəbin tələbəsidirlər. Aytəkin Quliyeva 675 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, Rəhimə Rəfail qızı Əhmədova isə 653 balla Qafqaz Universitetinə daxil olublar. İki şagirdimiz isə Prezident təqaüdünə layiq görülüblər. Sumqayıt şəhərindən cəmi 5 şagird Prezident təqaüdünə layiq görülüb, onlardan ikisi mənz bizim məktəbin şagirdləridir. Qalan şagirdlərimzin də çoxu orta ixtisas məktəblərinə qəbul olunub. Elələri də oldu ki, peşə liseyinə gedib qəbul olundular.

- 2015-16-cı tədris ilində hansı işləri görəcəksniz?

- Bu tədris ilində bizim üçün ən sevindirici hal oldu ki, şəhərimizə təhsilə böyük dəyər verən, müəllimlərin əməyini yüksək qiymətləndirən cənab Zakir Fərəcovu İcra Hakimiyyətinin başçısı təyin etdilər. Buna görə ölkə başçımız cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Artıq biz hər ay bir fənn üzrə məktəbdə inmahanlar keçiririk. Bu həm şagirdlər, həm də müəllimlər üçün böyük cavabdehlikdir. Ona görə də bütün müəllimlər özləri başda olmaqla çalışırlar ki, şagirdlərini də imtahanlara yaxşı hazırlasınlar. Həmin imtahanların qalibi olan şagirdləri də şəhər üzrə keçirilən imtahanlara göndəririk. Keçən il məktəbimizin beş müəllimi fənn aylıqlarının qalibi olublar. Onlar Svetlana Salehova, Aytən Şirinova, Nailə Cəfərova, Faidə Məmmədova, Mətanət Əhmədova və başqaları. Çalışırıq ki, bu il də həmin işlərimizi davam etdirək və bu il daha çox müəllimimiz həmin müsabiqənin qalibi olsunlar. Bu tədris ilində yenə də "Sabahın alimləri" müsabiqəsində iştirak edəcəyik. Artıq üç ildir ki, birinci sinifdən başlayaraq respublika üzrə şahmatın məktəblərdə tədrisi pilot layihəsindəyik. Yenə də həmin işimizi davam etdirəcəyik. Çünki şahmat, beynin məşqləri deməkdir. Şahmat insanın düşüncə tərzini, məntiqini, savadını artırır. Bizim şagirdlər də şahmat dərslərində böyük həvəslə iştirak edirlər. Bu tədris ilində istəyirik ki, Sumqayıt üzrə məktəbimizdə şahmat yarışları keçirək. İnanıram ki, bu yarış şəhərimizdə böyük maraqla qarşılanacaq. İdman dərslərində şagirdlərin daha çevik olması üçün bu ildən yeni bir layihəyə də qoşulmuşuq. Artıq bununla bağlı məktəbdə treninqlər də keçiririk. Bilirsiniz ki, hər bir layihə uşaq üçün bir qapı, bir pəncərə açır. Onda böyük maraq yaradır. Bizim əsas məqsədimiz milli əxlaqa və milli tərbiyəyə fikir verməkdir. Çünki milli əxlaqa və milli tərbiyəyə fikir verməyən xalq daha çox uduzur.

- Sizin məktəbin şagirdləri intellektual müsabiqədə də iştirak edirlər. Bu haqda nə deyə bilərsiniz?

- Şagirdlərimizin istər intellektual, istərsə də yaradıcılıq müsabiqələrinə böyük təkan veririk. Onları bu müsabiqələrə həvəsləndiririk. Onu da vurğulayım ki, keçən il keçirilən "Kim, nə vaxt və harada?" müsabiqəsində bizim məktəbin şagirdləri şəhər üzrə birinci yerə çıxdılar. Bununla bağlı kubok və medallar aldılar. Artıq respublika yarışlarında da iştirak edirlər. Biz belə yarışları məktəb daxilində də keçiririk. İnanın bu yarışlara məktəbdə böyük maraq var. Çünki belə yarışlar artıq şagirdlərin intellektini yüksəldir və bilik dairəsini çoxaldır. Bizim məktəbin şagirdləri həm də respublika üzrə keçirlən şagirdlər arasında 8-ci yüngül atletika üzrə spartakiadanın kubok və qızıl medallarını alıblar. Əvvəlki illərdə olduğu kimi əsas məqsədimiz 11-ci siniflərin dərslərinə və müsabiqələrdə iştirakına daha çox fikir verməkdir. Biz şagirdlərin imtahanlara hazırlıq prosesini asanlaşdırmaq və onların psixoloji baryeri aşması üçün məktəb daxilində vaxtaşırı sınaq imtahanları keçiririk. Nəticələri valideynlərlə müzakirə edirik. Bu da bizə şagird-valideyn inkişaf dinamikasını izləməyə imkan verir. Bu iş də məktəbdə həm müəllimlər və həm də şagirdlər arasında yaxşı mənada bir rəqabət yaradıb. Bu tədris ilində çalışacağıq ki, bir neçə şagirdimizi medallara təqdim edək. İnanıram ki, onlar da medallara layiq görüləcəklər.

- Siniflərin birində uşaqlarla sorğu keçirdim. İbtidai sinif şigirdlərinin əksəriyyəti böyüyəndə rolis olmaq istəklərini bildirdilər. Siz bir pedaqoq kimi deyə bilərsinizmi bu nə ilə bağlıdır?

- Çünki bu gün televizorlarda daha çox "boevik"lərlə, polislərlə bağlı kinofilmlər göstərilir. Uşaqlar da belə kinofilmlərə baxdıqlarından onlarda polis sahəsinə uşaq yaşlarında meyl daha çox olur. Biz artıq 5-6-cı siniflərdən başlayaraq, şagirdləri peşə seçməyə yönəldirik. Onlara bütün peşələrin gözəlliyindən, yaxşı cəhətlərindən danışırıq. Həm də valideynlərə deyirik ki, evdə də uşaqlarına bütün peşələrin gözəlliyindən danışsınlar. Hətta bütün peşələrlə bağlı kollaj şəkillər hazırlayıb, onların çarpayılarının üstündən assınlar. Çünki uşağın beyni ağ kağız kimidir. Ora nə yazsan o da qalacaq. Ona görə də cəmiyyətdə nə yaxşı şey varsa onu həm müəllimin, həm valideynin, həm də başqa insanların borcudur ki, uşağa ötürsünlər. Onda biz görəcəyik ki, nə yetişdiririksə ortaya yaxşı bir nəticə çıxır. Nə edəcəyiksə özümüzün gələcəyimiz üçün edəcəyik. Əgər bütün müəllimlərin və valideynlərin böyük qayğısı, zəhməti nəticəsində əkdikləri fıdanlar böyüyəcəksə, onda biz onların kölgəsində oturacağıq. Əgər böyüməyəcəksə, cılız qalacaqsa və ya yanacaqsa onda biz heç nəyə nail olmadığımızı sübut edəcəyik. Bunda da heç kimi yox, özümüzü günahkar bilməliyik. İnsan elədiyi pis əməldə ilk öncə özünü günahkar bilsə, onda cavabdehliyi daha çox olur.

Ağalar İDRİSOĞLU Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə