“İmtahan proseslərinin bir mərkəzdən idarə edilməsi daha effektiv qərardır” MÜNASİBƏT

“İmtahan proseslərinin bir mərkəzdən idarə edilməsi daha effektiv qərardır” MÜNASİBƏT

"Orta məktəb, ali məktəbə qəbul, dövlət qulluğuna qəbul imtahanlarının yeni yaradılan Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsi bütün proseslərə yenilik gətirəcək və çox doğru oldu ki, yeni qurum heç bir mərkəzi icra hakimiyyəti qurumundan asılı olmadı. Bu isə şəffaflıq, sərbəstlik kimi vacib məqamları şərtləndirir və bir daha onu göstərir ki, ölkə başçısı da bu məsələdə olduqca maraqlıdır". Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov ölkə başçısının müvafiq fərmanı ilə yaradılan Dövlət İmtahan Mərkəzinin təhsil sistemində hansı dəyişikliklərə səbəb olacağı məsələsinə münasibət bildirərkən deyib.

İlqar Orucov Dövlət İmtahan Mərkəzinin yaradılmasını iki cəhətdən müsbət addım kimi qiymətləndirdiyini deyib: "Bu, idarəetmənin təkmilləşdirilməsidir ki, əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və həm də Dövlət Qulluğu Məsələləri Komissiyası ləğv edildi. İdarəetmə yeni müstəvidə və kollegial idarəetmə şəklində həyata keçiriləcək. Eyni zamanda xeyli dövlət büdcəsi xərclərinə qənaət edilmiş olacaq. Yəni, bu idarəçiliyin təkmilləşdirilməsi istiqamətində islahatların tərkib hissəsidir".

Onun sözlərinə görə, məsələ tək bununla məhdudlaşmır: "Bildiyimiz kimi əvvəlki hər iki qurumun fəaliyyətində indiyədək hansısa neqativ halların şahidi olmamışdıq və hər iki ləğv edilən qurum kifayət qədər şəffaf və özünü doğrultmuş qurumlar idi. Amma məsələ ondan ibarətdir ki, ölkədəki bütün imtahan proseslərinin bir mərkəzdən idarə edilməsi daha effektiv qərardır. Yeni qurumun səlahiyyətlərinə ölkədə orta məktəblərdən tutmuş dövlət qulluğunadək insanların biliyinin qiymətləndirilməsinin bir mərkəzdən idarə edilməsi kimi vacib və geniş bir sahə daxil edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə