Abel Məhərrəmov: "Qızlar inciməsin, amma elmin inkişafında oğlanlar da iştirak etməlidir"

Abel Məhərrəmov: "Qızlar inciməsin, amma elmin inkişafında oğlanlar da iştirak etməlidir"

"Statistikaya görə ötən il Azərbaycanın 223 aliminin elmi məqaləsi dünyanın indeksli jurnallarında dərc olunub. Lakin bu rəqəm çox aşağıdır". SİA-nın xəbərinə görə, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bu gün Azərbaycan Dillər Universitetində (ADU) keçirilən doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransında çıxış edərkən belə deyib.

Onun sözlərinə görə, ali təhsil ocaqlarının bilik səviyyəsinin əsas göstəricilərindən biri də bu universitetlərdə çalışan alimlərin, elm işçilərinin dünyanın indeksli jurnallarında məqalələrinin çıxmasıdır: "Bu, çox vacib amildir. Hazırda ölkəmizdə 51 universitet və AMEA-nın institutları fəaliyyət göstərir. Ötən il dünyanın indeksli jurnallarında Azərbaycanın elmi işçilərinin 400-ə yaxın məqaləsi dərc edilib. Bunun 223-ü ali təhsil ocaqlarının payına düşür. Bunlardan isə 160 məqalə Bakı Dövlət Universitetinin payına düşür. Lakin bu rəqəm bizim universitet üçün çox azdır. Ölkə prezidentinin qarşımızda qoyduğu məsələləri həll etmək üçün bu sayı 1000-ə çatdırmaq lazımdır. Dünya standartına görə, ali məktəbdə çalışan hər bir alim ildə dünyanın məşhur indeksli jurnallarından birində ən azı bir məqalə dərc etdirməlidir. Azərbaycanda bu rəqəm çox aşağıdır. Bunu aradan qaldırmaq üçün ölkəmizin tədqiqatçılarının və doktorantlarının 5 məqaləsindən biri mütləq indeksli jurnalda çap olunmalıdır".

Abel Məhərrəmov Azərbaycanın elm işçilərinin arasında oğlanların azlıq təşkil etdiyini vurğulayıb: "Deputat həmkarlarımla birgə Milli Məclisdə məsələ qaldırmalıyıq ki, oğlanlar magistraturadan və doktoranturadan əsgərliyə aparılmamalıdır. Qızlar inciməsin, amma bu gün bizə təqdim edilən məruzələrin 70%-i yenə də qızlar tərəfindən hazırlanıb. Buna etiraz etmirəm, lakin elmin inkişafında oğlanlar da iştirak etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə