Azərbaycan Beynəlxalq Təhsil Salonunda iştirak edir

Azərbaycan Beynəlxalq Təhsil Salonunda iştirak edir

Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-ci Moskva Beynəlxalq Təhsil Salonunda iştirak edir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 15-də nümayəndə heyəti Rusiya Federasiyasının Baş nazirinin müavini Olqa Qolodetsin iştirakı ilə baş tutmuş açılış mərasiminə qatılıb. Açılışdan sonra Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Venyamin Kaqanovun sədrliyi ilə "Yeni təhsil arxitekturası" mövzusunda ilk plenar sessiya keçirilib.

Nazir müavini Ceyhun Bayramov bu plenar sessiyada fəxri qonaq kimi iştirak etməyə dəvət olunub.

C.Bayramovu plenar sessiyanın iştirakçılarına təqdim edərkən V.Kaqanov Azərbaycana son səfəri zamanı ölkənin əldə etdiyi nailiyyətlərin, o cümlədən təhsil sahəsində islahatların onda xoş təəssüratlar doğurduğunu nəzərə çatdırıb.

C.Bayramov öz çıxışında Təhsil Salonunun təşkil olunmasında Rusiya tərəfinin fəaliyyətini yüksək qiymətləndirib. O, Təhsil Salonunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli forum olduğunu bildirib. Təhsil sahəsində bir çox çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını, təhsilin keçmişdəki çərçivəsindən kənara çıxdığını, elm, iqtisadiyyat və sosial sahə ilə öncəkindən daha çox bağlantısının olduğunu vurğulayan nazir müavini daha böyük səmərəlilik üçün yeni yanaşmaların müəyyən olunmasının vacibliyini diqqətə çatdırıb. C.Bayramov oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, Rusiyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

Təhsil Salonunun 1-ci günündə Azərbaycan nümayəndə heyəti salon çərçivəsində təhsil xidmətlərinin sərgisi ilə tanış olub, bir sıra təhsil müəssisələri və biznes qurumları ilə qarşılıqlı maraq doğuran mövzular üzrə müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə