Konfransa yekun vuruldu

Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda keçirilən ikigünlük respublika elmi-praktiki konfransa yekun vurulub. ADU-dan SİA-ya verilən xəbərə görə, konfransın yekun iclasında çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfrans iştirakçılarına təşəkkür etdi və konfransın işindən razı qaldığını bildirib. O, konfransda iştirak etmək istəyən məruzəçilərin sayının ildən-ilə artdığını, çıxışlarını müasir texnologiyalardan istifadə edərək hazırladıqlarını qeyd etdi. Konfransda iştirak edən orta məktəb müəllimlərinin çıxışlarını da yüksək qiymətləndirən prorektor belə konfransların gələcəkdə daha da uğurlu olması üçün səmərəli fəaliyyət göstərilməli olduğunu vurğulayıb.

Bölmə rəhbərləri-professorlar Bilal İsmayılov, Dilarə İsmayılova, Azad Məmmədov, Gülnar Hüseynzadə, Məsməxanım Qazıyeva, dosentlər Ceyhun Alıyev, Fikrət İbiyev, Aytən Bayramova çıxış edərək konfransın uğurlu təşkilinə görə universitet rəhbərliyinə təşəkkür ediblər. Onlar məruzələrin maraqlı və bölmələrin mövzularına uyğun olduğunu söyləyiblər. Konfransın yekun iclasında çıxış edən digər çıxışçılar xarici dillərin tədrisinin inkişafı baxımından belə konfransların mütəmadi keçirilməsinin vacibliyindən danışıblar.

Sonda konfransın yekun sənədi qəbul olunub.

Qeyd edək ki, iki gün davam edən konfrans öz işini "Dilin dünya xəritəsində rolu", "Formal və qeyri-formal təhsildə xarici dillərin tədrisinin aktual problemləri", "İKT-nin xarici dillərin tədrisində rolu: üstünlüklər və çətinliklər","Xarici dillərin və ədəbiyyatın tədrisində innovativ metodlardan istifadə yolları" bölmələrində davam etdirib. Bölmələrdə ümumilikdə 140-a yaxın məruzə dinlənildi və müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə