Nərimanov rayonunda “Bilik günü”

Bütün ölkə ərazisində olduğu kimi Nərimanov rayonunda da "Bilik Günü" geniş qeyd edilib. SİA-nın verdiyi məlumata görə, tədbirlərdə iştirak edən müəllimlər və valideynlər ölkə rəhbərliyinin təhsilə, təhsil işçilərinə və şagirdlərə göstərdiyi qayğıdan çox razı qaldıqlarını ifadə ediblər. Həmçinin "Bilik günü" münasibətilə təşkil olunan tədbirlərdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər.

Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2014-cü il tarixdə yeni dərs ilinin başlanması və "Bilik günü" ilə əlaqədar rayon ərazisində yerləşən Kor və Zəifgörənlər üçün 5 nömrəli Respublika İnternat Məktəbində tədbir keçirilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, Təhsil Nazirliyinin nümayəndəsi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Namidar Hüseynquliyev tədbir iştirakçılarını salamlayaraq Heydər Əliyev Fonduna və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək məktəbdə təhsil alan şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. A.Fərzəliyev həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəyyən fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycanda təhsil sisteminin inkişafına, eyni zamanda şagirdlərə göstərdikləri qayğıya, onların yüksək səviyyəli təhsillə əhatə olunması, həmçinin xoşbəxt gələcəyi sərf etdiyi əməyə görə dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Nərimanov Rayon İcra Hakimiyyətinə, bu cür gözəl tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Sonda Heydər Əliyev Fondunun internat məktəbin şagirdlərinə hədiyyələri – 80 nəfər şagirdə məktəbli çantası, məktəb ləvazimatları, 40 nəfər aztəminatlı şagirdə məktəbli forması təqdim edilib.

Daha sonra Nərimanov Rayon Icra Hakimiyyətinin rəhbərliyi və Milli Məclisin deputatları 207 saylı orta məktəbdə "Bilik günü" ilə bağlı keçirilən tədbirdə olublar.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev "Bilik günü" münasibətilə məktəbin müəllim və şagirdlərini təbrik edib. A.Fərzəliyev yeni tədris ilində şagirdlərə dərslərində uğurlar arzulayıb.

Qeyd edək ki, 2013 - 2014-cü tədris ilində Nərimanov rayonun üzrə məktəbləri bitirənlərin sayı 3971 nəfər olub. 5 nəfər şagird məktəbi qızıl medalla bitirib. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı toplayan şagirdlərin sayı 65 nəfər, bunlardan 650 baldan yuxarı toplayan şagirdlərin sayı 16 nəfərdir. 2 nəfər isə Prezident təqaüdünə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...